Funes, yaddaş möcüzəsi - Hekayə

funes-yaddas-mocuzesi-hekaye
Oxunma sayı: 1059

Mən onu ağzında siqaretlə xatırlayıram, onun üzü – hərəkətsizdir – çox qəribə, tənha hindi üzünə oxşayır. Mən onun, düzənlik sakinin dəridən nəsə toxuyan güclü incə barmaqlarını xatırlayıram (mənə elə gəlir). Mən bu əllər arasındakı qabı xatırlayıram, mate çayını hazırlamaq üçün. Mən evin pəncərəsində sarı qamış həsirini xatırlayıram. Onun arxasında isə biçimsiz bataqlıq mənzərəsini. Onun səsini aydın xatırlayıram – tələsməyən, küsəyən və burnunda danışan Şərq sahilinin insanının səsini, bu müasir italyan sözcükləri olmadan. Mən onu çox görmədim. Ən çoxu üç dəfə gördüm. Sonuncu dəfə 1887-ci ildə.

Onu tanıyanların hamısı, onun haqqında nəsə yazmalıdır. Bu, mənə uğurlu ideya kimi görünür. Ola bilsin mənim təhkiyəm çox qısa, qeyri-obyektiv və şübhəsiz ki, tutqun olacaq. Mənim Argentinalı olmağım kimi kədərli bir fakt, mənə difirambalara yuvarlanmağa mane oldu. Halbuki, Uruqvayda bu janr məcburidir - sənin qəhrəmanın Uruqvayılıdırsa.

Yazıçı, modabaz, Buenos-Ayresdən olan fırıldaqçı – Funes mənə qarşı belə acı sözlərdən istifadə etmirdi, amma mən çox yaxşı anlayıram ki, onun üçün mən bu uğursuz siniflərin nümayəndəsi idim. Pedro Leonardo İpuçi yazırdı ki, “Vəhşi, amma xalqçı Zərdüşt” üstün insanın müjdəiçisi idi. Mənim üçün bu, aydındır. Amma unutmaq lazım deyil ki, Funes, Argentinanın Fray-Bentos şəhərciyindən olan əyalət adamı idi.

Mən Funeslə olan birinci görüşümü çox aydın xatırlayıram: onu alatoranlıqda gördüm – 84-cü ilin hardasa mart, ya da fevralında. Elə o il yayı keçirmək üçün atam məni özü ilə Fray-Bentosa apardı. Mən əmim oğlu Bernardo Xido ilə San-Fransiskodakı fermadan qayıdırdıq. Biz mahnı oxuya-oxuya təpəylə gedirdik. Bu, mənim xoşbəxtliyimin yeganə səbəbi deyildi. Bürkü gündən sonra topa-topa qara buludlar səmanı örtdü. Cənub küləyi buludları qovurdu. Ağaclar dəli kimi titrəyirdi və mənim ürəyimə dammışdı ki (gizli ümidim var idi), dəhşətli leysan bizi açıq yerdə yaxalayacaq. Biz tufanla ötüşürmüş kimi çapırdıq. Biz çox yüksək iki kərpic səkinin arasında burulan dar bir küçəyə girdik. Qəflətən hava qaraldı. O an mən yuxarıda sürətli və demək olar ki, eşidilməyən addım səslərini eşitdim. Mən gözlərimi qaldırdım və dar küçənin çatlamış səkiləri ilə qaçan bir oğlanı gördüm. Elə bil o, səki kənarında yüksələn divar boyunca qaçırdı. Mən onun belindən düşən geniş şalvarını, həsir səndəllərini xatırlayıram. Mən onun tam qaranlıq fonunda seçilən siqaretini xatırlayıram. Və onun soyuq üzünü. Bernardo gözlənilmədən ona qışqırdı: "Saat neçədir, İreneo?". İreneo saata göz gəzdirmədən, dayanmadan cavab verdi: "On dəqiqədən sonra səkkiz olacaq, Bernardo Xuan Fransiskonun oğlu". Səsi kəskin və istehzalı idi.

