Həyasını axtaran ateist

heyasini-axtaran-ateist
Oxunma sayı: 1034

Elm axtarmaq və elm sahibi olmaq arasında fərq vardır. Birisinin məqsədi dünyanı qavramaq, digərinin isə dünyadan istifadə etməkdir. Bu nöqteyi-nəzərdən elm, bir elm adamı üçün bir şey, digǝr insanlar üçün başqa bir məna kəsb edir. Əxlaq da elm kimidir. Müxtəlif insanlar müxtəlif cür başa düşürlǝr. Əgər birisi üçün qəh-qəhə ilə gülmək adi haldırsa, bir başqası üçün bu hərəkət əxlaqsızlıq sayılır.

Elm ağılın məhsuludur, həm nəzəri, həm də təcrübə baxımından. Əxlaq isə ağılın məhsulu deyildir, nə nəzəri, nə də tətbiqi olaraq. Elm yalnız fiziki olanlar arasındakı münasibətləri tədqiq edər, əxlaqı məsələlərə gəlincə isə həqiqi mənada hökm verə bilməz. Hər hansı bir şeyin əxlaq baxımından mənfi və müsbət olmasını elm sübut edə də bilməz.

Elm haqqında saatlarca dayanmadan danışan ateist, əxlaq mövzusunda “ənənəvi” danışılan sözlərdən başqa yeni heç bir şey söyləməz. Tǝbii ki, ateistin danışdığı bu “ənənəvilik” hətta onun hansı mühitdə və mədəniyyətdə böyüdqüyündən asılı olaraq dəyişir. Məsələn, Şərqdə, müsəlman cəmiyyətində böyüyən bir ateist “Özünǝ rǝva bilmǝdiyini, başqası üçün dǝ rǝva bilmǝ” deyǝrǝk vicdan, mǝrhǝmǝt, ǝxlaq məhfumlarını qǝbul edirsə, Qǝrb cǝmiyyǝtindǝ yaşayan ateist ümimiyyətlə bu anlayışları qǝbul etmir və hətta onları zərərli hesab edir.

Nitşe “Zǝrdüşt belǝ demişdir” (Thus Spake Zarathustra, 1891) əsərində yazır: “Vicdandan, mərhəmətdən, əfv etmədən insanların bu daxili zalımlarından xilas olun; gücsüzləri əsarət altına alın, cəsədləri üzərindən yuxarıya dırmaşın”. Dietrik von Holbak (Dietric von Holbac) isǝ "Təbiətin Ahəngi" (Systeme de la Nature) əsərində yazır: "İnsan hərəkətlərinin tək mühərriki mənfəətidir. Vicdan əzabı isə hərəkətlərimizin, mühitimizin kin və nifrətini üzərimizə çəkə biləcəyimizi düşünərək hiss etdiyimiz qorxudur". Darvinin “ yaşamaq uğrunda mübarizə” məhfumu da əxlaqı inkar edir. Çünki sözü gedən “mübarizə”-də əxlaq baxımından üstün olanlar deyil, güclülər və qüvvətlilər qalib gəlir. Belə nümunələrin sayını uzatmaq istəmirəm. Zǝnnimcǝ, bu 3 böyük ateist filosofun dedikləri ateizmin əxlaqın eləyhinə olduğunun sübutudur.

Əxlaq hər zaman gücsüzlərin himayə edilməsini, mərhəməti, sevgini, iş qabiliyyəti az olanların mudafiəsini istəyir. Yəni, əxlaq dinin bir şöbəsi rolunu oynayır. Daha doğrusu, din olmadan əxlaq da mümkün deyildir. Dinin tərk edilməsindən əxlaqın tərk edilməsinə keciş üçün sadəcə bir addıma ehtiyac vardır. Ateistin həyatında ən mühüm anda, bu addımı atması anidir. Bəziləri bu addımı dərhal atarlar, bəzi ateistlər isə dindən çıxarsalar da, dinin bir şöbəsi olan əxlaqı tərk etməzlər. Ziddiyyət də burada əmələ gəlir; əxlaqlı ateist. Əslində isə bu məsələdə mahiyyət fərqi vardır. Yəni, ǝxlaqlı bir ateist ola bilər, lakin ateizmin əxlaqı yoxdur. Dini olmayan bir insanın əxlaqlı olmasının qaynağı elə dindir. Bu din keçmişdəki əski bir dindir. Və həmin dinsiz insanın bundan xəbəri belə yoxdur. Bu din mühit, ailə, ədəbiyyat, film və dini memarlıq içindən saysız-hesabsız şəkildə təsir etməkdə və işıq saçmaqdadır. Günəşin çoxdan batdığı yerdə də gecənin bütün istiliyi yenə Günəşdəndir. Ocağın söndürülməsinə rəğmən otaqdakı istilik yenə ocağın özündən olduğu kimi.

