Halalzadələr və haramzadələr

<b>Halalzadələr və haramzadələr </b>
Oxunma sayı: 571

Azərbaycan cəmiyyətinin qəribə adətləri bununla yekunlaşmır. Xaricdən H. Əliyev adına beynəlxalq hava limanına cənazə gətirənlər də dediklərimi təsdiqləyərlər - hava limanına hər hansı bir azərbaycanlının cənazəsi gətirildikdə elə həmin hava limanın azərbaycanlı işçiləri cənazəni görüb sevinirlər. Yaxud cəmiyyətimizdə daha bir qəribə fikir betonlaşıb ki, xarici şirkətlərdə işləyənlər, Rusiyada və Türkiyədə məskunlaşanlar, Qərbdə yaşayanlar və təhsil alanlar; işlədiyi şirkətdəki xaricilərə, bazarlarda göy-göyərti satdığı ruslara, mürəbiyyəlik etdikləri türk qardaşlarımıza, qərblilərin çalışmaq istəmədikləri işlərdə çalışdıqları halda belə qərblilərə yaltaqlıq etməlidirlər.

Məqaləni bu yerinə qədər oxuyanlar elə başa düşməsinlər ki, mən dövlət malını mənimsəyənləri, öz həmvətənlisinin cənazəsini görüb rüşvət alacağı üçün sevinənləri və yaltaqları qınamaq niyyətindəyəm. Əsla və əsla belə bir niyyətim yoxdur. Çünki bilirəm ki, əgər biz bircə kəlmə belə bu haqda söz desək, cəmiyyətimizdə dövlət malını mənimsəyənlərin, rüşvət alanların və yaltaqlıq edənlərin “uzağa” getdiklərini qarşımıza dağ kimi qoyacaqlar. Bu da azmış kimi hələ deyəcəklər ki, dövlət malını yemək üçün, cənazədən rüşvət almaq üçün və yaltaqlıq etmək üçün qonum-qonşudan borc toplayaraq rüşvət verib həmin iyrənc işlərlə məşğul olmaq istəyənlərin sayı da az deyildir.

Düzdür, qəbul edirəm ki, 1813-cü ildən bura qeyri-rəsmi köləlik dövrü yaşayan bir cəmiyyətin birdən-birə və ya qısa müddətə yaltaqlıq psixologiyasından qurtulması asan deyildir. Lakin Azərbaycan cəmiyyətini eyni taleli yaxın qonşularımız çeçenlər və Dağıstan xalqları ilə müqayisə etsək, sonuncular daha məğrur, daha istiqrarlı və daha təəssübkeş təəssüratı buraxırlar. Bura onu da əlavə etsək ki, Qafqazda və Orta Asiyada ən çox torpaq itirən Azərbaycan dövlətidir, zənnimcə, cəmiyyətimizin müvəffəqiyyətlərə imza atması üçün hələ uzun bir yol qət etməli olduğunu başa düşmək o qədər də çətin olmaz.

Bütün bu deyilənləri nəzərə alıram və bir daha təkrarlayıram dövlət malını yeyənləri, rüşvət alanları və yaltaqlıq edənləri indiki məqamda başa düşürəm. Lakin başa düşmədiyim, qəbul edə bilmədiyim odur ki, dövlətin malını yeyən, dövlət əmlakını bir göz bəbəyi kimi qoruyanı; rüşvət alan, rüşvət almayanı; yaltaqlığı öz şərəf və ləyaqətindən üstün tutanın isə yaltaqlıq etməyəni və yaxud fitrətində yaltaqlıq olmayanı qınamasıdır. Bax, bunu qəbul edə bilmirəm. Bax, bunu Azərbaycan cəmiyyətinin bəlasıdır və cəmiyyətimiz qısa bir müddət ərzində bu bəladan qurtulmalıdır – dövlət malını yeməyəni qorumalıdır, rüşvət almayanı qınamamalıdır, yaltaqlıq etməyini yaltaqlığa sövq etməməlidir...

