Fazil Mustafanın dünyəvi “Fətva”sı

fazil-mustafanin-dunyevi-fetvasi
Oxunma sayı: 932


***
Yarımçıq qalmış terror əməliyyatının, F.Mustafanın öz ifadəsilə “qətlin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə iştirakçılığı ilə yerinə yetirilmiş” olmasını onun iddia etməsi düşündürücüdür. Məncə, onda hansısa belə məlumatlar varsa, bunu dərhal “Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi”nə ötürməlidir. Yox, əgər o, guya bütün variantları nəzərə alaraq, obyektiv görünmək istədiyi üçün, ya da bəlkə Səhiyyə Nazirliyində yüksək ranqlı kim(lər)əsə hansısa şəxsi acığından belə yazıbsa, onda heç.
***
F. Mustafa öz tənqidçilərini və antipodlarını Rafiq Tağı müraciətinə görə yazısında hədəfə alıb. Görünür, onun bəyanatın müəllif və təşkliatçılarını düzgün təxmin etmək kimi bir məqsədi heç olmayıb, ya da düşünüb ki, şəxsi tənqidçiləri belə bir bəyanata ən azından qol qoymaqla zərbə almaq üçün açıq yer buraxıblar və bundan fürsət kimi istifadə etmək olar. Ancaq onun öz siyasi opponentlərilə mübarizəsi məni az maraqlandırır.
Bu bəyanatın Azərbaycanda təkcə təşkilatçısı mən olmuşam! Və işimi davam etdirəcəyəm! Niyə F. Mustafaya elə gəlib ki, imza qoyanlar ya üzgörənlik edib, ya mətni oxumayıb, ya da yas emosiyasına qapılaraq “hə” deyiblər? Müraciətdə adının göstərilməsini istəyənlərin əksəriyyətinin mənim e-poçtumda yazılı razılıqları var. Yəni söhbət online imzadan gedir, kağıza qələmlə qol çəkməkdən yox. Görəsən, F.Mustafaya nə üçün elə gəlir ki, insanlar bu müraciətdəki kimi düşünə bilməzlər? Onlarla başqa imzalar vardı ki, son anda bəzi səbəblərdən o adları müraciətdən çıxartdım. Müraciət ingilis dilinə tərcümə edilərək, artıq göstərilən ünvanlara göndərilmişdir. İmzalanma prosesi davam edir, sonrakı günlərdə onları da siyahıya əlavə edəcəyik. Məlumat üçün deyim ki, onlarla şəxs də, mənim üçün çox normal olaraq, müraciət mətnini imzalamaqdan imtina etdi.
***
1. Babək haqqında biz başqa yazılarımızda ayrıca mövzu açacağıq. 2016-cı ildə Babək Xürrəmdinin Bəzz Qalasına çıxışının 1200 ili tamam olacaq. Biz bunu dünya səviyyəsində qeyd edə bilərik. Mani peyğəmbər bizim torpaqlarımızın da daxil olduğu Sasanilərin quruluşunun ilk dövrləri üçün xarakterikdirsə, Məzdək sonu üçün xarakterikdir. Babək isə bu, Zaratuştra-Mani-Məzdək xəttinin sonuncusudur. Eynilə Məhəmmədin semit-ərəb peyğəmbərləri silsiləsinin davamı və sonuncusu olması kimi.
Məhəmməd nə qədər Azərbaycan türküdürsə, Babək də elə o qədər Azərbaycan türkü ola bilər. Və Məhəmməd ərəb olaraq kimlər üçünsə necə əzizdirsə, bizim üçün də Babək, lap elə qeyri-türk olaraq, o dərəcədə əzizdir. Guya Azərbaycan tarixində bütün hər şey apaydın izah olundu da, bircə qaldı Babəkin türk olub-olmaması məsələsi. Digər tərəfdən, F.Mustafanın özünün həm ümmətçiliyi təmsil edib, həm də Babək sevgisini Azərbaycan türkçülüyü ritorikası ilə tənqid etməsini, bilmirəm qeyri-səmimiliyə yozum, ya islamı yaxşı anlamamağa, ya da nəyə. Əgər türkçü kimi islama qarşı yanaşacağıqsa, Məhəmmədin biz türklər haqqında alçaldıcı səhih hədisini sizə xatırlada bilərəm.
F.Mustafa Babək Xürrəmdinə sapıq deməyi Türkiyədə deməyə başlayıb, hələ də davam etdirir. “Sapıq” Türkiyə tükcəsindən alınmış sözdür, “perversion”un tərcüməsidir. “Perversion” həm dini, həm də əxlaqi yayınmadır (bu dini-əxlaqi qoşalığın səbəbi də ayrı fəlsəfi söhbətin mövzusudur). “Sapıq” ümumi anlamda vahid normativ yoldan yayınan deməkdir. Ancaq normativ yol sadəcə vahid seksual sağlamlıq kimi başa düşüləndə bu sapıq sözü psixoloji-tibbi terminologiyada təxminən manyak kimi bir anlam ifadə edir. Ancaq F.Mustafanın Babəkə sapıq deyərkən hansı anlamı nəzərdə tutduğu bəlli deyil: dini baxımdan yoldan çıxan, yoxsa cinsi əxlaq baxımından?
