“Hacı İlqara gəldikdə, açıq şəkildə demişik, biz zorla bu adamı...” – Müsahibə

haci-ilqara-geldikde-aciq-sekilde-demisik-biz-zorla-bu-adami-musahibe
Oxunma sayı: 668

İlin yekunu haqqında və son həftələrin dünyəvilik və dinlə bağlı müzakirələrdə hədəfə gələn əsas şəxslərdən biri Müsavat Partiyasının başqanı İsa Qəmbərdir. Yaranmış durumu və sual yaradan məqamları incələmək üçün Müsavat başqanı ilə söhbətimizdə müəyyən qədər məsələlərə aydınlıq gətirməyə çalışdıq.


- İsa bəy, siyasi-mənəvi baxımdan bu ili necə başa vururuq və yeni ili nə ilə qarşılayırıq?

- Yola saldığımız ili ziddiyyətli dönəm kimi qiymətləndirmək olar. Bir tərəfdən parlament seçkilərindən sonrakı illər adətən çox sakit keçir. Bu il isə ötən il parlament seçkiləri ili olmasına baxmayaraq kifayət qədər maraqlı, gərgin keçdi və cəmiyyətdə müəyyən fəallaşma oldu. Demokratik düşərgənin toparlanması, İctimai Palatanın yaranması ili oldu, bir sıra kütləvi tədbirlər keçirildi və gənclər, ziyalılar fəallaşdılar. Bütün bunlar aktivə yazılası məsələlərdir. Eyni zamanda, cəmiyyətin fəallığı o səviyyədə olmadı ki, ölkədə demokratik dəyişiklikləri başlatmaq həddində olsun. Hakimiyyətin də heç bir pozitiv iradəsinin olmadığı ilin sonunda bir daha bəlli oldu, belə olacağı da hər kəsə bəlli idi. Hazırda 2011-ci ili bitirib 2012-ci ilə keçirik, amma Azərbaycanımızın köklü problemlərindən heç biri həll olunmayıb. Problemlər qalır, ağırlaşır və bunların həlli növbəti ildə də xalqımızın, cəmiyyətimizin, bizim başlıca hədəfimiz olaraq qalacaq.

- Partiyanız necə, bu il verdiyi vədləri tam yerinə yetirə bildimi?

- Biz ölkədə demokratik islahatların başlanmasının zəruri olduğunu və bu istiqamətdə fəaliyyət göstərəcəyimizi bildirmişdik. Və fəaliyyət göstərdik, mövqeyimizi ortaya qoyduq, cəmiyyətdə bir toparlanma olmasını faktiki təmin etdik. Bu təkcə demokratik düşərgəyə aid olmadı, başqa kəsimlərdə də fəallaşma baş verdi. Hesab edirəm ki, xeyli dərəcədə həm daxildə, həm də beynəlxalq aləmdə Azərbaycanın mövcud problemləri də, xalqın istəyi də bəyan edildi. Bu ili təkrar edirəm ki, hər hansı problemin həlli kimi tarixə yaza bilmədik, amma problemlərin aydın şəkildə qoyulduğu və mübarizə üçün önəmli addımlar atıldığı bir il kimi tarixə yaza bilərik. Ən azından biz cəhd etdik, kütləvi tədbirlərə başladıq, minlərlə insanımız fədakarlıq etdi, onlarla fəalımız bu gün də həbsdədirlər. Bu insanlar Azərbaycanımız və müsavatçılıq dəyərləri uğrunda fədakarlıq göstərdikləri üçün həbsdədirlər. Bunlar Müsavatın və bu yolda olanların öz vədlərinə sadiq olduğunu göstərir, nəticələr üçün isə daha çox səy göstərməli və mübarizəni daha ciddi şəkildə davam etdirməliyik.

- Növbəti ildə siyasi qüvvələr daha çox hansı məsələnin üzərində dayanmalıdırlar?

