Görüb görməzliyə vurduqlarımız…

gorub-gormezliye-vurduqlarimiz
Oxunma sayı: 643

Baxıb görə bilmədiklərimə təəssüfləndim. Baxdığıma baxmayaraq baxa bilməyənlərin baxışlarına fikir vermədiyimə görə kədərləndim. Necə səhv etdiyimi anladım. Allahdan bağışlanmağımı istədim və istəyirəm.

Söhbət gözdən əlillərdən gedir. Məni görüşə dəvət etdilər. Getdim, gördüm. Amma onlar məni görmədilər. Sadəcə eşitdilər, duydular və şəkil çəkdirdilər. İlk dəfə idi bu qədər görməyən insanı bir yerdə görürdüm. Təsirləndim. Niyə indiyə kimi bu haqda fikirləşməmişdim? Özüm orta təhsildən - məktəb yaşlarımdan bəri gözüm zəiflədiyi üçün eynəkli olmağıma baxmayaraq, bu insanların hallarını heç ağlımdan keçirməmişdim. Əlil olmaq? Görməmək! Və bu cür yaşamaq. Amma necə? Orda görməyənləri gördükcə beynimdə sanki şimşəklər çaxırdı. Beynimin siqnalları qarışmışdı. İslamın bu məsələyə münasibətini yazmalıydım. Və inşəAllah yazacam.

Bu görüşdən sonra bir verilişə dəvət edilmişdim. Orada da gözdən əlilləri gördüm. Yemək yediyim restoranda avtoqəza nəticəsində şikəst qalan tanışımla söhbət etdim. Başqa bir görüşə də çağırmışdılar. Söhbət səmimiləşdikcə yanımdakı insanın iki qızının da əlil olduğunu bildim. Məsciddə namaza gələnlərin köməyi ilə pilləkənləri qalxmağa çalışan şikəst bir gəncə fikir verdim. Mən bunları niyə bu qədər adi qarşılamışdım? İndi niyə həmin görüşdən sonra bütün bunlar mənə göstərilirdi? Artıq bu məsələlərlə bağlı da nələrsə etmək lazımdır. Mən bunları fikirləşməyə başladım. Bəs siz? Ölə biləcəyimizi fikirləşdiyimiz halda, əlil ola biləcəyimizi niyə düşünməməliyik!? Düşünmək Allahın əmri deyilmi?

Görüşdə gözdən əlillər mənə elə bir hədiyyə verdilər ki, gözlərim doldu. Ağladım. Biz onlar üçün nə etmişik? Amma onlar bizlərə nələr edə biləcəklərini göstərdilər, həm də bizim onlar üçün də nələrsə edə biləcəklərini görmədikləri halda göstərdilər. Hədiyyə baş redaktoru olduğum «Dəvət» jurnalının bir sayının çox peşəkar səsləndirilmiş versiyası idi.

Bunları düşünməliyik. Yollarımız, ümumiyyətlə bütün infrastrukturumuz buna uyğun olaraq qurulmalıdır. Unutmayaq! Bəlkə bir gün bizə də lazım oldu?