“Hakimiyyət hicabla bağlı böyük səhvə yol verdi” - Müsahibə

hakimiyyet-hicabla-bagli-boyuk-sehve-yol-verdi-musahibe
Oxunma sayı: 734

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin “Qafqazinfo”ya müsahibəsi:

- Ərəb ölkələrində baş verən inqilabların dalğası Gürcüstana qədər getdi. Bəs Azərbaycanda nə üçün bu dalğa hiss olunmadı?

- Ərəb dünyasında gedən oyanışı bu gün birbaşa bizimlə bağlamaq o qədər də korrekt deyil. Lakin Ərəb dünyasını bürümüş azadlıq dalğası yaxın gələcəkdə dünya düzəninin konturlarını dəyişmək üzrədir və onun Azərbaycana da çatacağı istisna deyil. O ki qaldı Gürcüstanda gedən proseslərə, o ayrı janr və ayrı xarakterlidir. Əgər bizim üçün demokratik sistemi yaratmaq problemi var, Gürcüstanda bu sistem artıq yaranıb. Orada sistemin içində təkmilləşmə problemi var.

- Azərbaycan hakimiyyəti ərəb ölkələrində inqilablar başlayarkən bəzi qabaqlayıcı tədbirlər gördü. Korrupsiyaya qarşı mübarizə, bəzi məmurların yerdəyişməsi və sair. Bunun prosesə hər hansı təsiri oldumu?

- Mən çox təəssüf edirəm ki, Azərbaycan iqtidarı nə tarixdən dərs götürür, nə müasir dünyadan, nə zamanın çağırışlarına və tələblərinə adekvat cavab verir. Korrupsiyaya qarşı mübarizə bəyan olundu, amma sözdən o tərəfə keçmədi. Mən bunu dəfələrlə demişəm və bu gün də təkrar edirəm. Mübarizəyə başlamaq və mübarizədən danışmaq çox fərqli anlayışlardır. Yalnız sözlərlə, müşavirələrlə bu bəlanın kökünü kəsmək mümkün deyil. Burada təxirəsalınmaz köklü sistemli islahatlara gedərək bir neçə şərti reallaşdırmaq vacibdir. Korrupsiya ilə həqiqi mübarizə aparmaq üçün bir neçə şərt zəruridir və ən əvvəl hakimiyyətin yuxarı eşelonunun siyasi iradəsi, səmimiliyi və ardıcıllığı, ikincisi, söz azadlığı, üçüncüsü - müstəqil məhkəmə, dördüncü, və ən əsası, cəmiyyətin nəzarəti. Yəni əks rabitə olmalıdır, bu, mühüm məsələdir. Və nəhayət, ən önəmlisi dürüst və təmiz kadrların hakimiyyətə gətirilməsidir. Təmiz insan ətrafında da təmiz mühit yaradır, çirkli insan - natəmiz. Yəni, sistemli dəyişiklər lazımdır, ayrı-ayrı tədbirlər yox.

Sual çıxır ki, necə olur ki, Saakaşvili Gürcüstanda tez bir zamanda bunu bacardı və korrupsiyaya qalib gəldi, bizdə isə heç nə alınmır? Gürcüstan sovet dövründə ən çox korrupsiyaya uğramış ölkələrdən biri sayılırdı. Bu gün isə o dünya çapında korrupsiyadan azad ölkələrin içində ön cərgədədir. Deməli, bu nə millətin mentaliteti ilə, nə ənənənə ilə, nə də tarixlə bağlı olan şey deyil. Əsası hakimiyyətin iradəsi və səmimi istəyi ilə bağlı olan məsələdir.

Hər halda, hakimiyyət hələ ki mümkün olan inqilabın qabağını almaq üçün heç bir qabaqlayıcı tədbirlər görmür.

- Azərbaycanda inqilab həqiqətən baş verə bilərmi?

- İnqilabı şərtləndirən amillər Azərbaycanda var. Söz azadlığının məhdudlaşdırılması, demokratiyanın yoxluğu, korrupsiyanın tüğyanı, məmur özbaşınalığı, yalan və talan, vətəndaşlara qarşı zorakılıq, vətəndaşların hüquqsuzluğu. Bu gün hakimiyyət onun əsasını təşkil edən ictimai mahiyyətini itirərək yalnız şəxsi maraqlar alətinə çevrilib. Bu gün adi bir insan məmuru görəndə qorxu içində əsir ki, ya gəlib işini əlindən alacaq, ya boynuna haqq qoyacaq, ya evini başına uçurtacaq, ya torpağını alacaq və belə halda nə məhkəmə kömək edəcək, nə də ki dövlət. Bu gün geniş vüsət almış bu ədalətsizlik insanları bezdirib. Məmurlarımız yaddan çıxarıblar ki, dövlətin əsas funksiyası ədalətin təminatıdır. Əgər insan dövlətin ədalətinə ümid etmir, o artıq dövlətin özünə ehtiyac duymur. Bu isə çox təhlükəli tendensiyadır. Məhz inqilablara gətirən yoldur. Məşhur bir deyim var: "Bütün hüquqların əlindən alınanda, sənin bircə hüququn qalır – inqilab etmək hüququ". Və əgər insan öz arzularını həyata keçirmək üçün öz vətənində qanuni imkan tapmır, o mütləq inqilaba və üsyana əl atacaq. Bu, tarixin qanunudur. İnqilab – arzuların intiqamıdır!