- Hesab edirəm ki, İctimai Palata, ümumiyyətlə, ölkədə dəyişiklik olmasını istəyən qüvvələr bir daha öz mövqelərini nəzərdən keçirməlidirlər. Yəni müəyyən dairələrdə bəzi düşüncələr var idi ki, bu hakimiyyəti islahatlara sövq etmək mümkündür. Biz kifayət qədər cəmiyyətə çatdırmağa çalışırdıq ki, hakimiyyətin müsbət dəyişikliklər üçün siyasi iradəsi yoxdur. Bu, təsdiq olundu. İndi yeni qərarlar zamanıdır, düşünürəm ki, yeni ildə parlament seçkilərini yenidən keçirmək tələbini qüvvədə saxlamaq şərtilə İlham Əliyev başda olmaqla bütövlükdə hakimiyyətin istefası tələbi gündəmə gəlməli və aydın siyasi mövqe kimi bəyan edilməlidir. Təbii ki, bu ilin sonu və yeni ilin əvvəllərində bu mövzu aktiv şəkildə müzakirə olunacaq.

- İctimai Palatadan söz düşmüşkən, son iki həftədə dünyəvilik və dinlə bağlı müzakirələrə baxışınız necədir?

- Mənim mövqeyim “Yeni Müsavat” qəzetinə müsahibəmdə öz əksini tapmışdı. Əgər biz prosesi irəli aparmaq istəyiriksə, köklü məsələlərə diqqətimizi cəmləməliyik, nəzəri məsələlərdə diskussiya aparmaq istəyiriksə, bunu yüksək səviyyədə etməliyik. Ayrı-ayrı insanları onların və özümüzün hansı kəsimə aid olmasına görə hədəfə götürməməliyik. Yəni şəxsləri hədəf seçməməli, ideyaların diskussiyasını aparmalıyıq. Bu baxımdan bizim köklü hədəfimiz köklü dəyişikliklərdisə, bu dəyişiklikləri qəbul edən bütün qüvvələrin birliyinə nail olmalıyıq. Məsələn, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində bizim hədəfimiz Azərbaycanın müstəqilliyi və ərazilərimizin işğaldan azad olunması idi. Həmin dövrdə bu iki hədəfi qəbul edən qüvvələrin birliyi mümkün və zəruri idi. Qarabağ və Azərbaycanın müstəqilliyi şüarı ilə xalqın bütün kəsimini, kiçik kommunist azlığı istisna etsək, birləşdirmək mümkün oldu. Məsələn, bütün islamçı kəsim həmin prosesdə iştirak edirdi. İndiki mərhələdə isə qarşıda demokratikləşmə hədəfi dayanıb. Çünki biz hesab edirik ki, yalnız demokratik Azərbaycan, xalqın seçdiyi hakimiyyət ərazi bütövlüyünü təmin edər, insanların problemlərini aradan qaldırar. Ona görə bu gün demokratikləşmə hədəfini qəbul edən qüvvələrin birliyi zəruridir. Bu qüvvələr arasında konfessional mövqe ikinci dərəcəlidir. Bizdə vicdan azadlığı haqqında qanun var və bu, bizim mövqeyimizdir. Və kim Azərbaycanın demokratikləşməsini qəbul edirsə, ateist, mömün müsəlman, başqa dinə mənsub olmasından asılı olmayaraq bu prosesdə iştirakı da, bu qüvvələrin birliyi də məqsədəuyğundur. Biz Müsavat olaraq buna çalışırıq, çünki real hesab edirik.

- Bir müddət əvvəl Müsavat Partiyasına üzv olan gənc yazarlar İctimai Palatanın (İP) 3 dekabr sessiyasında həmkarları Rafiq Tağının yad olunmamasını mısal gətirir və ittihamlarının əsas səbəblərinin bu olaydan doğduğunu bildirirlər. Belə bir münasibət olubmu?