Mən o qədər fikirli idim ki, əgər əmim oğlu sualı təkrarlamasaydı, indi sitat verdiyim dialoq mənim diqqətimi cəlb etməzdi. Məncə, o, öz qürurunu və İreneonun verdiyi cavaba öz etinasızlığını göstərmək üçün sualı təkrar etdi.

O, mənə dedi ki, bizim yolüstündə qarşılaşdığımız oğlan – öz qəribəlikləri ilə tanınan Funesdir ki, var. Onun qəribəlikləri: ünsiyyətcil olmaması və saat kimi vaxtı dəqiq bilməsi idi. O, əlavə etdi ki, İreneo - Mariya Klementi Funesin - şəhər ütüçüsünün oğlu olub; onun atası, bəzilərinin dediyinə görə, O`Konnorda anadan olmuş, duzlu sahələrdə həkimlik etmiş ingilis olub. Halbuki, bəziləri deyirdi ki, onun atası vəhşi atların və ya El Salto əyalətindən olan əsgərlərin təlimçisi idi. İreneo öz anası ilə Lorelov kənd evinin bir bucağında məskunlaşmışdı.

85-86-cı illərdə biz paytaxt Montevideoda yayı keçirirdik. Fray-Bentosa 87-ci ildə qayıtdıq. Təbii, mən öz bütün tanışlarımdan hər şeyi soruşurdum. Sonra növbə “Funesin xronometri”nə çatdı. Mənə dedilər ki, onu San-Fransisko rançosunda vəhşi at yıxıb və o, ümidsizcəsinə şikəst olub. Xəbərlərin məndə doğurduğu həyəcanlı füsunkarlığın təəssüratlarını xatırlayıram: yeganə bir dəfə mən onu görəndə biz atın üstündə San-Fransiskodan qayıdırdıq. O isə yüksəklikdə idi. Əmim oğlu Bernardonun dilindən çıxan sözlər keçmişin qalıqları ilə qarışmış yuxu kimi səslənirdi: Mənə dedilər ki, İreneo öz çarpayısından durmur, ağır baxışlarla həyətin dalındakı əncir ağacına, ya da hörümçək toruna baxır. Qürubda o özünü pəncərəyə sarı aparmağa icazə verir. O, özünü olduqca qürurlu aparır. Özünü elə göstərir ki, guya ona üz vermiş bədbəxtlik yaxşıya doğru idi. Mən onu iki dəfə dəmir barmaqlıqlar arxasında gördüm. Dəmir barmaqlıqlar onun əbədi həbsxanasının çevrəsini amansızcasına cızırdı: bir dəfə o, yumulu gözləriylə hərəkətsiz idi; başqa vaxt – yenə hərəkətsiz idi. Lavandanın şirin qoxu verən budağını acgözlüklə seyr edirdi.

O vaxta kimi mən, lovğalıq kimi çıxmasın, latın dilini müntəzəm sürətdə öyrənməyə başladım. Mənim çemodanımda Lomondun “De Viris İllustribus” əsəri, Kuiçeratın lüğəti, Sezarın şərhləri, Pliniyin “Təbii tarixin” dağınıq cildlikləri var idi. Bu, mənim bir latınçı kimi, azacıq istedadımı artırırdı və indi də artırmaqdadır. Balaca şəhərdə hər şey qeybətə səbəb olur. İreneo ucqar bir yerdə yerləşən öz kiçik fermasında bu qeyri-adi kitabların gəlməsindən xəbər tutdu. O, mənə əlvan, zabitəli məktub göndərdi. O, məktubunda bizim görüşümüzü xatırlayırdı. Bədbəxtlikdən çox qısa görüşümüzü. “84-cü il fevralın yeddinci günü”. O, həmin il ölmüş dayımın - Don Qreqorio Xidonun şanlı İtuzainqo döyüşündə iki vətənə (Uruqvay və Argentinaya) göstərdiyi xidmətlərini xatırlayırdı. Və o, bu kitablardan istənilənini lüğətlə birlikdə, müvəqqəti olaraq, ona verməyimi xahiş etdi. Bu xahişini isə belə əsaslandırdı: “Mətnin mahiyyətini daha yaxşı anlamaq üçün mənə lüğət lazımdır, çünki mən latıncanı hələ bilmirəm”. O, kitabları tezliklə yaxşı vəziyyətdə qaytaracağına söz verdi. Məktub çox yaxşı tikilmişdi və qüsursuz idi; yazı qaydaları Andres Belonun üslubunda idi: y hərfi əvəzinə - i, g hərfi əvəzinə - j. Əvvəlcə mən, təbii, elə düşündüm, bu, zarafatdır. Əmim oğlu məni əmin etdi ki, bu, belə deyil. Bu, İreneonun özünəməxsusluğudur. “Latın dilini öyrənmək üçün lüğətdən başqa vasitə tələb olunmur” ideyasını mən bilmirdim kobudluq sayım, cəhalət sayım, yoxsa axmaqlıq. Onu yanlış fikrindən yayındırmaq üçün mən italyan bəstəkarı - Klementinin “Gradus ad Parnassum” etüdünü, bir də Kuiçerat və Pliniyin əsərlərini göndərdim.

