“Getsən... Üşüyəcək skamya” - Şeirlər

getsen-usuyecek-skamya-seirler-
Oxunma sayı: 1221






Qərib şəhərin nağılı

Biri vardı, çoxu yoxdu
Bir uçuq şəhər vardı.
Bağrından köhnə evlərin harayı
Gözlərindən neft yaşları axardı...
Neft kimi həyatları qara
Özləri ağ adamları vardı.
Hər gecə bir böcək cırıldardı uzaqlarda
Səsi pəncərəmdə cingildərdi...
Pərvanələr uçuşardı
İşıq dirəklərinin ətrafında
Buralarda gecələr tez düşərdi.
Payızı da çox üşüdərdi...
Güllə yarası kimi,
Şeir deşərdi ürəyimi
Misralar axardı qan əvəzi...
Bu şəhərin gecələri
Əcaib yuxular satıb,
nağıllar danışardı...
"Biri vardı, çoxu yoxdu
Sonda üç alması düşməyən
Qərib şəhər vardı..."

Getsən

Getsən...
Üşüyəcək skamya.
Boş qalacaq
Şəhər kənarı
Kiçik kafedəki
bir cüt yer.
Getsən...
Dalğalar da inciyəcək sahilindən
Daha danışmayacaq
Balıqçı da, tutduğu balıqlardan.
Getsən...
Susacaq, arxanca asılıb qalan
Bir cüt göz...
Susacaq şəhər,
Susacaq qağayılar.
Getsən...
Əskiləcək bir içim nəfəs,
Bir əl toxunuş,
bir qəlb sevda.
Getsən...
...getsən
Heçnə...

Günah kimi

Yağış yağır
Payız ömrə
Ümid kimi...
Düşür yarpaq
Quru yerə
Üzüqara bəxt kimi...
Bir ömürlük həsrət yükü
Çiyinlərdə iz salırsa
Günah kimi,
Nə deyəsən bu Tanrıya, bu taleyə?..
Üz çevirib hökm edəsən bu yazıya...