Göyərçindən, 4G-dək...

goyercinden-4g-dek
Oxunma sayı: 665

130 il bundan əvvəl Bakıda Nobel qardaşları tərəfindən ilk telefon xəttinin çəkilməsi Azərbaycanda müasir rabitənin yaranma tarixinin əsasını qoydu.
Azərbaycan rabitəsi dünya ölkələri ilə ayaqlaşaraq inkişaf yolu keçdi və bugünkü səviyyəsinə qədər bir əsrdən də artıq yol gəldi. Artıq bu gün informasiya və kommunikasiya texnologiyaları (İKT) adlı sektor kimi öz inkişaf tempinə görə qeyri-neft sektoru arasında birinci yeri tutmağa başlayıb. Son 10 ildə Azərbaycanın İKT sahəsinin inkişafı üzrə 10 ən yüksək inkişaf etmiş ölkələr sırasında yer alması ölkədə bu sektorun nə qədər inkişaf etdiyini bir daha sübut edir. Belə ki, artıq 7-8 ildir, Azərbaycanın İKT sahəsinin orta illik inkişafı 25-32% təşkil edir. Bu da dünya göstəricisini 2-2,5 dəfə üstələyir.

Ta qədimlərdə göyərçinlər insanların ən sürətli rabitə vasitəsi sayılırdısa, artıq bu gün texnologiyanın gətirdiyi son nailiyyətlər (3G və 4G) insanları uzaq məsafələrdə belə əllərinin içindəki cihaz vasitəsilə birləşdirir.

Hazırda Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb və MDB ölkələri arasında ilk dəfə sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb. İKT üzrə özəl sektorun fəaliyyəti ildən-ilə güclənib və hazırda bu sahədə əldə olunan gəlirin təqribən 80 %-i qeyri-dövlət müəssisələrinin payına düşür.

İnternetə qoşulma qiymətləri dəfələrlə azaldılıb və istifadəçilərin sayı ölkə əhalisinin 50%-ni keçib ki, onların da 30%-dən çoxu genişzolaqlı xidmətlərdən istifadə edir. İnternet xidmətlərinə görə, artıq Azərbaycan “Azad internetli ölkə” sayılır.
Mobil telefon xidmətləri respublikamızda daim təkmilləşir və bu xidmətlərdən istifadə edənlərin sayı gündən-günə çoxalır və indi Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon düşür. Mobil operatorlar tərəfindən üçüncü nəsil (3G) mobil rabitə texnologiyasının respublikamızda tətbiqinə başlanılıb, 4G-yə isə hazırlıqlar gedir.
Azərbaycan Dövlət Televiziyasının (Az.TV) əhali üzrə yayım əhatəsi 99,9%-ə, ictimai, özəl televiziya və radio proqramlarının yayımlarının əhatə dairəsi isə təxminən 70-80%-ə çatdırılıb.
Rəqəmsal yayım ölkə əhalisinin 60%-dən çoxunun yaşadığı əraziləri əhatə edir və 2013-cü ilə qədər ölkəmizdə rəqəmsal yayıma tam keçidin təmin edilməsi nəzərdə tutulur.
Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində ənənəvi poçt xidmətləri inkişaf etdirilib, yeni xidmətlərin, o cümlədən poçt-maliyyə xidmətlərinin göstərilməsinə başlanılıb.

Azərbaycan hökumətinin təşəbbüskarı olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi bir çox mötəbər beynəlxalq qurumlar və dövlətlər tərəfindən dəstəklənib, bununla bağlı BMT-nin xüsusi qətnaməsi qəbul olunub. Azərbaycanın qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi, yeni texnologiyaların tətbiqi, regional telekommunikasiyalar bazarına çıxışın təmin edilməsi və cəmiyyətin müasir xidmətlərə artan tələbatının ödənilməsi üçün milli telekommunikasiya peykinin hazırlanması və 2012-ci ildə orbitə çıxarılması üzrə işlər aparılır. Azərbaycan bu addımla güclü kosmik sənayenin yaranmasına nail olacaq.
Əhalinin rabitə və informasiya texnologiyalarından istifadə imkanlarını artırmaq məqsədilə AzDATACOM və “Xalq kompyuteri” layihələri həyata keçirilib, bölgələrdə müasir tələblərə cavab verən Regional İnformasiya Mərkəzləri yaradılıb.
İKT-nin inkişafının digər göstəricilərindən biri də ölkədə “Elektron hökumət” prinsiplərinə keçmək oldu. Bu da korrupsiyaya qarşı mübarizədə ən alternativ yol idi. İndi İnternet, elektron xidmətlər vasitəsilə müxtəlif məlumat və arayışları da əldə etmək olar. Qeydiyyat məsələləri də İnternet vasitəsilə aparılır. İndiyədək əsas serveri RİTN-də yerləşən sistemə nazirliyin özündən başqa Ədliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu qoşulub. Qeyd edək ki, Azərbaycan MDB məkanında "Elektron hökumət" layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir.

