Hakim Əhməd Əhmədzadəni şəxsən məhkəməyə çağırdı

hakim-ehmed-ehmedzadeni-sexsen-mehkemeye-cagirdi-
Oxunma sayı: 860

“Qafqazinfo”nun məlumatına görə, 1 saylı Bakı İqtisad Məhkəməsində keçirilən prosesə Tahirə Əsədova sədrlik edib. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri məhkəmə iclasına qatılmadığı üçün prosesin təxirə salınması barədə qərar qəbul olunub.

İclasda iddiaçılar Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb olunması üçün vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib və Ə. Əhmədzadə iyulun 19-da keçiriləcək iclasda iştirakına qərar verib.

Xatırladaq ki, zərərçəkənlərin hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur və iddiaçılara hüquqi xidmət Hüquq Maarifçiliyi Cəmiyyəti (rəhbəri İntiqam Əliyev) tərəfindən göstərilir.

İddiaçılar onlara dəyən ziyanın ödənilməsi ilə yanaşı 2010- cu ilin yazında Kür daşqınlarının baş verməsində Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC- nin də cavabdeh qismində məhkəməyə dəvət olunmasını istəyirlər. Xatırladaq ki, sözü gedən qurum Kür və Araz çaylarının lildən təmizlənməsi və çayların ətrafında bəndvurma, sahil bərkitmə işlərinə görə cavabdehdir. Aparılan araşdırmalar göstərir ki, son illər bu istiqamətdə ayrılan vəsaitlər səmərli və şəffaf xərclənməyib. Digər tərəfdən Meliorasiya və Su Təsərrüfatı ASC ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı informasiya sorğusunu cavablandırmadığına görə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən məhkəməyə verilib.

Səidə Teyyubqızı