FHN rəhbərliyi məhkəməyə gəlmədi

fhn-rehberliyi-mehkemeye-gelmedi
Oxunma sayı: 846

“Qafqazinfo”nun məlumatına görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçən məhkəmə prosesində Sabirabad rayonunun Ulacalı kənd sakini Hüseynağa Hüseynovun iddia ərizəsinə baxılıb. Cavabdeh tərəflərdən Nazirlər Kabineti və Fövqaladə Hallar Nazirliyinin əməkdaşları məhkəmə prosesinə qatılmayıb. Yalnız qarşı tərəfdən Meliorasiya və Su Təsərrüfatı ASC- nin nümayəndələri iştirak edib.

Məhkəmədə çıxış edən iddiaçının nümayəndəsi, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev bildirib ki, 2010- cu ilin yazında baş verən Kür daşqınları zamanı fəlakətlə bağlı yaradılmış Hökümət Komissiyası vətəndaşlara, o cümlədən H. Hüseynova dəyən ziyanı obyektiv qiymətləndirməyib. İddiaçı çıxış edərək iddianı müdafiə etdiyini bildirib.

Hakimin qərarı ilə məhkəmə sentyabr ayının 23- ə qədər təxirə salınıb.

Xatırladaq ki, Kür daşqınları ilə bağlı vətəndaşlara dəyən ziyanın ödənilməsi tələbi ilə keçirilən məhkəmə proseslərində vətəndaşların hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur. İddiaçılardan Saatlı rayon Dəllər kənd sakini Lazım Umudovun iddiası təmin olunub və artıq hazırda ona yaşadığı ünvanda ev tikilir.