Günümüzdə çox az adam tapılar ki, dövlət əmlakını mənimsəməklə, rüşvət almaqla, yaltaqlıq etməklə inkişafa nail olmağın mümkün olduğunu desin. Lakin 200 AZN manatı məvacib alan icra hakimiyyətinin işçisi necə dövlət malına xor baxmasın; 150-200 manat maaş alan müəllim və həkim necə rüşvət almasın; yaxud 1000 manatdan 10 000 manata qədər rüşvət verib iş başına keçən vəzifəsini itirməmək üçün necə yaltaqlıq etməsin?

Qərb yaltaqlıq məsələsini həll edə bilməsə də, dövlət malını mənimsəmə və rüşvət “mövzularını” qismən həll edib. Qismən sözünü ona görə işlədirəm ki, illik məvacibi təxminən 2.2 milyon ABŞ dolları olan rektor Azərbaycanda olduğu kimi tələbə və müəllimlərdən rüşvət almır, lakin Qəddafinin oğlu Seifdən 1.5 milyon funt sterlinqi bəxşeyiş qismində universitetin büdcəsinə qəbul edir.

Bir millət vəkili orta hesabla illik 100.000 ABŞ dolları məvacib aldığı üçün rüşvət götürmür, lakin hər hansı bir şirkətin maraqlarına xidmət edən qanunun qəbulu üçün həmin şirkətdən seçki kampaniyası zamanı verilən maliyyə yardımını öz seçki fonduna qəbul edir. Və yaxud bir şirkət tenderdə qalib gəlmək üçün rüşvət vermir, lakin tender elan edən təşkilatın büdcəsinə xeyriyyə adı altında bonus keçirir.

Bu yazdıqlarımın qısaca adı lobbiçilikdir. Başqa sözlə ifadə etsək, mədəni şəkildə pulunu ver, istədiyin şəxslər, təşkilatlar, qurumlar sənin maraqlarını müdafiə etsinlər. Ola bilsin ki, bu üslub materialist fəlsəfəsi baxımından qəbul ediləndir. Amma bizim hədəfimiz, tərzimiz və üslubumuz isə bu cür deyildir. Bizim üslubda haqlar alınmaz və satılmaz. Bizim üslubda haqlar kimsənin şəhvani arzularına, bəsit istəklərinə peşkəş verilməz. Bizim üslubumuz bizi başqalarına quyruq bulamağa da sövq etməz. Bizim üslubumuzda zəncinin ağ dərilidən, varlının isə kasıbdan fərqi sadəcə teqvadadır. Bizim üslubda kölə Bilal Həbəşi Məkkənin ən varlı insanları olan Əbu Bəkr, Ömər və Osmanın da daxil olduğu qoşuna sərkərdəlik edər, onları əmrə tabe tutar...

Çox təəssüf ki, biz bu üslubdan uzaqlaşmışıq. Çox təəssüf ki, halal-haram anlayışı sadəcə kitablarda qalıbdır. Çox təəssüf ki, dövlət malını mənimsəyən dövlət malını əmanət biləni ələ salır, lağa qoyur. Çox təəssüf ki, rüşvət alan, yaltaqlıq edən başqalarını da rüşvətə, yaltaqlığa sövq edir. Çox təəssüf ki, cəmiyyətimizdə cahilin hörməti alimin hörmətindən çoxdur. Və çox təəssüf ki, haramzadaların haramı, halalzadələrin halalından daha artıqdır.

Həmin haramzadaların cəmiyyətimizə yaydıqları haramdan bir nümunə göstərib yazını tamamlamaq istəyirəm. Biz müsəlmanlar Maidə surəsinin 90-cı ayəsində buyrulan “Ey iman edənlər! Şərab, qumar, fal oxları şeytan işlərindəndir və pisliklərdəndir. Onlardan uzaq durun ki, səadətə çatasınız” əmrinə əməl etmək məqsədi ilə şərabın tibbi, maddi və mənəvi zərərlərindən danışır və onun istifadə edilməməsinə çalışırıq. Biz deyirik ki, şəraba xərclədiyiniz o pulları bir yetimə, kimsəsizə, ehtiyacı olana verin. Biz deyirik ki, içkiyə verdiyiniz pulları yetimə də verməsəniz, barı ailənizə xərcləyin. Biz deyirik ki, şəraba xərcləyərkən ailənizi düşünün, onları ehtiyac içində qoymayın...

