“Heç kim demir ki, Allah sənin deyil, mənimdi...” - Şeirlər

hec-kim-demir-ki-allah-senin-deyil-menimdi-seirler-
Oxunma sayı: 1430





Allah bolluğu

Həyatda qəribəliklər çoxdur...

Var-dövlətin üstündə
bir-birin didir insan,
bir-birinə qənimdi.
Di gəl ki,
altı milyard insana
bir nəfər Allah düşür,
heç Allahın üstündə
bir-birin qıran yoxdur.
Heç kim demir ki,
Allah sənin deyil,
mənimdi...

...Ya Allah sirr olduğuyçün,
heç kəs bilmir nədir deyə,
ya da ki,
çox böyükdü
hamıya çatır deyə...

10.12.2010

Yaşamaqla məşğuluq

Şair dostum II Qismətə

Dost, gündüzlər, gecələr,
Dönür, dolanır hədər.
Axşam qurtarıb, səhər,
Başlamaqla məşğuluq.

Yaxşı, pis, ucuz, baha,
İlkə dönür bir daha.
Hər gün bir az, Allaha,
Oxşamaqla məşğuluq.

İkimizdə bir peşə,
Çevrilibdi vərdişə.
Ömrü iyirmi beşə,
Daşımaqla məşğuluq.

Bir fərli içimiz yox.
Heçimiz-köçümüz yox.
İşimiz-gücümüz yox,
Yaşamaqla məşğuluq...

01.01.2011

Allahın gözündən düşən adam

Hey dolanar yetim-yetim,
Arzu olar ölüm-itim,
Dərdə-qəmə bir həsrətin,
Üzündən düşən adama.

Sevgisindən ağlı çaşar,
Yolun azar, həddin aşar.
Yaxşı-pis hamı dırmaşar,
Özündən düşən adama.

Gəzər dərdi-səri canda,
Hamı ögeyləşər sonda.
Tanrının tale adında,
Sözündən düşən adama.

Bəla gələr yığın-yığın,
Əzrail də durmaz yaxın.
Ağlı üzündən, Allahın
Gözündən düşən adama...

11.09.2011

Hörümçək zaman

Tutmur beş dəqiqə bir yerdə qərar,
Gəzir bu dünyanı hey diyar-diyar.
Verən əli yoxdu, alan əli var,
Almağa öyrəşib bu külək zaman.

Sulayır gün boyu tər sifətimi,
Cadar-cadar olmuş yer sifətimi.
Qırışlar bürüyür sir-sifətimi,
Üzümdə tor qurur hörümçək zaman

Yeyir, dost tanımır, düşmən tanımır,
Qarışqa tək darışıbdır canıma.
Hopub iliyimə, hopub qanıma,
Məni məhv eyləyir bu xərçəng zaman.

Haradı ünvanı, kim bilir yerin?
Ha yalvar, ha yaxar, eşitməz birin.
Neçə sifəti var bu hiyləgərin:
Qışda qar, baharda gül-çiçək zaman.

Dincəlmir, axşamı-səhəri yoxdu,
Qəlbində bir sözlük kədəri yoxdu.
Hələ ki, kefdədi, xəbəri yoxdu
Mən öləndə mənnən öləcək zaman...

09.04.2011

Vurulmağın əlamətləri

Həyat başqalaşıbsa gözlərində bir anda.
Anlamı dəyişibsə
indi daha səninçün,
bu dünyada hər şeyin:
ulduzlu gecələrin,
günəşli səhərlərin,
yerin göyün,
odun, suyun
gülün, çiçəyin,
şəhərin mərkəzində
gözəl qoxular gətirdiyini zənn etdiyin
küləyin.

Əgər fərqi yoxdursa
indi daha səninçün
bu dünyada heç nəyin:
hava ilə çörəyin,
ağıllıyla axmağın,
igid ilə qorxağın,
İblis ilə Mələyin.

Əgər varsa canında
soyuqdan bişməyin,
istidən titrəməyin.
Saniyədə 3 dəfə döyünürsə ürəyin.

Daha yorma özünü,
daha iş-işdən keçib.
Nə həkim,
nə də dərman,
ola bilməz köməyin.
Demək ki, vurulmusan...

03.11.2011

Uşaq evlərindən reportaj

Uşaq evlərindəki uşaqlar
bir-birinin kserokopiyasıdır, sanki...
Həyat kopyalayıb onları.
Özü də pulsuz...

Burda heç nə tapılmaz
biri-birindən fərqli.
Burda uşaqların üzündəki
gülüşün özü deyil,
şəklidir.
Ağlayan gülüş şəkli...

Burda uşaqların
gülüşləri də eynidir,
göz yaşları da.
Sevincləri,
kədərləri,
dünyaya,
həyata baxışları da.
Hətta arzuları da...

Başqa bir dünyadır bura;
Yayı da,
qışı da,
soyuq,
sazaq bir dünya.
İnsanların və insanlığın
yadından çıxan,
Allahın gözündən
uzaq bir dünya...

Heç kəsi gözündən oxumaq olmur.
Hamının gözlərində
eyni sözlər yazılıb.
Burda bütün uşaqlar
ümidindən asılıb.

Bura
böyük,
kiçik,
güclü,
zəif
bütün ümidlərin ölən yeridir.
Burda bütün cümlələrin
qatilləri sual işarələridir.
Bir də ki,
üç nöqtə,
sükut,
səssizlik...
Burda həyat bir rəngdədir,
bir rəngi var;
R Ə N G S İ Z L İ K...

08.12.2011