Mən özüm inqilab tərəfdarı deyiləm. Ona görə ki, Azərbaycan onsuz da geosiyasi nöqteyi-nəzərdən ağır durumdadır. Və ölkə xaricində bundan istifadə edən maraqlı qüvvələr də az deyil. Bu isə milli maraqlarımıza böyük zərbə vura bilər. Lakin bu minvalla da getmək artıq mümkün deyil. Dəyişikliklər və köklü islahatlar bu gün Azərbaycan üçün artıq həyati zərurətə çevrilib. Yəni, hakimiyyət çox da arxayın olmasın ki, hər şey olduğu kimi qala bilər. İnqilablar çox vaxt gözlənilməz olur. 1917-ci ilin yanvarında jurnalistlər Leninə sual verirlər ki, "inqilab Rusiyada nə vaxt baş verəcək?" Lenin cavab verir, "bunu biz görməyəcəyik, bu gələcək nəsillərin işidir". Lakin düz bir aydan sonra, fevralda Rusiyada inqilab baş verdi.

- Son vaxtlar ölkədə dindarlar bəzi aksiyalar keçirdi və Siz bu aksiyalara, hicaba dəstək verdiniz. Bu problemin yaranmasının səbəbini nədə görürsünüz?

- Mən dəstək verəndə, vətəndaşların vicdan azadlığına, sərbəst toplaşmaq azadlığına, ifadə azadlığına dəstək verdim. Hicaba fərqli baxışlar ola bilər və bu təbiidir. Lakin bu, cəmiyyətdə konfliktlərə, ziddiyyətlərə yol açmamalıdır. Dialoq və anlaşma yolu ilə öz həllini tapmalıdır.

Azərbaycanda hicab problemi yox idi, amma hakimiyyət bunu problemə çevirərək, böyük səhvə yol verdi.

Azərbaycan Konstitusiyası vətəndaşların vicdan azadlığına, insan hüquqlarının ayrılmaz hissəsi kimi, birmənalı olaraq təminat verir. İnanclı insanların etiqad azadlığı heç bir vəchlə məhdudlaşdıra bilməz. Əks təqdirdə bu, cəmiyyətdə radikallığa yol açar.

- Belə ittihamlar səslənir ki, aksiya keçirən dindarlar İran tərəfindən idarə edilir. Bu barədə nə düşünürsünüz?

- Mənim belə bir məlumatım yoxdur. Fərziyyələrə isə mən, ümumiyyətlə, şərh vermirəm.

- Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqların gedişi barədə fikriniz necədir və bu danışıqlardan hansı nəticələr çıxarırsınız?

- İyirmi ilə yaxındır danışıqlar gedir və hələ ki, heç bir nəticə yoxdur. Ermənistan öz inadkarlığından əl çəkmir və imkan vermir ki, bu proses nəticə versin. Ermənistanın bu təcavüzkar və ağılsız siyasəti artıq erməni xalqına qarşıdır. Ermənistan elitası onsuz da firavan həyat sürür. Və Qarabağ artıq onlar üçün dünya çapında bir alver alətinə çevrilib. Hər halda Qarabağ heç vaxt müstəqil olmayacaq və Azərbaycan torpağında heç vaxt ikinci erməni dövləti yaranmayacaq. Bu məsələdə bütün Azərbaycan xalqı, iqtidarlı – müxalifətli, eyni mövqedədir.

- Bizim Avroviziya Müsabiqəsində qələbəmiz gələn il Azərbaycanı ev sahibi edir. Bu Azərbaycanda hansısa demokratik dəyişikliklərə gətirə bilərmi?

- Bizim qələbəmiz günü mən çox böyük fərəh hissi keçirtdim. Lakin ilk gündən həm ABŞ-da, həm Almaniyada Azərbaycan haqqında çox tənqidi məqalələr çap olundu. Bu qələbə bir yandan Azərbaycanı diqqət mərkəzinə gətirdi, digər tərəfdən obyektiv olaraq tənqidə məruz qoydu. Mən ümid etmək istərdim ki, gələn il Azərbaycanda bu müsabiqə layiqincə keçiriləcək və biz buna qədər öz imicimizi əməldə dəyişərək demokratik islahatlara yol açacayıq. Hər halda bu mənim arzum və istəyimdir.

- Türkiyə artıq seçkilər ərəfəsindədir. Siz orada keçirilən seçkiqabağı təşviqat-təbliğat kampaniyasını izləyirsinizmi və kimi qalib görürsünüz?

- Sözsüz ki, mənim üçün Ana dövləti olan Türkiyədə gedən prosesləri yaxından izləyirəm. Türkiyə demokratik ölkədir və seçkiqabağı kampaniya da çox maraqlı və gərgin keçir. Hər halda mənim üçün əsas meyar Türk xalqının seçimidir. Lakin şəxsi simpatiyam sayın Ərdoğanadır. Birincisi, ona görə ki, o söz sahibidir. Bunu o, Qarabağ məsələsində də sübut etdi. İkincisi, mənəvi dəyərlərə sadiq bir insandır. İndiki zəmanədə siyasətçi üçün bu nadir haldır. Üçüncüsü, son səkkiz ildə Türkiyənin inkişafı üçün çox böyük əməli işlər gördü. Və nəhayət, sadə insanlara çox yaxındır, onların istəkləri və maraqları ilə hərəkət edir. Amma hər halda Türkiyə siyasətində digər namizədlər də dəyərli siyasətçilərdilər. Mən hər kəsə uğurlar diləyirəm və Türk xalqının seçiminə dərin ehtiramla yanaşıram.