Əgər o, Babəki cinsi baxımdan sapıq sayırsa, onda o, öz peyğəmbərinin tarixi mənbələrdə əks olunub bu günədək gəlib çıxmış seksual həyatı haqqında da düşünsə, daha ədalətli olar. Babək dağ qəhrəmanı idi, qalada mühasirədə yaşayırdı; o, əxlaq modeli gətirmirdi, heç kim də onu bu cür təqdim etmir. Siz isə öz peyğəmbərinizi dünyaya əxlaqi model kimi təqdim edirsiniz. Babəklə peyğəmbərinizi əxlaqi tələblərlə tutuşdursaq, siz uduzarsınız, bəy. Nə demək istədiyimi, başa düşən düşdü...
Bütün dinlər, kotan kimi, ox-yay kimi, qılınc kimi, rəssamlıq kimi, musiqi kimi, yazı kimi, nano texnologiyası kimi, bionika elmi kimi, bütün fəlsəfələr kimi və s. insan tapıntısı, insan yaradıcılığıdırlar. Və aid olduqları dövrün, xalqın, sosiumun, dilin, üslubun bir sözlə, kültürün damğasını daşıyırlar. Təbii ki, islam da. Necə ki, Krşnaizm Hind kulturasının, iudaizm yəhudi və s. kulturaların məhsulları olduğu kimi. Dindarlar isə elə bilir ki, VII yüzillikdə Allah adlı bir vücud Məhəmmədi Hera dağına çağırıb, Quranı verib onun qoltuğuna, salıb yola. Axı ayıbdı, tarix var, elmi yanaşma var, qalaq-qalaq kitablar var, komparativistik teologiya var. Gördüyünüz kimi, dini yanaşma və dini baxış qaçılmaz olaraq elmin inkarı ilə nəticələnir.
İslam – tarixi baxımdan arabizmdir! Elmdə qəbul edilən də budur. Başqa nə ola bilərdi ki?! Bunu öz adımdan desəm, inanmayacaqsınız, dünyada qəbul edilmiş alimlərdən İsveç islamşünası F.Meier də yazır ki, islamdan qabaqkı bir çox ərəb adət-ənənələri islam dininə daxil edilərək yaşadıldı. Mən buna onlarla misal verə bilərəm. Teoloji ideya xəttinin davamı baxımından isə islam iudaizmin davamıdır. Yeganə fərq Məhəmmədin ərəb olmasıdır. Nə xristian, nə də müsəlman olan Hind mistiki Oşo isə islamı yəhudiliyin hətta bir qolu sayır.
İnsanlığın tarixi göstərir ki, fövqəltarixi və fövqəlbəşəri olan heç bir yol yoxdur. Bütün tarix sapmalar, ənənəvi yoldan çıxmalar, normadan yayınmalar tarixi; bütün dahilər, qəhrəmanlar, asilər və peyğəmbərlər də bu anlamda sapıqdırlar. Əgər Babək islam yolundan çıxdığı üçün sapıqdırsa, Məhəmməd də ərəb bütpərəstliyinin yolundan çıxdığı üçün sapıqdır, Buddha da hinduizmin yolundan çıxdığı üçün sapıqdır, İsa da həmçinin, Rafiq Tağı da o cümlədən.
“Ümummilli”lilik diskursu ilə çıxış edən mövcud siyasi hakimiyyətimiz heç olmasa lokal çərçivədə totalitar təfəkkürə malikdir. Fövqəltarixi və fövqəlbəşəri, əzəli-əbədi vahid yolun olduğuna inanıb, bu yolla getmək istəməyənləri isə hədələyərək sapıq adlandıran, hətta tarixi də təftiş edən F.Mustafa kimi dini təfəkkürlülər isə daha qorxunc totalitaristlərdir. Sapıqlıq iradı “ümummilli”lik diskursunun başqa versiyonudur. Bunun adına isə elmdə “gizlənmiş dini şüur” (kriptoteologiya) deyilir.
2. “Azərbaycanda İslam təhlükəsi yoxdu, dinsizlik və dinçilik təhlükəsi var!” nə deməkdir?!
Soruşuram: İslam təhlükəsi olsaydı necə olardı ki? Yəni din təhlükəsi ilə dinçilik təhlükəsinin fərqi nədədir ki? İslam ideologiyadır, təlimdir, dünyagörüşüdür, dindir və s. ürəyiniz nə istəyir deyin. Bir ideologiya, təlim, din və s. nə vaxt təhlükəli olur? Özü adamyeyən, zəhərli, yoluxucu anlamda təhlükəli bir dünyagörüşü adı çəkə bilərsiniz? Məsələn, “Faşizm”in adam güllələdiyini heç eşitmisinizmi?