Mayaları haram ilə yoğurulan mədənilər, oxumuş cahillər isə: “Qardaş, hər kəsin dininin əmrləri özü üçündür, sizin dində şərab olmaz, bizim irtidad dinimizdə və ya “Yahova Şahidləri” adlı firqə dinimizdə isə içmək olar. Gəlin, hər kəsin dininə hörmətlə yanaşaq”- demək əvəzinə, “Şərab səhhət üçün faydalıdır” kimi cəfəng, yalan fikirlər uydururlar. Bununla da kifayətlənməyib: “Alimlər sübut etmişdirlər ki...” deyərək şərabın zərərlərini xeyir olaraq insanlara sırımaq istəyirlər.

Qəribə də olsa, bu məqamda müsəlmanlar həmin haramzadalardan soruşmurlar ki, kimdir bu alimlər; hansı elmi-araşdırma institutunun işçiləridilər; tədqiqatlarının nəticələrini hansı elmi dərgidə nəşr etdiriblər; neçə insanın üzərində araşdırma aparılıb; araşdırma laboratoriya yoxsa gündəlik ev şəraitdə keçirilib; tədqiqatın iştirakçılarının yaşı və cinsi nə idi; qəbul edilən şərabın miqdarı nə qədər olub; tədqiqata başlamazdan əvvəl iştirakçıların hansı orqanları üzərində araşdırma aparılacağı dəqiq müəyyənmişdirilmişdi; əgər müəyyənləşmişdirilmişdisə, niyə məhz həmin orqanlar seçilmişdi və s.

Əgər mənim müsəlman qardaşlarım unutmasa, bu sualları verə bilsə, qarşı tərəf dərhal susduracaqdır. Çünki belə bir tədqiqat yoxdur. Hətta bir çox məqamlarda tutun və şərab istehsal edən şirkətlərdə çalışan mütəxəssisləri özünə hörmət edən elmi-tədqiqat mərkəzləri sonradan işə götürmür. Əgər maraqlananlar olsa, bu haqda əlavə məlumat verə bilərəm.

Madam ki, şərabın faydalı olduğunu iddia edənlər elmə istinad edə bilmirlər, biz onun zərərinin elmi baxımdan sübut olunduğuna aid misallar göstərək. Böyük Britaniyanın “Alcohol Concern” təşkilatının 2004-cü il hesabatında göstərilir ki, 2001-ci ildə ölkədə 2170 qadın spirtli içkilərdən dünyasını dəyişib. Sözü gedən ölkənin “Alcohol Alert” adlı digər bir jurnalının 2010-cu il qış buraxılışında isə (səh. 20) yazırlar ki: “1977-ci ildən bura ölkədə qara ciyər sirrozu xəstəliyi 84% artıb. Bu artım ölkədə 1977-ci ildən bura spirtli içkilərin qəbulunun 145% artması ilə əlaqədardır. İngiltərədə son 7 ildə orta hesabla hər gün 36 uşaq spiritli içki qəbul etdiyi üçün xəstəxanaların təcili yardım şöbəsinə yerləşdirilir”. Müxtəsərliyi əldən verməmək üçün belə nümunələrin sayını uzatmaq istəmirəm. Düşünən insanların bu qısa nümunələrdən nəticə çıxaracağına əminəm.

Digər yandan, lap tutaq ki, şərabın zərərləri haqqında əlimizdə elmi dəlillər yoxdur. Axı, birisinin mənim dinimi qəbul edib-etməməsindən asılı olmayaraq islam dinində haram haramdır. Haramın “qədəri” olmaz. Necə yəni, şərab “qədəri”-ndə içilsə, faydalı olar. Onda sizin məntiqinizlə dövlət malını da “qədəri”-ndə mənimsəmək olar? Yaxud rüşvət almaq, yaltaqlıq etmək də “qədəri”-ndə olarsa, zərərli olmaz? Bu nə məntiqdir? Sizin məntiqinizlə, birisinin anası, bacısı, həyat yoldaşı “qədəri”-ndə ona xəyanət edib başqası ilə zina etsə zərəri olmaz?

İnanın, mənim millətimdən bu qədər haramzada çıxacağına mat qalmışam, mat...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi