Havada uçan təhlükə - SOS

havada-ucan-tehluke-sos
Oxunma sayı: 762

İllərdir dünya 24 mart tarixində Beynəlxalq Vərəm xəstəliyi ilə mübarizə gününü qeyd edir. Təhlükəli və yoluxucu xəstəlik olan vərəmlə bağlı statistik göstəricilər isə ilbəil artır. Dünya Səhiyyə Təşkilatının hesabatına əsasən, hazırda dünyada 20 milyondan çox xroniki vərəmli xəstə var. Hər il 9 milyondan çox insan xəstəliyə yoluxur, 2 milyondan çoxu isə xəstəlik nəticəsində ölür. Hər dəqiqə 2 insan vərəm səbəbindən dünyadan köçür. Xəstəliyin daha çox yayılma məkanı isə dəyizməz olaraq qalır. Asiya ölkələri, Hindistan, Çin, Cənubi Afrika ölkələri ön siradadır.

Azərbaycanda da vəziyyət heç də qənaətbəxş deyil. Rəsmi statistikaya görə, hazırda 11 mindən çox insan vərəm xəstəsi kimi qeydiyyatdadır. Hər il 4000-dən çox insanın yoluxması baş verir, ya da qeydiyyata düşür. Bu rəqəmlər reallığı əks etdirmir. Çünki ətrafımızda xəstə olduğu halda qeydiyyatdan və müalicədən yayınanlar var. Ən acınacaqlı vəziyyət odur ki, ildən ilə dərmana davamlı, müalicəsi mümkün olmayan(rezistent) xəstələrin sayı çoxalır. Yerli mütəxəsisilərə görə, qeydiyyatda olanların çox az hissəsi(800 nəfərə yaxın) müalicəyə cəlb olunur. Çoxu müalicəni yarımçıq kəsərək, davam etdirməkdən boyun qaçırır.

Həbsxanalarımızda da vərəmli xəstələrin sayı 1000 nəfəri keçib. Hər il cəzaçəkmə müəsisələrində orta hesabla 24-25 nəfər xəstəlikdən dünyasını dəyişir. Amma həbsxanalarda xəstələrin müalicəyə cəlb olunmasında nəzarət daha güclüdür.
Hazırda Respublika Elmi-Tədqiqat Ağciyər xəstəlikləri İnstitutunda 2009-cu ildən fəaliyyət göstərən Milli Referens Laboratoriya var. Burada Dünya Səhiyyə Təşkilatının dəstəyi və rəyinə əsasən vaksin sınaqlar üzərində araşdırma aparılır. Yaxında yeni müayinə metodları da tətbiq olunacaq. Yeni ekspress müayinələr nəticəsində 100 dəqiqə ərzində xəstəlik barədə məlumat əldə olunacaq.

Yeri gəlmişkən, “Azərbaycan Respublikasında Vərəmlə mübarizə Haqqında” qanun da qüvvədədir. Qanun 2000-ci ilin may ayında mərhum prezident Heydər Əliyevin fərmanına əsasən tətbiq olunmağa başlayıb. Lakin bu gün qanunun müvafiq hissələrinə nəzər salanda, onların tətbiqində boşluqlar olduğunu görmək olur. Qanuna görə, epidemioloji cəhətdən təhlükə yaradan xəstələrin tapılması və hospitalizə edilməsi vacib sayılsa da, bu işdə uğursuzluqlar hökm sürür. Başqa sözlə, yalnız müraciət edən xəstələr müalicəyə cəlb olunur.

Qeyd edim ki, xəstəliklə mübarizədə istifadə olunan dərmanlar 2008-ci ildən açıq satışdan çıxarılıb. Dərmanlar yalnız dispanserlərə verilir. Nazirlər Kabinetinin “2011-2015-ci illər Vərəmlə Mübarizə üzrə Tədbirlər Proqramı” da qüvvədədir. Bu tədbirlər planında xəstələrin tapılıb müalicəyə cəlb edilməsi, qlobal məsələnin bizə düşən payına diqqətin yetirilməsi məsələsi durur. Təbliğat işi də vacib sayılır. Hələ ki səs-soraq yoxdur. Hər halda belə tədbirlərin nəticəsi barədə vaxtaşırı əhaliyə məlumat verilməlidir.

Təbliğat işi demişkən, Azərbaycanda nədənsə xəstəliklərlə bağlı məlumat, SOS plakatları yalnız xəstəxana daxilində yerləşdirilir. Maraqlıdır, artıq xəstəxanaya düşmüş insanın həmin saatdan sonra maarifləndirilməsi nəyinə lazımdır.

Bir daha vərəm haqqında

Vərəm xəstəliyi hələ qədim dövrün Hippokrat, İbn Sina kimi alimlərinə məlum olub. O zaman xəstəliyin əsas əlamətlərindən biri olan orqanizmin kilo verməsi, arıqlaması kimi xüsusiyyətə görə ftizis(yunancadan arıqlamaq deməkdir)-sözü meydana gəlib ki, bu gün də bu sahənin tibb işçiləri həkim-ftiziatr adlanır.

