General Bərşadlının kağız üzərində qalan planları

general-bersadlinin-kagiz-uzerinde-qalan-planlari
Oxunma sayı: 2132


***


Birinci plan – “Azərbaycanın Ümumi Müdafiə Planı”.
Bu plan 1992-ci ildə hazırlanıb. Azərbaycan Silahlı Qüvvələri uğurlu döyüş əməliyyatları aparan zaman. Bu plan hazırlanan zaman dövlət katibi olmuş Pənah Hüseyn 10 il sonra mənə müsahibəsində özünəməxsus məntiqlə söyləmişdi ki, “general Bərşadlı müdafiə planını hazırladığı vaxt biz hamımız hücum barədə düşünürdük”. Görünür, buna görə də sonradan baş nazir olan Pənah Hüseyn bu planı xatırlamadı.
Amma həmin illərdə doğrudan da uğurlu əməliyyatlardan hakimiyyətdə olanların əksəriyyətinin başı gicəlləndiyi vaxt, baş qərərgah rəisi, general Valeh Bərşadlı “Azərbaycanın Ümumi Müdafiə Planı” adlı bir sənəd hazırlayır və Prezident Əbülfəz Elçibəyə təqdim edir. Prezident planı bəyənir və dərhal icra olunması üçün göstəriş verir. Hərbi məsələlərə rəhbərlik Valeh Bərşadlıya, mülki məsələlərə rəhbərlik isə o dövrdə baş nazirin müavini olan Vahid Əhmədova tapşırılır. Yeri gəlmişkən, Vahid Əhmədov bu planı xatırlasa da, onun barəsində danışmağa həvəs göstərmir.
Plan təsdiq olunduqdan sonra çox keçmir ki, Valeh Bərşadlı vəzifədən azad edilir. Təhlükəsizlik Şurasının iclasında Əbülfəz Elçibəyin Türkiyəli müşavirləri hakimiyyətə Bərşadlını kənarlaşdırmamağı tövsiyə edir. Həmin iclasda son sözü parlamentin spikeri İsa Qəmbər deyir. Spiker Valeh Bərşadlının yeniyetmələrlə məşğul olmasının daha məqsədəmüvafiq olduğunu bildirir və müzakirə dayandırılır.
Bundan sonra isə “Azərbaycanın Ümumi Müdafiə Planı” yaddan çıxır. Plan 1993-cü ilin aprelində, Kəlbəcərin işğalından sonra prezidentin yadına düşür. Və bəlli olur ki, general Valeh Bərşadlının hazırladığı plan kağız üzərində qalıb. Çoxları dərk etməsə də, Əbülfəz Elçibəy başa düşür ki, artıq gecikib.
1996-cı ildə generalın plan haqda dedikləri: “Həmin dövrdə Azərbaycanda, Ermənistanda və maraqlı dövlətlərdə gedən proseslərin təhlili göstərirdi ki, qələbə asan olmayacaq. Amma əlimizdə olanları qorumaq imkanımız var idi. Təəssüf ki, bu imkandan istifadə etmədik”.
Generalla bu plan barədə saatlarla söhbət etmişdik. O bu planın ən xırda detallarına qədər hər şeyi danışdı. Amma onun haqqında az danışdığı başqa bir planı da vardı..


***


İkinci plan – “Partizan müharibəsi planı”.
İlk baxışda hər şey sadə görünə bilıər. Amma məsələ o qədər də sadə deyildi. Bu planın atəşkəs elan olunduqdan sonra hazırlandığını deyirdi general. O bu planı kimə təqdim etdiyini söyləmirdi. Amma gün kimi aydın idi ki, plan təqdim olunub. Çünki onun söylədiyi “hələ ki, cavab yoxdur” kəlməsi məsələnin nə yerdə olduğundan xəbər verirdi.
General Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonların relyefini və bu ərazilərdə strateji və taktiki manevr üçün şəraiti yaxşı bilirdi. Bundan başqa o, erməni tərəfinin hansı məntəqələrdə möhkəmlənmək istəyini də anlayırdı. Bütün bu bilgilərin uzlaşdırılmış təhlilindən sonra general Bərşadlı belə qənaətə gəlmişdi ki, çox qüvvə istifadə etmədən lokal və gözlənilməz hərbi əməliyyatlarla düşməni çaş-baş sala bilmək imkanı var. Sözsüz ki, generalın planın taktiki məziyyətlərindən danışmaq istəməməsi başadüşülən idi. Planın son məqsədi barədə isə bildirirdi ki, ermənilərə imkan vermək olmaz ki, işğal etdikləri ərazilərdə möhkəmlənsinlər.
General planın icrasının mümkünlüyinə və strateji uğuruna əmin idi. Amma gecikməkdən ehtiyatlanırdı. Çünki ermənilərin də generalları var və onlar da strateji məqsədlər üçün atılacaq taktiki addımları hesablamaq imkanına malikdirlər: “Vaxt gələcək, dərk edəcəklər ki, bu plan realdır. Amma qorxuram, sonra gec olacaq”.
Bu sözü general mənə 16 il əvvəl demişdi.


***


Generalla bu söhbətimizdən sonra mülki şəxslərin düşmən arxasına keçməsi və bəzi gizli əməliyyatlar barədə bildiklərim bu planın real olduğuna məni də inandırdı.
Məndə bu inam yarandıqdan sonra isə neçə ildir öz-özümə bir sualı tez-tez təkrarlayıram: “Gecikmirikmi?”


P.S.


İndi oxuduğunuz yazını tamamlayanda Silahlı Qüvvələrin zabitlərindən birinin zəngi məni bir daha silkələdi. O, beynəlxalq axtarış sistemi olan “Google-Maps”-da işğal altında olan ərazilərin adlarının erməniləşdirilməsindən narahat olduğunu bildirdi: “Füzuli, Ağdam, Kəlbəcər və digər işğalda olan rayonlardakı adların demək olar ki, hamısı dəyişdirilib. Hamısına erməni adı veriblər”. Peşəsi döyüşmək olan zabit qardaşım bunun qarşısının alınmasının vacib olduğunu bildirirdi. Onun dedikləri qulağımda həyacan təbili kimi səsləndi.
Deyəsən, doğrudan da gecikirik...