Hüseyn zarafat edib, müxbir ciddi anlayıb

huseyn-zarafat-edib-muxbir-ciddi-anlayib
Oxunma sayı: 1043

Bunu “Qafqazinfo”ya dünən boşanmaq xəbərləri yayılan repçi Hüseyn Dəryanın həyat yoldaşı Sona Muradova deyib. Onun sözlərinə görə, dünən Hüseyndən niyə belə bir yalan xəbər yaydığını soruşduqda o bunu sadəcə söz arası, zarafatla dediyini söyləyib: “Hüseynin və mənim həmin müxbirlə yaxşı münasibətimiz olduğundan, o məni Hüseyndən soruşub. Hüseyn də zarafatla deyib ki, Sona ilə küsmüşük, 5-6 aydır anasıgildə qalır. O xanım da bunu ciddi qəbul edib yazıb. Dünən ailəmiz də çox narahat oldu ki, olmaya-olmaya bu nə xəbərdir yayılıb?”.

Xatırladaq ki, dünən rep ifaçısı Hüseyn Dəryanın həyat yoldaşı Sona Muradova ilə boşanması barədə xəbərlər yayılıb. H. Dərya xəbər saytlarından birinin müxbirinə açıqlamasında deyib ki, onlar rəsmi olaraq artıq 6 aydır ayrı yaşayırlar.

Bununla bağlı dünən “Qafqazinfo” H. Dəryanın həyat yoldaşı Sona Muradova ilə əlaqə saxlayıb xəbərin doğru olub-olmadığını öyrəndi. S. Muradova özü də bu xəbəri eşidəndən şokda olduğunu və Hüseynin niyə belə açıqlama verdiyini hələ də anlamadığını söyləyib: “Nə boşanmaq, yalan məlumatdır. Hüseyn indi çəkilişdədir deyə onunla danışa bilməmişəm, öyrənim görüm niyə belə açıqlama verib. Səbəbini mən də anlamıram. Bəlkə də, reklam xatirinə belə söz deyib? Bilmirəm. Dəqiqləşdirib, sizə deyəcəyəm”.

S. Muradova H. Dərya ilə bir evdə yaşadıqlarını, sadəcə son günlər bacısının toyu ilə bağlı tez-tez anasıgilə getdiyini söyləyib.

Qeyd edək ki, Hüseyn Dəryanın Sona Muradova ilə nigahından Cahangir adlı bir oğulları var.

Nigar Məmmədli