- Bu məsələlər mətbuatda kifayət qədər danışıldı. Burada iki məqam var: birincisi, informasiyaların tam bilinməməsidir. Mən yazar dostlarımızı nəzərdə tutmuram, ancaq təəssüf ki, partiyamızın Rafiq Tağı ilə bağlı verdiyi bəyanat da mediada görünür kifayət qədər əks olunmamışdı, bir çoxlarının belə aydın mövqe bildirməyimizdən xəbəri yox idi. Sessiyaya bir neçə gün qalmış İP-nın tədbirində mənim təklifimlə Rafiq Tağının xatirəsi yad edilmişdi, görünür bu məqam da mediada çox əks olunmadığı üçün bir çox dostlarımızın da xəbəri yox idi. Ona görə aydınlığın, informasiyanın olmamağı prosesə təsir edir. Bu, məsələnin bir tərəfi və bilindi ki, necə olub. Məsələnin o biri tərəfi var, bəzən buna diqqət yetirilmir, dostlarımız da onu ifadə etdilər ki, onların müraciətlərinin, yazılarının, xəbərdarlıqlarının əsas məqsədlərindən biri cəmiyyəti, demokratik düşərgənin liderlərini xəbərdar etməkdir. Bu mesajı da hər kəs öz bildiyi şəkildə aldı və başa düşdü. Çünki cəmiyyətdə bir az qarşılıqlı etimadsızlıq və inamsızlıq var, demokratik düşərgə inanclı kəsimin demokratiyaya nə dərəcədə sadiq ola biləcəyi, dəyərləri nə dərəcədə qəbul edəcəyi ilə bağlı, onların əlində səlahiyyət olacağı təqdirdə demokratiyanınmı inkişafına, yoxsa öz mövqelərinin möhkəmlənməsi ilə əlaqədar narahatçılıq var. İnanclı insanlarda isə demokratik düşərgə və xüsusən onun tam sərbəst hissəsi ilə bağlı narahatlıqlar var.

- Nədən ibarətdir bu narahatlıqlar?

- Özlərindən soruşsanız yaxşı olar. Mən ümumi tendensiyanı şərh etməyə çalışdım. Bu problemlərə son vaxtlar ən azı diqqət yetirilmədiyindən müəyyən gərginlik yaşandı. İnanclı kəsimdə də narahatçılıq var ki, birdən demokratik düşərgə onların qüvvəsindən istifadə edər, amma əllərində səlahiyyət olanda dinlə bağlı dəyərləri nəzərə almaz. Bu narahatçılıq və bir az da inamsızlıq gərginlik yaradır. Hesab edirəm ki, bu baxımdan hər çətinlikdə də bir fayda var, bir qədər diskussiyalar oldu və bu gün də davam edir. Mövqelər bu diskussiyalarda aydın şəkildə görünür, tərəflər öz mövqelərini daha aydın şəkildə təqdim edə bilirlər. Düşünürəm ki, hər tərəf bu diskussiyadan özü üçün müəyyən nəticə çıxardır. Bu mənada baş verənlər ümumi prosesin ziyanına olmayacaq.

- İnformasiyasızlıq baxımından deyin bilək: doğrudanmı, 3 aprel sessiyasında Rafiq Tağı yad olunmayıb?

- Əvvəla, Rafiq Tağının xatirəsi həmin sessiyadan əvvəl İctimai Palatanın başqa tədbirində yad edilmişdi. Müsavat Partiyasının və İctimai Palatanın bəyanatları verilmişdi, sessiya günü isə bəyanat üzvlərə paylanmışdı, sənədin bütöv bir abzası Rafiq Tağı faciəsinə həsr olunmuşdu, yəni aydın bir mövqe bildirilmişdi. Ona görə İctimai Palatanın mövqe bildirməməsi haqqında narahatlıq informasiyasızlıqdan doğan bir narahatçılıqdır.

- O zaman partiyadaşınız Elnur Astanbəylinin “bu nə səmiyyətsizlikdir, özünütəkzibdir İsa bəy” sualına necə cavab verərdiniz?