14 fevral mən Buenos-Ayresdən dərhal qayıtmaq xahişi ilə teleqram aldım. Çünki mənim atam “özünü yaxşı hiss etmirdi”. Allah məni bağışlasın, amma təcili teleqram almaq prestiji, Fray-Bentosda xəbərlərin mənfi mənası ilə müsbət ləhcəsi arasında ziddiyyətin olmasını hamıya göstərmək arzusu, öz dərdimi dramatikləşdərməyə təcavüz - belə ki, mən özümü güclü və dözümlü göstərirdim - bütün bunlar, əlbəttə, məni darıxmaq imkanından məhrum etdi. Çemodanı yığarkən mən anladım ki, Qreydusu və “Təbii tarix” üzrə cildlikləri unutmuşam. “Saturn”un lövbəri növbəti günün səhəri qaldırılmalı idi. Həmin gecə şam yeməyindən sonra Funesin evində gəzişdim. Küçədə təəccüblə aşkarladım ki, gecə gündüzdən heç də az bürkü deyil.

İreneonun anası məni sadə rançoda qarşıladı.

O, mənə dedi ki, İreneo arxa otaqdadır və mənim narahatçılığıma, onu qaranlıqda axtarmağıma gərək yoxdur. Belə ki, onda gecənin kar saatlarını şam yandırmadan keçirmək vərdişi var idi. Mən daşla döşənmiş həyətə, dar dəhlizə keçdim. İkinci həyətə keçdim. Əsrarəngiz üzüm tənəkləri hər tərəfi elə bürümüşdü ki, elə bil, qaranlıq tam çökmüşdü. Birdən mən İreneonun gülməli səsini eşitdim. O, latınca danışırdı. O, gah traktat, gah dua, gah da ovsun oxuyurdu. Latınca səslər həyət evini bürümüşdü. Şübhələndiyimə görə, bu səslər mənə dolaşıq, sonsuz görünürdülər. Sonra həmin gecənin böyük bir dialoqunda mən anladım ki, bu səslər yeddinci cild “Təbii tarix” kitabının birinci paraqrafının iyirmi dördüncü bölümü ilə bağlı səslərdir. Bu bölümün mövzusu – yaddaşdır; axırıncı sözlər belədir: ut nihil non iisdem verbis redderetur auditum. İreneo səsini heç dəyişmədən məni içəri dəvət etdi. O, çarpayıda uzanmışdı, siqaret çəkirdi. Deyəsən, mən onu dan yeri ağarana kimi görmədim. Deyəsən, siqaretin ani işığını azacıq xatırlayıram. Otaqda sezilməz nəmişlik vardı. Mən oturdum. Atamın xəstəliyi və teleqramla bağlı tarixi təkrarladım.