Ateizm insanı insan kimi deyil, “kamil heyvan” olaraq qəbul edir. Bu baxımdan ateizmin “kamil heyvan”-ı olan insan əxlaqlı ola bilməz. Çünki o insan deyil, “kamilləşən” heyvandır. Albert Kamyu (Camus) bu fikri belə ifadə edir: “İnsan heyvan olmaq istəməyən heyvandır”. Ateizmdə insanın "ən insani" davranışı belə insani deyildir. Platon “Respublika" dialoqunda yazır: “Vətəndaş həyatını xəstəlik və müalicədə keçirtməməlidir, əgər belə olarsa, dövlət zərər görər. Ya işini görməlidir, ya da ölməlidir. Uzun zaman xəstə olan və ya xəstə nəsil dünyaya gətirən bir insan intihar etməlidir...” O, bu fikrini yırtıcı heyvan növü sayılan canavardan götürmüşdür. Canavarlar da sürüdə olan axsaq, xəstə, sürüyə heç bir faydası olmayan canavarı parçalayırlar…

Ən qəribəsi isə odur ki, ateizm, insanı “ kamil heyvan”, insan əxlaqını isə heyvan instinkləri səviyyəsinə endirərək bu ideyanı dünayaya yaymağı bacararkən, müsəlmanlar Qurani-Kərim, İsra surəsi 70-ci ayəsində: “ Biz həqiqətən insan oğlunu şan və şöhrət sahibi qıldıq. Onları (müxtəlif nəqliyyat vasitələri ilə) quruda və dənizdə daşıdıq; onlara gözəl ruzilər verdik; yenə onları yaratdıqlarımızın bir çoxundan üstün qıldıq” buyrulan insanın əşrəfi məxluq olduğu haqqında olan həqiqəti dünyaya bəyan etməkdə aciz vəziyyətdədirlər. Həmçinin, Qurani-Kərimdə ən azı 200 yerdə əxlaq haqqında əmrlərin olduğu halda, biz müsəlmanlar əxlaqı dağıtmaga çalışan ateizmə əxlaq nümunəsi ola bilmirik.

Yuxarıda atestlərin ənənəvi və irsi olaraq istifadə etdikləri “Özünǝ rǝva bilmǝdiyini, başqası üçün dǝ rǝva bilmǝ” fikrini yazmışdım. Doğrudur, bu cümlǝ ilk baxışda ağlabatan təssürratı buraxır. Lakin dərindən düşündükdə Platonun utopik fikirləri kimi həyatın gerçəklikləri ilə uyğunlaşmadığının şahidi oluruq.
İnsan həyatı 5 qismə bölünür: uşaqlıq, yeniyətməlik, gənclik, orta yaş və qocalıq dövrü. Ateistlərin söylədiyi bu “ənənəvi” kəlam insan həyatının 4 çağında işləmədiyinə aid çox sadə bir nümunəyə baxaq. Tutaq ki, bir adam istər yeniyətməlik dövründə, istərsə də qocalıq yaşında olsun hər hansı bir qadınla cinsi münasibət qurur. Təbii ki, bu qadın da öz növbəsində başqa birsinin anası, bacısı, yaxud da həyat yoldaşıdır. Deməli, birisinin anası, bacısı və həyat yoldaşı ilə zina edən bu zinakar, üçüncü bir şəxsin onun öz anası, bacısı və həyat yoldaşı ilə zina etməsini özünə rəva bilməlidir. Əslində isə əskər hallarda zinakar kişilər başqaları ilə bu çirkin işi etsələr də öz ailə üzvlərinin zina etməsini istəmirlər. Yəni, ateistlərin “ənənəvi” kəlamı işləmir. Yox, əgər özü zina edərək ateizmin kəlamına razı olub öz anasının, bacısının və həyat yoldaşının zina etməsini özünə rəva görürsə, həmin adam binamusdur, biqeyrətdir, bişərəfdir…
Sonda, digər yazılarımdan fərqli olaraq bu dəfə üzümü qeyri-müsəlmanlara tutub deyirəm: “Seçin, ya əşrəfi məxluq olan insan, ya da “kamil heyvan”; ya ateizmin insanın heç uşaqlıq dövrünə belə aid edilmək gücündə olmayan “Özünǝ rǝva bilmǝdiyini, başqası üçün dǝ rǝva bilmǝ” kəlamı, ya da İslamın bütün zəmanələr üçün ǝxlaq kitabı olan Qurani-Kərim, Nur surəsi 19- cu ayəsində “Möminlər arasından həyasızlığın yayılmasını arzu edənlərə, dünya və axirətdə can yaxıcı ǝzab vardır. Allah bilir, siz isə bilməzsiniz” ǝmri.