- Bu mənim prinsipial mövqeyimdir ki, biz siyasətçilər jurnalistlərə, yazarlara necə yazmaq haqqında dərs verməməli, onları öyrətməməliyik. Hər bir jurnalistin isə siyasətçilərə siyasəti necə yapmaq lazımdır barəsində dərs vermək ixtiyarı var. Eyni zamanda, bunun bir zarafat hissəsi də var ki, jurnalist dostlarımız da, yazarlar da bizə siyasət öyrədə-öyrədə özləri də öyrənəcəklər. Siz Elnur bəyin fikirlərinin son hissəsini xatırladınız, amma mahiyyətini xatırlatmadınız. Elnur bəyin mənim “şəxsiyyətlər üzərində yox, ideyalar üzərində diskussiya qurmaq lazımdır” fikrimi sitat gətirmişdi. Və əlavə etmişdi ki, İsa bəy İlham Əliyevin şəxsiyyəti üzərində diskussiya aparır, amma İlqar İbrahimoğluna, Pənah Hüseynə gələndə deyir ki, şəxsiyyətlər üzərində diskussiya aparmayın. Bu məsələdə fundamental bir fərq var: mən heç İlham Əliyev şəxsiyyəti üzərində də müzakirə aparmağa ehtiyac görmürəm. Amma məsələ orasındadır ki, İlham Əliyev avtoritar rejimin başında dayanıbdır və cəmiyyətdə onun adını çəkməyə qorxurlar. Bəziləri onun adını çəkməmək üçün nazirlər haqqında danışırlar, bəziləri özünün yaxşı, ətrafının pis olduğunu deyir və guya, ictimai tənqid təşkil edirlər. Ona görə mən ad çəkməklə nümunə göstərirəm, reallığı yada salıram ki, avtoritar rejimin başında o, dayanır və baş verən bütün neqativlərin məsuliyyəti onun üzərindədir. Bunun üçün onun adını çəkirəm, yoxsa xüsusi bir həvəsim yoxdur ki, diskussiyanı ayrı-ayrı şəxslərin üzərində quram. Ona görə də müqayisə olunan məsələlər deyil. Hər halda istənilən situasiyada, qaydalarda istisnalar da olur.

- Sizin də, Əli Kərimlinin də İlqar İbrahimoğlunu ciddi-cəhdlə müdafiə etməyiniz belə münasibət yaratdı ki, liderlərin hər biri dini kəsimi öz tərəflərinə çəkmək istəyirlər. Doğrudanmı, yarışa girmisiniz?

- Bu, qeyri-ciddi yanaşma olardı. Mənim bu illərdə mövzu ətrafında mövqelərim və çağırışlarım olub, seçki illərində 100 minlərlə inanclı kəsimin nümayəndələri kampaniyamda iştirak edib səs veriblər. Mən bu məsələlərə sırf bir seçkiyə hesablanmış siyasətçi kimi yanaşmıram. Mən məsələlərə Azərbaycanın bu günü və sabahı üçün məsuliyyət daşıyan partiyanın rəhbəri kimi yanaşıram. Məni maraqlandıram bu hədəflərdir. Ölkədə demokratik dəyişikliklərə nail olmaq istəyiriksə, cəmiyyətimizin bütün gücünü bu istiqamətdə cəmləməyi bacarmalıyıq. Ona görə də bu kəsimin yanaşması bu cür, başqa kəsiminin yanaşması başqa cürdür kimi baxışlar düzgün deyil. Hacı İlqara gəldikə, açıq şəkildə demişik ki, o, hər zaman demokratik düşərgəyə dəstək verib və cümhuriyyət dəyərlərinə münasibətini ifadə edibdir. Biz zorla bu adamı özümüzdən kənarlaşdırmaq xəttini niyə seçməliyik ki? Bu düzgün yanaşma deyil.

- Ancaq mətbuat yazdı ki, Hacı İlqar Güney Azərbaycan hərəkatını separatçı adlandırmışdı?

- Diskussiya aparmaq olar. Bax, görürsünüz yenə də mövzunu fərdlər, şəxslər üzərinə çıxarırsınız.

- Siz bu fikri bölüşürsünüzmü?

- Hansı fikri?

- Güney Azərbaycan hərəkatının separatçı olmasını...

- Mən Güney Azərbaycan hərəkatı deyəndə İranda yaşayan azərbaycanlıların haqqı hesab edirəm. Hər bir millətin öz müqəddəratını təyinetmə hüququ olmalıdır və hər bir insanın öz sərhədini seçmək haqqı olmalıdır, mən bunu hörmətlə qarşılayıram. Sizin fikrinizcə, biz Hacı İlqarı hansısa məsələ ilə bağlı müdafiə ediriksə, bu, o demək deyil ki, onun səhvi olmamalıdır. Ola bilər ki, bu söz kontekstdən çıxarılaraq təqdim edilir. Həm də ki, hər birimizin səhvi ola bilər, o cümlədən adı çəkilən, çəkilməyən bütün şəxslərin. Ona görə də mən səhərdən deyirəm ki, ideyalar üzərində diskussiyalar aparmaq lazımdır, ancaq Siz yenə də məni şəxslərin üzərinə çəkirsiniz.