İndi mən söylədiyim hekayənin ən mürəkkəb hissəsinə yaxınlaşıram. Çünki tarixin bütün mənası yarım əsr əvvəl olmuş (oxucu, yəqin ki, elə belə də bilirdi) bu söhbətlə bağlıdır. Mən onun itirilmiş sözlərini dəqiqliklə bərpa etməyə çalışmayacam. Mən daha çox İreneonun dediklərinə yekun vurmağı vicdanlı hesab edirəm. Nitqin müəyyən hissəsi orijinaldan uzaqdır və ifadəsizdir. Mən hekayəmin təsirliliyini qurban verməyimi anlayıram. Amma qoy mənim oxucularım o gecə səslənmiş dumanlı fikirləri təsəvvürlərində canlandırsınlar.

İreneo “Təbii tarix” kitabında xatırlanmış möcüzəli yaddaş hadisələrindən latınca və ispanca sitatlar verdi: Kir - Fars hökmdarı, öz ordusunun hər bir əsgərini adı ilə yadda saxlayan adam; Mitridat Evpator - öz imperiyasının iyirmi iki dilində ədalət məhkəməsi təşkil etmiş adam; Simonid - mnemotexnikanın ixtiraçısı; Metrodor - incəsənətdə nə vaxtsa eşitdiyini təkrar edirdi. Funes belə şeylərin o vaxt təəccüblü qarşılanmasına bütün səmimiyyətilə mat qalırdı.

O, mənə dedi ki, həmən yağışlı günə kimi, göyümtül atın onu yıxdığı günə kimi, o, bütün xristianlar kimi idi – kar, kor, somnabulistik, yaddaşsız (Mən ona vaxtı necə dəqiqliklə bilməsini xatırlatmağa çalışırdım - onun ayrı-ayrı adları necə xatırlamasını - o, mənə fikir vermirdi). O deyirdi ki, iyirmi il, yuxuda yaşayan adam kimi yaşayıb: baxaraq görmürdü, eşidərək eşitmirdi, hər şeyi unudurdu – demək olar ki, hər şeyi. Atdan yıxılarkən o, şüurunu itirdi. Özünə gələndə həqiqət demək olar ki, dözülməz oldu – onun yaddaşı o qədər dolğun və parlaq idi ki; bu yaddaş bütün köhnə və lazımsız xatirələrə açıq idi; Az sonra o anladı ki, şikəstdir. Bu fakt çətin ki onu maraqlandırdı. O hesab edirdi (və ya hiss edirdi) ki, buna da şükür etmək lazımdır. Və indi onun qavrayışı və yaddaşı səhvsiz idi.

Biz stola baxarkən şərab və üç stəkan görürük; Funes isə bu şərabın hazırlanmasına gedən yolu - üzüm budağının bütün bığcıqlarını, yarpaqlarını, üzüm gilələrini görürdü. O, 30 aprel 1882-ci ildə, hava işıqlanarkən, səmanın cənub hissəsindəki buludların formasını xatırladı. Həmin buludların formasını yaddaşıyla və bir dəfə gördüyü kitabın dəri üzlüyünün mahircəsinə vurulmuş naxışlarıyla, avarçəkən Rio-Neqronun Kvebraxo döyüşü vaxtı qaldırdığı damcılarla müqayisə etdi. Bu xatirələr sadə deyildi: hər vizual obraz əzələ gərginliyinin yaratdığı isti hisslərlə bağlı idi. O, bütün xəyallarını və fantaziyalarını bərpa edə bilirdi. O, gün ərzində gördüyü bütün şeyləri iki-üç dəfə xəyalında canlandıra bilirdi. O mənə dedi: elə tək mənim özümdə daha çox xatirə var, nəinki dünya yaranandan bəri yaşamış və yaşayan bütün insanlarda. Və yenidən: mənim arzularım sizin yatmayıb oyaq qalmağınıza bənzəyir. Və yenidən: səhər şəfəqləri üzümüzə gülənə yaxın, mənim yaddaşım zibil qabına bənzəyir.

Sinif lövhəsinin kənarı, düzbucaqlı üçbucaq, romb – bu cür formaları biz bütöv şəkildə təsəvvür edə bilirik; İreneo da bax beləcə atın coşğun yalını, dərədəki mal-qara sürüsünü, hər dəfə dəyişən alov dilimlərini, ölmüş saysız-hesabsız insanların simasını təsəvvür edə bilirdi. Səmadakı nə qədər ulduzları ayırd edə bilirdi o, heç təsəvvürümə belə gətirə bilməzdim.