Xəstəlik haqqında geniş məlumatı, bu gün istifadə olunan “tuberkulyoz”terminini isə XIX əsrin əvvlində fransız alimi R.Laennek kəsf edib. Xəstəliyi yaradan kox çöpləri haqqında ilk məlumata (1882-ci ildə) isə alman alimi Robert Kox sahib olub.
Vərəm xəstəliyi insana əsasən tənəffüs yolları(nəfəsalma) ilə ,bəzən də həzm sistemi orqanları ilə (xüsusən qidalanma zamanı, vərəm çöpçükləri ilə yoluxmuş qida ilə) keçə bilər. Xəstəliyin yaradıcısı olan mycobacterium tuberculosis virusları vərəmli tərəfindən öskürmə zamanı havaya yayılır. Nəticədə isə həmin bakteriyalar saglam insanın ağciyər toxumalarına düşür, orada vərəm ocaqları yaradır. Yoluxma zamanı xəstəlik qısa vaxt ərzində özünü göstərmir, yəni ara-sıra öskürək olsa da proses gizli gedir. Vərəmin formalaşması üçün fərdi orqanızmdən asılı olaraq aylar, illər tələb olunur. Daha çox yaşlı adamlar, eləcə də uşaqlar bu xəstəliyə yoluxan riskli qruplardır. Hər insanın dərhal vərəm xəstəliyinə yoluxması baş verə bilməz. Xəstəliyin aktiv və qeyri-fəal forması var.Xəstəliyə tutulma səbəbləri bunlardır:

*Orqanizmin zəif olması, immun sistemin çökməsi
*Zəif, kolorili qidasız qalmaq, rejimsiz qidalanma
*Zirzəmi şəraətində olan iş yerlərində, rütubətli, havanın ventilyasiyası zəif olan məkanda işləmək, yaşamaq
*Dərmanlardan asılı vəziyyətə düşərkən, mütamadı alkollu içkilər qəbul etmək
*Siqaretdən daim istifadə

Bəs yoluxan xəstəni necə tanımaq olar. Bunun üçün bu əlamətləri müşahidə etmək gərəkdir.
*Öskürək bir aydan artıq davam edərsə, bəlgəm(bəzən qanlı) ifraz olunarsa
*Birdən –birə arıqlama
*Yorgunluq, iştəhanın pozulması
*Gecə tərləmələri, hərarətin olması
*Nəfəsalma və nəfəsvermədə sinə nahiyyəsində ağrılar

Agciyər vərəminin daha da irəliləməsi diğər orqanları da, ən çox da böyrəyi zədələyə bilər. Bu zaman qanlı sidik ifrazı da görmək mümkündür.
Bu səbəblərlə yanaşı xəstənin müayinəsi də vacibdir. Bunun üçün tibbdə , müxtəlif müayinə metodları var. Qan analizi, rentgen müayinəsi, xəstənin bəlğəm və mədə sekresiyasından götürülən nümunənin müyinəsi. Ən geniş yayılmışı “mantu” testidir. Bu zaman dərialtına vurulan iynə yeri 48-72 saat ərzində yoxlanılır. Qabarmış dəridə şübhə yaranarsa tədbir görülür. Gec həkimə müraciət edən xəstələrin isə qeydiyyata alınaraq Vərəm Dispanserlərində müalicəsi mütləqdir. Əmək qabiliyyəti olan xəstələr xüsusi yerlərdə işləməli, istirahəti təmin olunmalı, daim sağlamlığı nəzarət altında olmalıdır.

Təmizlik və yenə də təmizlik

Hər xəstəliyi dəf etmək üçün əsas silah insanın məlumatlı olması, hər kəsin təmizliyə, gigiyenik qaydalara daim riayət etməsidir.Bunu çoxları yaxşı bilir. Amma yənə də hər gün qarşımızda xüsusən içtimai yerlərdə, metro, avtobusda vərəmli xəstə ilə üzləşə bilərik. Nəzərə alsaq ki, bu gün xəstə ola-ola qeydiyyatdan yayınan, müalicəsini etməyən onlarla insan sərbəst gəzir. Bu insanların təcridini istəməsək də, reallıq odur ki hər an canımız təhlükədədir. Bunun ən sadə qorunmaq yolu qapalı, kütlənin olduğu yerdən qaçmaq, xüsusən əllərin yuyulmasını vərdişə çevirməkdir. Bu işdə valideynlərin uşaqlara nəzarəti vacib sayılır. Nəzərə alsaq ki, hər xroniki vərəmli xəstə sutka ərzində 7 milyard vərəm çopü xaric edir, hər öskürəndə də havada 60 minə yaxın tüpürcək hissəçiyi püskürür, onda vəziyyətin qorxulu olduğu aydınlaşır. Bir xəstə il ərzində 10-12 nəfəri yoluxdurmaq imkanına malikdir.

Əsas məsələ isə odur ki, bu gün küçə və meydanlarda bəzi insanlarımız yerə tüpürmək kimi qeyi-etik xüsusiyyətə malikdir. Onlar arasında sözsüz vərəmli xəstələr də var. Və mütəxəsislərin fikrincə, hər xəstənin bir damcı bəlğəmində 2-3 milyona yaxın çöpcük var. Qurumuş bəlğəmdə olan vərəm çöpçükləri yalnız 100% qizdırıldıqdan 4-5 dəqiqə sonra ölür. Deməli, ayaqqabımızın altında həmin o təhlükəni gəzdirmiş oluruq. Bu səbəbdən küçə ayyaqqabısı ilə xüsusən də uşaqların oynadığı xalça, palaz üzərində gəzmək övladlarınızı bu riskə atmaq deməkdir.

Raminə Eyvazqızı