Hafiz Məmmədovdan maraqlı açıqlamalar

hafiz-memmedovdan-maraqli-aciqlamalar
Oxunma sayı: 652

"Bu gün çox güclü rəqibə qarşı oynayırdıq. Unutmayaq ki, "Xəzər Lənkəran" Bakıya turnir cədvəlinin lideri kimi gəlib. Eyni zamanda rəqibimiz ölkənin ən iddialı klublarından biridir. “Xəzər Lənkəran” səviyyəli futbolçulardan qurulmuş güclü komandadır, sürətli və yaradıcı oyun göstərir.

Güclü yağış və küləkdən doğan çətin hava şəraiti oyunun gedişində öz sözünü dedi. Bununla belə futbolçularımızın sona qədər əzmkarlıqla mübarizə aparması bütün bakısevərlər kimi məni də sevindirdi.

Bu oyun klub üçün həm də onunla əlamətdar idi ki, "Bakı" ilk dəfə Azərbaycan çempionatı oyununda rəqibi özünə aid təlim-məşq bazasının stadionunda qəbul etdi. Burada görülən işləri yüksək qiymətləndirirəm. Klubun kollektivi belə prinsipial qarşılaşmanın səviyyəli şəkildə təşkili üçün böyük işlər görüb.

Bu fəaliyyət davam etdiriləcək, əminəm ki, növbəti oyunlarda şərait daha da yaxşılaşdırılacaq. Təlim-məşq bazası və futbol akademiyasının səviyyəcə yeni müstəviyə yüksəldilməsi sahəsində ciddi çalışmalarımız var, bu tamam başqa bir söhbətin mövzusudur. Yalnız onu deməklə kifayətlənirəm ki, planlarımız genişdir.

Uinston Parksın sabiq klubunun qapsına iki qol vurmasına münasibət bildirən Hafiz Məmmədov bunu kosta-rikalı hücumçunun özünün sübutu kimi dəyərləndirib:

"Parks karyerasını "Bakı"da davam etdirəcəyi barədə qərar verəndə bir çoxları bunun səhv addım olduğunu, onun gələcək karyerasının uğurunun şübhə altına alındığını söyləyirdilər. Bu gün Parks öz oyunu ilə meydan sahibinin kim olduğunu göstərdi, komandamız sonda qələbəni əldən versə də, bu azarkeşlərimiz üçün nə qədər acı olsa da, mən bu nəticəni qələbəyə bərabər sayıram. Bütün futbolçularımızın zəhmətini və məşqçi heyətinin işini qeyd etmək istəyirəm. Parksı isə oyunun ən yaxşısı kimi qiymətləndirirəm".

Nəticədən də önəmli meyarların olduğunu vurğulayan klub prezidenti futbolçuların mükafatlandırılacağını bildirib: "Komanda bu oyuna görə qələbə reytinqinə uyğun şəkildə mükafatlandırılacaq. Mən bu nəticənin qələbəyə bərabər olduğu qənaətindəyəm. Bu, Premyer Liqa miqyaslı turnirdə ilk klassik ev oyunumuz anlamına gəlirdi.

“Bakı” ilk dəfə rəqibi klub stadionunda qəbul edirdi, azarkeşlərimiz də komandamıza dəstək verərək tribunaları doldurmuşdular. Gözəl abu-hava yaranmışdı. Futbolçularıma və məşqçilərimizə təşəkkür edirəm ki, bizə bayram əhval-ruhiyyəsi yaşatdılar, öz oyunları ilə ümidləri doğrultdular. Komanda oyuna qələbə üçün çıxmışdı, bunu sona qədər seyr etmək mümkün idi.

Əldən verilən qələbədə kiminsə günahlandırılmasını düzgün olmadığını bildirən klub prezidenti artıq bu oyunu unudub, gələcək qarşılaşmalara hazırlıqların davam etdirilməsini vacib sayır: “Kimsə buraxılan qollarda Marko Şarliyanı günahlandırmasın. Marko təcrübəli və səviyyəli qapıçıdır. O, artıq neçənci mövsümdür ki, “Bakı”nın çərçivəsini qoruyur. Onun illər boyu sərgilədiyi inamlı oyunları sadalamaqla bitməz. Şarliya çox oyunlarda komandamızı xilas edib. Onu ittiham etmək düzgün deyil.

Qeyd etdiyim kimi bütün komanda mükafata layiq görülüb, bundan əlavə Uinston Parks və Marko Şarliyaya klub rəhbərliyinin xüsusi hədiyyələri təqdim olunacaq”.

Stadionu ikili hisslərlə tərk etdiyini açıqlayan klub prezidenti bunun səbəbini belə izah edib:“Liderlə və çox güclü rəqiblə oyunun sonlarında qələbəni qoruya bilmədik, bu bizi təssüfləndirir. Bununla bərabər, komandamızın göstərdiyi səviyyəli oyun və əzmkarlıq alqışa layiqdir.

Rəqib hesabı bərabərlişdirdikdən sonra yenə də qol vurmaq imkanlarımız oldu. Təəssüf ki, qalib gələ bilmədik. Qarşıdan gələn oyunlarda komandamıza uğurlar arzulayıram".