Bax, o, mənə bunları deyirdi; nə əvvəl, nə də sonra mən buna şübhə etmirdim. O vaxtlar nə kino var idi, nə fonoqraf var idi. Bununla belə, qəribədir, demək olar inanılmazdır ki, heç kim Funes fenomenini öyrənmirdi. Həqiqət odur ki, biz hamımız özümüzdən sonra nəsə qoyuruq; şübhəsiz, ürəyimizin dərinliklərində biz hamımız bilirik ki, ölməzik və hər bir insan nəyəsə nail olacaq, hər şeyi öyrənəcək.

Funesin səsi qaranlıqdan çıxırdı. O mənə dedi ki, 1886-cı ildə o, yeni hesablama sistemi fikirləşdi və cəmi bir neçə günə iyirmi dörd mininci ədədə çatdı. O, bunu yazmadı, çünki düşündüklərini yaddaşından silə bilmirdi. Onun öz işində birinci niyyəti, mənə elə gəlir, ovqatının - “otuz üç uruqvaylı” ifadəsinə görə, iki işarə və üç söz tələb olunur, bir söz və bir işarə yox - şəraitdən asılı olaraq təlx olması idi. Sonradan o, öz ekstravaqant qaydasını digər ədədlərə tətbiq etməyə başladı. Yeddi min otuz ədədinin yerinə o, məsələn, Maksimo Peres deyə bilərdi; Yeddi min qırx ədədinin yerinə - Qatar; Digər ədədlər - Luis Melinar Lafinur, Olimar, Sera, Klub, Kit, Qaz, Kotel, Napoleon, Avqustin de Vedia. Beş yüz ədədinin əvəzinə o doqquz rəqəmini deyə bilərdi. Hər bir sözün xüsusi işarəsi, görünüşü var idi. Axırıncılar çox mürəkkəb idi... Mən izah etməyə çalışırdım ki, rabitəsiz terminlərdən ibarət olan bu təmtəraqlı nitq hesab sisteminə ziddir. Mən dedim ki, üç yüz və altmış beş demək üçün, üç ədəd yüz, altı ədəd on və beş ədəd vahid lazımdır: bu cür tərkib hissələrinə ayırma Zənci Timoti və Qalın Yorğan kimi saylara şamil oluna bilməz. Funes məni anlamadı və ya anlamaq istəmədi.

Lokk XVII əsrdə icrası mümkün olmayan idiomu postulat kimi qəbul etdi (və təkzib etdi). Bu postulata görə, hər bir ayrıca predmet – hər daş, hər quş, hər budaq öz xüsusi adına malikdir. Bir dəfə Funes analoji idiom qurdu. Lakin sonra ondan imtina etdi. Çünki çox ümumi və anlaşılmaz idi. Funes meşədə gördüyü hər ağacı, hər yarpağı xatırlamaqla yanaşı, hətta səmimi olaraq qəbul etdiyi və ya təsəvvür etdiyi hadisələri də xatırlayırdı. O, bütün keçmiş təcrübəsini, hardasa, yetmiş min xatirəyə qədər azaltmağa qərar verdi. Bu xatirələri o, ədədlərin köməyi ilə göstərmək istəyirdi. İki səbəb onu fikrindən daşındırdı: ədədlərin sayı sonsuzdur və faydasızdır. O, öz ölümünə az qalmış bütün uşaqlıq xatirələrini təsnifləşdirə biləcəyinə inanmırdı.

Mənim işarə etdiyim iki layihə (natural ədədlərin ardıcıllığı üçün sonsuz lüğət və onun xatırladığı bütün şeylərin istifadəyə yararlı siyahısı) sağlam düşüncəyə sığmır. Amma onlar öz möhtəşəmliklərini öz bütün çatışmazlıqlarıyla aşkar edirlər. Onlar bizə qarışıq düşünməyə və ya Funesin başgicəlləndirici dünyasının məntiqini anlamağa imkan verirlər. Funesin ümumi və nəzəri ideyalara qarşı, demək olar ki, bacarıqsız olmasını unutmaq lazım deyil.