- Ona görə bu suallar yaranır ki, Siz Pənah Hüseyni Hacı İlqar qədər müdafiə etmədiniz, “Molla Pənah Hüseyn” yazısı baxımından...

- Bu da yeni bir tezisdir. Soruşacaqsınız, deyəcəyəm, soruşmayacaqsınız, deməyəcəyəm. Əvvəla, ona görə ki, mənim şəxsiyyətlər üzərində diskussiya aparmaq həvəsim yoxdur. İkinci də kimin haqqında sual verirsinizsə, onun barəsində danışmağa məcbur oluram.

- Bildiyimə görə “Molla Pənah Hüseyn” yazısını çox bəyənmisiniz...

- Kimsə deyib ki, bəyənmişəm?! Mən istənilən yazıya iki müstəvidə qiymət verirəm: bir yazının yazılma, ustalıq səviyyəsinə, ikinci də irəli sürülən ideyalara, arqumentlərə görə. Eyni zamanda, istənilən yazıda razı olduğumuz və olmadığımız məqamlar olur. Təbii ki, yazını mütləq əla, yaxud yox demək problemim yoxdur.

- Bəs həmin yazıda Sizə ünvanlanan sualları necə qiymətləndirirsiniz?

- Normal qiymətləndirirəm. Elnur bəyin mənə sualları olsa, sualları mənə vermək imkanları hər zaman var.

- Buyurun, cavab verin!

- (gülür). Siz onun vəkili, sözçüsü deyilsiniz ki...

- Mən jurnalistəm İsa bəy...

- Elnur bəy məqaləsində hansı sualları səsləndirib, digər dostlarımız hansı arqumentləri deyib, bunu əzbərdən yadda saxlamıram ki. Əgər maraqlandıran məqam varsa, deyin, münasibət bildirərəm.

- Məsələn, Elnur Astanbəyli Sizə xitabən deyir ki, nə vaxta qədər Pənah Hüseyni ətrafınızda saxlayacaqsınız? Buyurun, cavab verin...


- (gülür) Yenə də öz ənənəvi müstəntiq janrınıza qayıtmaq istəyirsiniz...

- Xeyr, bu mənim yox, partiyadaşınız Elnur bəyin sualıdır...

- Pənah Hüseyni ətrafımda saxlamaq nə deməkdir?! Pənah Hüseyn müstəqil bir insandır, Azərbaycanın müstəqilliyində xidmətləri olan insandır və onu kiminsə ətrafında saxlamaq yanaşması axı bir az yaxşı səslənmir. Hörmətsiz səslənir. Bilirsiniz, başqa bir jurnalist də gəlib deyəcək ki, Elnur Astanbəyli haqqında belə bir söz deyiblər, o zaman mən onu bir növ müdafiə etməyə məcbur olacağam. Ancaq gəlin razılaşaq ki, nə Hacı İlqarın, nə Pənah bəyin, nə Elnur bəyin, digər dostlarımızın müdafiəyə ehtiyacı yoxdur. Bu insanlar özlərini sübut etmiş, təsdiqləmiş, hər birinin xidmətləri olan insanlardır. Ona görə Sizə təklif edirəm ki, adamlar üzərində söhbət etməyə son qoyub, mövzular üzərində davam edək.

- Amma mövzuları gündəmə insanlar gətirir axı...

- Yox da, istənilən mövzunu ad çəkərək də müzakirə etmək olar, mahiyyət üzrə də. Ad çəkəndə diqqət adamların üzərinə gedir ki, aha, burdan nəticə çıxdı ki, İsa Qəmbər filankəs haqqında müsbət, yoxsa mənfi fikir səsləndirdi. Ancaq mövzudan söhbət gedəndə, mövzular açılır, qiymət verilir, ideoloji bir irəliləyiş olur ki, bir məsələyə də münasibət bildirildi.

- O zaman bir mövzuya qayıdaq, Pənah Hüseynin Aşura günün qeyri-iş günü elan etməsi təklifinə münasibətiniz necədir?

