Hökumətin xərclədiyi pullar araşdırılacaq - Fotolar

hokumetin-xerclediyi-pullar-arasdirilacaq-fotolar
Oxunma sayı: 656

Qərargahın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşün əsas müzakirə obyekti 2010-cu ilin yazında baş vermiş Kür daşqınları ilə bağlı iqtisadi təhlil və qiymətləndirmənin aparılması olub. Müzakirələr nəticəsində qərara alınıb ki, ACİYF – in dəstəyi ilə həyata keçirilən “Kür daşqınlarının nəticələrinin aradan qaldırılmasında vətəndaş cəmiyyətinin iştirakı” layihəsi çərçivəsində Milli Büdcə Qrupu daşqınlarla bağlı ayrılan vəsaitlərin xərclənməsi istiqamətində iqtisadi dəyərləndirmə aparsın. “Kür” Qərargahı ilə birgə əməkdaşlıq çərçivəsində aparılacaq iqtisadi qiymətləndirmədə əsasən 2 istiqamətdə ayrılan vəsaitlərin hansı səviyyədə şəffaf və səmərəli, təyinatı üzrə xərclənməsi araşdırılacaq. Birinci istiqamət üzrə Daşqınların baş verdiyi zamana qədər ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı iqtisadi dəyərləndirmə aparılacaq. Bu bölümdə 2004- cü ildən 2010- cü ilə qədər Azərbaycanda su təsərrüfatı sisteminin idarə olunması, meliorasiya, drenaj, bəndvurma və sahilbərkitmə işlərinin həyata keçirilməsi, Kür Araz çaylarının lildən təmizlənməsi, Ehtiyat Su Anbarlarının təmir olunması və s. istiqamətdə dövlət büdcəsi və xarici kredit şəklində ayrılan vəsaitlər, onların həcmi, təyinatı və vəsaitlərin xərclənməsində səmərəlilik, şəffaflılıq və təyinatlılıq faktoru araşdırılacaq. Əsas işlər ikinci istiqamət üzrə görüləcək. Bu bölümdə 2010- cu ilin yazında baş vermiş daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı iqtisadi dəyərləndirmələr aparılacaq. Nazirlər Kabineti tərəfindən 2010 və 2011- ci illərdə imzalanmış müvafiq sərəncamlar əsasında dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına fəlakət bölgəsində təsirə məruz qalan insanlara kompensasiyaların verilməsinə, onların digər zəruri şəraitlərinin ödənilməsinə, yeni evlərin tikilməsi, infrastrukturun bərpa olunmasına və s. ayrılan vəsaitlərin xərclənməsində təyinatlılıq, şəffaflıq və səmərəlilik faktoru araşdırılacaq.

Milli Büdcə Qrupu Kür daşqınları ilə bağlı ayrılan vəsaitlərin iqtisadi qiymətləndirməsini apararaq yekun hesabat hazırlayacaq. Hesabat maraqlı tərəflərə, hökümət komissiyasına, yerli və beynəlxalq təşkilatlara və ictimaiyyətə təqdim ediləcək.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri ilə Milli Büdcə Qrupu üzvləri arasında keçirilən görüşdə bu istiqamətdə görülən işlərlə bağlı müzakirələrdə iştirak edən Mehman Əliyev, Oqtay Gülalıyev, Qubad İbadoğlu, Məhəmməd Talıblı, Azər Mehtiyev, Zohrab İsmayıl və digərləri çıxış edərək öz fikirlərini bildiriblər.

Milli Büdcə Qrupu İdarə Heyətinin Qərarı ilə MBQ tərəfindən Kür daşqınları ilə bağlı iqtisadi qiymətləndirmənin aparılması Qubad İbadoğlu və Məhəmməd Talıblıya həvalə edilib.