Ötən ilin sentyabr ayından Azərbaycanda elektron imzanın (“E-imza”) tətbiqinə başlanılıb. “E-imza”nın tətbiqi ölkədə elektron xidmətlərdən tam istifadə olunmasına imkan yaradacaq və bürokratik əngəlləri aradan qaldıracaq.

İKT sahəsində beynəlxalq əməkdaşlıq da yeni inkişaf mərhələsinə qədəm qoyub. Sahə üzrə bir sıra hökumətlərarası saziş, memorandum, protokol və müxtəlif təyinatlı sənədlər imzalanmış, çoxsaylı beynəlxalq biznes-forum, sərgi və konfranslar təşkil edilib. Azərbaycan İKT üzrə beynəlxalq tədbirlərin fəal iştirakçısına və təşkilatçısına çevrilib.
Hər il ənənəvi olaraq Bakıda “Bakutel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı keçirilir. Tanınmış İKT şirkətləri Microsoft, Cisco, IBM, HP və digərləri ölkəmizdə nümayəndəliklərini açıb və fəaliyyətlərini genişləndirib.
İKT sahəsində yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə dünyanın tanınmış informasiya texnologiyaları universitetləri ilə əlaqələr qurulub və “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən tələbələr göndərilib.

İKT-yə bir ildə 23,3 milyon manat...

Dövlətin əsas proritetlərindən biri 2025-ci ilədək İKT sektorunun gəlirləri, gələcəkdə bu gəlirlərin neftdən əldə olunmuş gəlirlərlə bərabər olmasına nail olmaqdır. Bunun üçün dövlət bir sıra tədbirlər görür. Məsələn, “Azərbaycanın 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələri”nə əsasən bu il Azərbaycanın dövlət büdcəsindən İKT sahəsinə 23,3 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub. Telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi üçün “Azərkosmos” ASC-yə büdcədən 3,6 mln. manat və 2011-ci illə müqayisədə 1,5 mln. manat və yaxud 75% çox vəsaitin ayrılması nəzərdə tutulub.

Eyni zamanda, dövlət büdcəsindən “Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan) çərçivəsində bir sıra dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nın geniş tətbiqi, müasir standartlara cavab verən, normativ hüquqi aktların tələblərini özündə əks etdirən rəsmi internet saytlarının təkmilləşdirilməsi, vətəndaşlarla daha sıx əlaqəni təmin etmək, rəqabət qabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi, milli telekommunikasiya, poçt infrastrukturunun və bir sıra elektron xidmətlərin inkişaf etdirilməsi üçün 10 mln. manat vəsaitin ayrılması planlaşdırılır.
Dövlət Proqramına əsasən telekommunikasiya və poçt infrastrukturunun yeni texnologiyalar əsasında modernləşdirilməsinin tam başa çatdırılması, keyfiyyətli və qənaətbəxş telekommunikasiya xidmətlərinin təqdim olunması, peyk rabitəsi texnologiyalarından istifadə, “E-hökumət” həllərinin tətbiqinin genişləndirilməsi və bütövlükdə cəmiyyətdə İKT-dən istifadənin səviyyəsinin artırılması mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, informasiya cəmiyyətinin tələblərindən irəli gələn dövlət informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, e-imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron və poçt-maliyyə xidmətlərinin təşkilinə, yerli istehsalın və onun ixrac potensialının gücləndirilməsinə, ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına və İKT üzrə kadr hazırlığına diqqət yetirilməsi vacibdir.

Nigar Məmmədli

P.S. Ölkə iqtisadiyyatının hərtərəfli sabit inkişafı üçün İKT-nin geniş tətbiqi xüsusilə vacibdir. Müasir iqtisadiyyatın güclü və çoxşaxəli olması üçün İKT-nin iqtisadi, ictimai və dövlət fəaliyyətlərinin bütün sahələrində geniş yayılması və tətbiqi zamanın tələbidir.