- Mən hesab edirəm ki, bu təklif yetişməyib.

- Demokratik cəmiyyət qurulsa, bu təklif yetişəcəkmi?

- Yəni insanın təklif vermə azadlığını bizim boğmaq ixtiyarımız yoxdur, mənim yanaşmam budur. Ancaq eyni zamanda bir təklif verən kimi də panika yaratmağın da mənası yoxdur. Təklifdir də, verilibdir, nə təsdiq, nə də müzakirə olunub. Demokratik cəmiyyətdə isə bütün ideyalar geniş ictimai diskussiyadan keçər, hətta referendumlar keçirilə bilər.

- İsa bəy, doğrudanmı Siz qeyri-səmimisiniz?

- (acı-acı gülür) Onu hər kəs özü üçün müəyyənləşdirə bilər. Mən özüm özümə qiymət verməyə ehtiyac duymuram.

- Sizə simpatiyası olan gənc yazarların birdən-birə Sizə qarşı hücuma keçməsinin kökündə nə dayanır?

- Hələki özümə qarşı xüsusi bir hücum hiss etmirəm. İndiyə qədər Sizin suallarınızda da göründüyü kimi və həmin müəlliflərin bəzilərinin yazılarında hədəf mən deyildim. Amma bunun fərqi yoxdur, bu prosesdir və mən ümumi şəkildə sualınıza cavab vermişəm. Bilmirəm, yadınıza gəlir, yoxsa yox. Mən Sizə izah etdim ki, cəmiyyətdə narahatçılıq var, inanclı kəsimdə demokratik düşərgənin mövqeyi, əlində səlahiyyət olacağı təqdirdə nə edəcəyi ilə bağlı narahatçılıq var. Demokratik düşərgədə də inanclı kəsimin güclənəcəyi, söz sahibi olacağı halda bu səlahiyyətlərdən nə cür istifadə edəcəyi narahatçılığı var. Və mən dostlarımızın hamısının yazılarını bu kontekstdə dəyərləndirirəm. Ən azından bu mesajlar yayılır, tərəflər biri-birinə mesaj verir, hər kəs özü üçün nəticələr çıxardır. Bu bir prosesdir və mən də bu barədə danışıram. Bunu nə şişirdib kəskinləşdirməyə ehtiyac var, nə də qorxmağa ehtiyac yoxdur ki, hay-haray hər şey darmadağın oldu, çökdü.

- Demokratik kəsimin narahatçılığını əsaslı hesab edirsinizmi?

- Mən demokratik kəsimin narahatçılığını bölüşmürəm. Hesab edirəm ki, Azərbaycan hətta 1918-20-ci illərdə dinin indikindən qat-qat güclü, din xadimlərin indikindən daha təsirli olduğu dönəmdə cümhuriyyət dəyərlərinə əsaslanan bir sistem qurmuşuqsa, Şərqə və dünyaya nümunə göstərmişiksə, XXI əsrdə fərqli bir nəticə olacağı ilə bağlı heç bir narahatçılığım yoxdur. Eyni zamanda, mən inanclı kəsimin də demokratik qüvvələrlə bağlı narahatçılığını bölüşmürəm. Bilirəm ki, demokratik düşərgə səmimi olaraq vicdan azadlığının tərəfdarıdır və demokratik düşərgədən asılı olacağı təqdirdə, Azərbaycanda insanlar bütün məsələlərdə azad olacağı təqdirdə, dini-etiqad məsələlərində də tam azad olacaqlar.

- Siz 20-ci il hadisələrini xatırlatdınız, amma bolşeviklər Azərbaycanı işğal edəndə parlamentdəki ittihadçılar yerli kommunistlərlə birgə hərəkət etdilər...

- Bu detallardır. Bolşeviklərə həlledici dəstəyi ittihadçılar verməyiblər ki. Bu dəstəyi azərbaycan mənşəli yerli kommunistlər, solçular verib.

- Həm də ittihadçılar dəstək verib...