Ona bəzi şeyləri anlamaq çox çətin idi. Məsələn, ümumi it anlayışı o qədər oxşar olmayan, müxtəlif ölçüdə, müxtəlif formada, müxtəlif rəngdə olan nümunələri birləşdirir ki, bütün bunlar onu karıxdırırdı. Və o, düşünürdü: yarıdan çox hissəsi görünən itlə (əgər profildən baxılarsa) yarıdan az hissəsi görünən it (əgər qabaqdan baxılarsa) niyə eyni ada malik olmalıdır axı. Güzgüdə onun öz əlləri, öz üzü hər dəfə təəccübləndirirdi onu. Svift yazır ki, Liliputlar ölkəsinin imperatoru ən balaca əlin hərəkətini belə, ayırd edə bilirdi. Funes də bax beləcə cadunun, kariesin, yorğunluğun sakit hücumunu fasiləsiz müşahidə etməyi bacarırdı.

O, ölümün yaxınlaşmasını, sümüklərinin nəmişlikdən sızıldamasını duyurdu. O, çoxrəngli dünyanın yeganə və ağıllı tamaşaçısı idi. O, saniyəbəsaniyə və dözülməz dərəcədə dəqiq idi. Babil, London və Nyu-York öz dəhşətli cəlalıyla insanların şüuraltısına ehtiramlı qorxu təlqin edirlər. Əhalinin sıx məskunlaşdığı bu şəhərlərdə, şahə qalxmış bu prospektlərdə heç kəs reallığın istisini və təzyiqini hiss etmirdi. Bədbəxt İreneo, onun kasıb cənubi-amerikan ferması yorulmaz gecə-gündüzə bənzəyirdi. Onun üçün yatmaq çox çətin idi. Yatmaq – dünyadan yox olmaq (itmək) deməkdir. Funes yarıqaranlıqda, yığılma çarpayıda kürəyi üzərində uzanaraq onu əhatə edin cürbəcür evlərin çatlağını və moldinqini təsəvvür edirdi. (Mən təkrarlanacağam, onun xatirələri arasında elə də əhəmiyyətli olmayan xatirələr daha ətraflı, daha dəqiq və daha canlı idilər, nəinki bizim fiziki həzzi və əzabı qavramağımız). Rayonun şərq tərəfində, məhəllələri evlər arasında bölünməmiş naməlum tikililər var idi. Funes onları qara və başdan-ayağa qeyri-müəyyənlikdən ibarət formada təsəvvür edirdi. O, üzünü rahat yatmaq üçün özünə sərf edən istiqamətə çevirirdi. Həmçinin, elə də olurdu ki, o, özünü arası kəsilmədən sakit-sakit axan və heç nəyə çevrilən çayın dibində təsəvvür edirdi.

O, əziyyət çəkmədən ingilis, fransız, portuqal və latın dillərini öyrəndi. Bununla belə, mən güman edirəm ki, onun xüsusi təfəkkür qabiliyyəti yox idi. Düşünmək – fərqləri unutmaq, ümumiləşdirmə və yekunlaşdırma aparmaq deməkdir. Funesin həddən ziyadə dolu dünyasında bir-biri ilə təmas quran təfərrüatlardan başqa, demək olar ki, heç nə yox idi.

Şübhəli aydınlığın şəfəqləri şərq həyəti üzrə gəzişdi.

Məhz o anda mən, bütün gecə səsi eşidilən şəxsin üzünü gördüm. İreneonun on doqquz yaşı var idi. O, 1868-ci ildə anadan olub. O, tuncdan hazırlanmış məmulatlar kimi əzəmətli görünürdü. Misirdən daha qədim görünürdü. Peyğəmbərlərin və ehramların sələfi kimi görünürdü. Mənə elə gəldi ki, mənim hər bir sözüm (hər bir jestim) onun möhkəm yaddaşında daima yaşayacaq. Mən artıq-əskik hərəkət etməkdən qorxurdum. İreneo Funes 1889-cu ildə sətəlcəmdən öldü.

Tərcümə:
Ramil Rahiboğlu