“Günəş sudan öpən kimi, uzaqdan öpürəm səni” - Şeirlər

gunes-sudan-open-kimi-uzaqdan-opurem-seni-seirler-
Oxunma sayı: 1221







RAMİLİN LAÇIN HƏSRƏTİNƏ

Allah sənə insaf versin,
Vesin, ay Ramil, ay Ramil!
Bizi kim qara yuyub, ağ –
Sərsin, ay Ramil, ay Ramil!

Uduzmuşuq duzaqlarda,
Vətən qaldı uzaqlarda...
Şair it olsun, dağlarda –
Hürsün, ay Ramil, ay Ramil!

Bu nə zaman, bu nə dövr,
Ürəyimdən keçəni gör,
Üzümüzü Laçında gor
Görsün, ay Ramil, ay Ramil!

22.09.2011



MƏKTUB

(silsilə)

Məktubunu sən bilirəm
Gözümə təpirəm səni.
Günəş sudan öpən kimi
Uzaqdan öpürəm səni.

Sənsiz yaşamışam?!
Matam!
Gözəl adındı tək butam.
Adını tutmuşam şadam
Qoy şad olsun verən səni!

Ayrılıqlar nə yol qoyur,
Nə yol qoyur, nə hal qoyur?!
Sevgi yerində fal qoyur
Hələ də sevirəm səni.

27.10 2011

ŞAİR

O Haqqın tayının
üstə heykəldi,
Səmti Haqqa tərəf,
Haqqa sarıdı.
Acı sözlərini
ona çox görmən,
Şair ölümünə
çalan arıdı.

02.11.2011

***

Xatirələr payıza çalır,
Rəng verib rəng alır.
Sən o xatirələrin
Qızılısan, gümüşüsən.
Çay yenişə axır, gülüm,
Xəyalımın yenişisən.

05.12.2011

QARABAĞLININ VƏSİYYƏTİ

(portret)

Qarabağ alınmadan ölsəm,
Başdaşıma həkk edərsiz:
Bir səbət gül – tökülü,
Ondan üstə
Bir ağlar göz şəkili.

28.12.2011

GİLEY

Quşuna dən atdım, gülün suvardım
Dünyaya mən ayrı neynədim, qağa,
Yığıb düyünlədim ömrü qavğardım
İçinə bir ağ gün düymədim, qağa.

Xəyalım dağ-aran – köçəri çəkdim,
Payıma düşəni peşəri çəkdim,
Hər şeyi dəniztək içəri çəkdim,
Dərdimi kimsəyə demədim, qağa.

Qələmim bilmədi yasaq, tabular,
Fürsət eyləsələr başım çapılar,
İlham Qəhrəmandan az-az tapılar.
Mən şair çörəyi yemədim, qağa.

31.10.2009

GÖRÜŞ

Səni tapdım elə bildim
Əl tapdı ağrıyan yeri.
Aramızda nə taledi -
Fələyin qarğıyan yeri.

Bilən bilir sevgi deyil,
Ərlə arvad istəklidi.
Üzündə yaş güzgüyə bax
Görünən sevgi şəklidi.

Aradan çox sular axdı
Axan sular dəniz deyir...
Gözünü körpə uşaqtək
Kimdi tez-tez çimizdirir?!
17.11.2009


BİR ƏSGƏR ÖLDÜ

Bir əsgər öldü...
Quşun qanad rəddi göydə,
Onun yeri, boy-buxunu
Cərgədə qaldı.
Bir əsgər öldü...
Bir nişan üzüyü
Zərgərdə qaldı.

19.04.2010


MƏMMƏD NAZİMOĞLUNUN XATİRƏSİNƏ

1

“Nizami”nin yanında
Elə bilirəm bu saat
Tindən çıxacaq Məmməd,
Bir yanında Mehdi müəllim,
Bir yanında Mətləb Nağı.
“Nizami”də həmişə
Hava Məmməd havasıdı
Dostların yaddaşına
Məmmədli xatirələr yağır.

2

Keçən yay Sədiylə
Nemətabada –
Məmmədin elinə getdik...
Ölümündən il ötmüşdü,
Biz də ilinə getdik.

Nazim əmiyə deyə bilmədim
Tək sən dədəlik etmədin
Oğluna şəkər də dədəlik etdi...
Şəkər dədəlik etsə də,
Məmməd oğulluq etmədi.
Arada Allahı gördü,
Şeytana qulluq etmədi...

3

...Mağardan bir dəstə çıxdıq,
Ayrılıb qəbirüstə çıxdıq...
Başdaşındaydı o ələmli şəkli,
Qabağı yazı masalı,
əli qələmli şəkli...

Bir yaşıl ormandı yeri,
Qəbirlər düzülüb qatar kimi,
Qəbri Məmmədə elə yaraşırdı
Toya geydiyi paltar kimi...

-Belə tezliknən üstündə
Gülləri kim əkdi, Məmməd?!
Qınayan olmasa deyərdim,
Qəbrin mübarəkdi, Məmməd!

4

Dostların uman yeri,
Məmmədin qələmiydi.
Ad günü olanların
Tək bircə güman yeri
Məmmədin qələmiydi.

Bu Məmmədin sözüdü,
Yeri gəlib deyəcəm –
“Allah qoysa “əlli”də
Qələmi qəddiyəcəm”...

O dünyaya söz gətirdi,
Dünyadan da söz apardı...
Qələmi çox şirin idi,
Qələmini göz apardı...

O bildiyin biz bilmədik,
O bildiyi qədər çəkdi...
Kimə söyləsən inanar –
Məmməd qələmdən əl çəkdi?!

5

Məmməd elə yazırdı
Ürəyin tikanı,
Canın hirsi çıxırdı.
Məmmədlə qələmin görüşü
Odla suyun görüşüydü
Həmişə səsi çıxırdı.

6

Narın budağın əyərəm,
Gülüynən ağı deyərəm.
Məzarın üstə göyərən
Ota oxşarın var, oğlan.

Yığılmışıq bir mərəyə,
Xəbər çatmaz yan-yörəyə
Daş toxundu pəncərəyə,
Çata oxşarın var, oğlan.

Yol – ağına düşdüyümüz,
Haqq – dünyadan köçdüyümüz,
Altında çay içdiyimiz
Tuta oxşarın var, oğlan.

7

...“Nizami”nin yanında
Elə bilirəm bu saat
Tindən çıxacaq Məmməd,
Bir yanında Mehdi müəllim,
Bir yanında Mətləb Nağı.
“Nizami”də həmişə
Hava Məmməd havasıdı
Dostların yaddaşına
Məmmədli xatirələr yağır.

19.04.2010