“Bəzi qurumlar bu cür qəzalarda məsuliyyətdən yayınmağa çalışır”

bezi-qurumlar-bu-cur-qezalarda-mesuliyyetden-yayinmaga-calisir
Oxunma sayı: 1782

“Bu səhər baş vermiş faciəli qəza ilə bağlı maraqlı fikir və müzakirələrə şahid olmaqdayıq. Ən maraqlısı odur ki, artıq rəsmi qurumlar və media əsas diqqəti hadisədə iştirak edən yük avtomobili sürücüsünün 19 yaşda olmasına və qanunsuz (“Fərqlənmə nişanı” olmadan) fəaliyyət göstərməsinə yönəldirlər. Belə yanaşma birtərəflidir və düşünürəm ki, bəzi qurumların məsuliyyətdən yayınma cəhdidir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bu gün aeroport yolunda baş verən dəhşətli qəzanın səbəbləri ilə bağlı feysbuk hesabında yazıb.

O qeyd edib ki, hələ də cavablandırılmalı olan suallar var:

“Əvvəla, yol hərəkəti qaydalarından məlumatı olan hər kəs bilir ki, belə yük avtomobilini idarə etmə hüququ (“C” kateqoriyası) 18 yaşdan əldə oluna bilər, qanun buna yol verir. Amma cavablandırılmalı olan başqa suallar var: Niyə bu sürücü “Fərqlənmə nişanı” olmadan fəaliyyət göstərib? Belə yük avtomobillərinin nə qədəri “Fərqlənmə nişanı” alır? Ala bilməyənlərin nə problemi var və onlar niyə bu nişanı almadan rahat fəaliyyət göstərirlər? Belə avtomobil sürücülərinin reysqabağı tibbi yoxlanması keçirilirmi, keçirilmirsə, bunun səbəbi nədir?

Niyə avtobus hava limanı yolu kimi yüksək sürət olan yolda dayanacağa yan ala bilmir? Həmin dayanacağı taksilər az qala sutkaboyu necə zəbt edə bilirlər? Axı filan küçədə 1-2 dəqiqə dayanan sürücü dərhal cərimələnir.

Niyə belə avtomobillər hər yerdə necə gəldi hərəkət edə bilirlər? Axı onlarla bağlı problem təkcə arxalarındakı liftin texpasporta yazılmaması deyil. Belə qeydin tələb olunması özü ayrıca bir absurddur”.

Ekspert əlavə edib ki, hər kəs təhlükəsizliyi təmin etməyə yönələn işlə məşğul olmalıdır və həm də heç kəs öz məsuliyyətini başqasının üstünə atmamalıdır.

Xatırladaq ki, bu gün səhər saatlarında Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobilinin 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılması nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb. İlkin məlumata görə, qəzaya yük avtomobilinin sürücüsünün yuxulu olması səbəb olub. Həmin sürücü - 19 yaşlı Əzizov Mahmud Babagözəl oğlu tutulub. Faktla bağlı araşdırma aparılır.