Küləyi, ildırımı şəxsləşdirən mifik personifikasiyalarla düşünürsünüz. “İslam” gürzə kimi subyekt deyil ki, təhlükəli olsun. Guya hansı ideologiya zati olaraq, noumenal olaraq, “özündə” (almanca desək “an sich”) təhlükəli olur ki? Həmişə təhlükəli olan ideyanın gerçəkləşmiş, həyata keçmiş varlığı olur. “İslam” adlı qulyabanı öldürüb Rafiq Tağını?! Əlbəttə ki, yox! Bəlkə muzdlu qatil heç müsəlman da olmayıb, çeçen ya da gürcü olub. Yaxşı, lap sifariş verənin də müsəlman olmaması ehtimalı var! Sizin xeyrinizə bir addım da ata bilərəm: Tutaq ki, R. Tağını lap Kreml öldürtdürüb. Bəs, biz nə üçün pravoslavlıqdan şübhələnmirik, buddhizmdən şübhələnmirik, şintoizmdən, daoizmdən və s.? Nə üçün bilirsinizmi? Çünki islam öldürməyi sifariş edə biləcək dindir! Bunu sizin kitabınız, peyğəmbərinizin həyatı, islamın tarixi və bütün dünyada gözlərimizin qarşısında baş verən bu günkü hadisələr, bəyanatmıza yazılan bəzi şərhlər, F.Mustafanın özünün dinsizliyi təhlükə, Rafiq Tağını da günahkar sayması isbat edir! Bir təlim, dünyagörüş, din və s. o anlamda təhlükəlidir ki, onu gerçəkləşdirən hər bir adam təhlükəli olur. Bax, buna görə, islamın özü təhlükədir! Bir var ictimai baxımdan, tarixən və s. mümkün olsun ya da mümkün olmasın, bir də var prinsipcə. İslam – prinsipcə öldürə bilən (təkcə öldürmüş və öldürən yox!) dindir. Heç düşünmüsünüzmü ki, nə üçün terrorçular, məsələn, buddhizm arxasında gizlənmirlər? F.Mustafanın “Fətva” yazısı sadə müsəlmanlıq yox, dinçilikdir! Dinçiliyin buynuzu olur?
Təhlükəli olmayan – sadə müsəlmanlıqdır. Bu, Sovetin bizə miras qoyub getdiyi bir neçə milyonluq dəyərli sərvətdir. Sadə müsəlman ölüsünü mollaya tapşıran, Allaha and içən, qurban kəsən, Rafiq Tağının yazılarına laqeyd qalan insanımızdır. F.Mustafa özü isə dinçiliklə məşğul olur, dini düşünür.
3. “Dinsizlik də təhlükədir” deyəndə, F. Mustafa lap gül vurub. Burda xoruzun quyruğu, deyəsən, yavaş-yavaş görünür. Burada artıq sübut olunur ki, F.Mustafa özü, yuxarıda da qeyd etdiyim, totalitar düşüncə tərzinə malikdir, o, bəlkə də heç özünün də xəbəri olmadan dini düşünür. Bəlkə də, o, öz yazısında dinçilik yapdığını gizlətmək üçün siyasi antipodlarına xeyli yer verib. Dinsizliyi təhlükəli sayan şəxsin İran ayətullalarından mahiyyətcə fərqi yoxdur. Müraciətimizdə “gələcəyimiz İran olmasın!” deyəndə biz bu təhlükəyə işarə etmişik. Dinsizliyin təhlükə olduğuna inandığına görədir ki, Rafiq Tağıya İrandan ölüm hökmü çıxarılanda, hökm icra olunanda və ardınca da təbriknamə gələndə heç kimi və heç nəyi öz başa düşdüyü anlamda sapıq adlandırmadı.
4. Bu düşüncənin nəticəsidir ki, o, Rafiq Tağını günahkar elan edib, Allahdan onun bağışlanması üçün insanlıq da nümayiş etdirmək istəyir. F. Mustafaya görə, R.Tağı günahkardır. Soruşuram, nə imiş onun günahı? Özüm də cavab verirəm: İslama görə, bir insan allahı, o dünyanı, qiyamət gününü, cin şeytan da daxil mələkləri zadı qəbul etmirsə, Məhəmmədi peyğəmbər saymırsa, deməli, o, günahkardır! Budur Fazil Mustafa Qəzənfəroğlunun dünyagörüşü! Bu, dünyəvi fətvadan başqa nədir ki?! Soruşuram: İslam dinini tənqid etmək günahdır? İslamı qəbul etməyənin cəzası öldürülməkdir? Qədim ərəb dövlətinin qurucusu Məhəmməd haqqında nəsə müzakirə açmaq günahdır? Budur qurmaq istədiyiniz “Böyük Quruluş”?!