- Eyni qaydada Müsavat ideyasını müdafiə edən inanclı kəsim olub, əks düşərgəyə keçən də inanclı kəsim olub. Ona görə də hürriyyət və istiqlal məsələsində xətt mömün insanlarla demokratik düşərgə arasında olmamalıdır, xətt Azərbaycanın cümhuriyyət dəyərləri əsasında inkişafını qəbul edənlərlə etməyənlər arasında ola bilər. Bax, bunu hər kəsə izah etmək lazımdır.

- Sizinlə müsahibəyə gələndə xanım hərəkatçılardan Gülnarə Rüstəmli bir sualını çatdırmağı xahiş etdi: nə zamana qədər liderlər oyun oynayacaq və buna görə sıravilər ortalıqda qalacaqlar?

- Əgər hər şey məndən asılı olsaydı Azərbaycan çoxdan güllük-gülüstanlıq olmuşdu, yüksək sürətlə inkişaf edirdi, ərazi bütövlüyün də bərpa etmişdi, xalqın da firavanlığı bərqərar olunmuşdu.

- Söhbətin yekun hissəsinə keçək: Müsavatın 2010-cu ilin mayında keçirilməli olan qurultayının baş tutmaması yalnız hakimiyyətinmi təzyiqlərindən doğur?

- Əsas məsələ hakimiyyətin yaratdığı problemlərdir. Bir tərəfdən Arif bəyin, partiyanın önəmli simalarının həbsi, başqa tərəfdən rayonlarda konfranslara yaradılan müqavimət bu hazırlığı xeyli ləngitdi. Təsəvvür edin ki, son vaxtlar konfransları az qala yarımgizli şəraitdə keçirməli oluruq. Hansı rayonda ki, yerli hakimiyyətə partiyanın konfrans keçirməklə bağlı müraciəti olub, ya get-gələ salırlar, ya da imkan verməyəcəklərini deyib uzadırlar. Nəhayət, partiyadaşlarımız xüsusi reklam etmədən, səs-küysüz, sakitcə konfrans keçiriblər. Yəni biz qurultaya bu şəraitdə hazırlaşırıq.

- Hakimiyyəti seçki saxtakarlığında ittiham edirsiniz, amma 2006-cı ilin may qurultayında Məclis seçkilərinə saxtakarlıqları araşdırmaq üçün Sizin təşəbbüsünüzlə komissiya yaradılmışdı. Komissiyanın fəaliyyətinin nəticəsi necə oldu, artıq 5 il ötüb...?

- Komissiya kifayət qədər səmərəli işlədi və hadisəni aydınlatdı, bu barədə də Məclisə bilgi verdi. Əslində, saxtakarlıq cəhdi bir nəfər tərəfindən edilmişdi.

- Kim idi həmin bir nəfər?

- Həmin şəxs hazırda partiyada deyil. İkincisi də saxtakarlıq cəhdinin qarşısı elə oradaca Müsavatın seçki komissiyası tərəfindən alınmışdı. Ondan sonra da səslər düzgün sayılaraq bəyan edilmişdi. Bu məsələni nədənsə müşahidəçilər qeyd etməyi unudurlar, səbəbini bilmirəm.

- Yeni ili əksər həmkarlarınızın həbsdə olduğu il kimi qarşılayacaqsınız. Bu ağırlığı necə qəbul edirsiniz?

- Bu İlham Əliyev hakimiyyətinin Azərbaycan xalqına, cəmiyyətinə münasibətinin bir göstəricisi oldu və onun qərar qəbul etmək iradəsinin mövcud olmadığını nümayiş etdirdi. Çünki bütün məntiqlə İlham Əliyev vicdan məhbuslarının azadlığına qərar verməli idi və cəmiyyətin yeni ilə pozitiv bir şəkildə daxil olmasına maraqlı olmalıydı. Əgər İlham Əliyev bunu etməyibsə, onun iradəsinin olmadığını sübut edir. Başqa tərəfdən də onu göstərir ki, biz narahatçılığımızda haqlıydıq və bu rejimə qarşı daha sərt, birmənalı şəkildə mübarizə aparılmalıdır. Mən inanıram ki, növbəti il Müsavat Partiyasının da, İctimai Palatanın da bu məsələlərdə mövqeyi 2011-ci ildən daha sərt, daha aydın olacaq.

Natiq CAVADLI
“Bizim Yol”