“Bibim can verəndə bir ovuc Göyçə qarı istədi...” - Niftalı Quliyev

bibim-can-verende-bir-ovuc-goyce-qari-istedi
Oxunma sayı: 5829

Gəncə şəhəri 9 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, ömrünün 46 ilini təhsilə həsr etmiş, müəllim adını şərəf  və ləyaqətlə daşıyan, “Nərimanlı” kitabının müəllifi Niftalı Ağakişi oğlu Quliyev müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

-Niftalı müəllim, neçənci ildə və harada anadan olubsunuz?

-Mən 1954-cü il oktyabrın 1-də Azərbaycanın qədim diyarı olan Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində doğulmuşam. Onu da qeyd edim ki, Basarkeçər 1922-ci ilə qədər Azərbaycanın tərkibində olub.  Göyçə gölünün ətrafında başqa bir neçə rayon yerləşsə də, yalnız Basarkeçər Göyçə sayılırdı. Çünki yalnız orada azərbaycanlılar kompakt şəkildə yaşayırdı. O zaman Nərimanlı hər cəhətdən inkişaf etmiş bir kənd idi. Uşaqlığım Göyçədə keçib. 1961-ci ildə həmin kəndin birinci sinfinə getmişəm.

-Uşaqlığınızı necə xatırlayırsınız?

-Uşaqlarla "aşıq" oynayar, dağlara çıxar, göbələk yığardıq. Bizim kəndin gözəl yaylaqları vardı. Orada növbə ilə mal-qaramızı otarardıq. Bir də kəndimizin bulaqları yadımdadır. Dağların döşündə neçə bulağı elə özümüz qazıb çıxarmışdıq.

-Ali təhsili harada aldınız?

-İndi məktəblilər daha çox ixtisas qrupuna görə fənləri seçib oxuyurlar. O vaxt belə deyildi, biz bütün dərsləri yaxşı oxuyurduq. 10-cu sinifdə idim, hələ də hansı ixtisası seçəcəyimi bilmirdim. Böyük qardaşım Firdus İrəvanda ali təhsil alırdı. Evə gələndə dedi ki, sənədlərini hazırla, İrəvan Dövlət Pedaqoji İnstitutunun filologiya ixtisasına iş verəcəksən. Qardaşım böyük olduğundan hər sözü mənim üçün qanun idi. Beləcə hazırlaşıb imtahan verdim və 1971-ci ildə həmin ali məktəbin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil oldum.

-Bəs müəllim fəaliyyətinə harada başladınız?

-1975-ci ildə institutu bitirəndə təyinatımı Nərimanlı kəndinə verdilər. Lakin məktəbin direktoru dedi ki, bizdə 15-ə yaxın dil-ədəbiyyat müəllimi var, burada sıxlıqdır, sənin bizim kənddə işləməyin çətin olacaq. Mən də qonşu Qaraqoyunlu kəndində işə düzəldim. Düz, 13 il orada əmək fəaliyyəti göstərdim. Məni 1985-1988-ci illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini seçdilər. Doğrudan da çox işlər gördük. Ən müasir təlim metodlarını tətbiq etdik, məktəbi radiolaşdırdıq. Tədrisi elə yüksək səviyyədə təşkil edirdik ki, bir dəqiqə belə boş keçmirdi. Qaraqoyunlu kəndində dərs keçdiyim çox şagirdim ali təhsil aldı, bu gün də öz sahələri üzrə adlı-sanlı mütəxəssislərdir.

-Gəncəyə necə gəldiniz?

-1988-ci ilin fevral ayında keçmiş Dağlıq Qarabağ ərazisində ermənilər iğtişaşlara başladılar. Böyük nümayişlər keçirir, Qarabağın Ermənistana birləşdirilməsini tələb edirdilər. O zaman mənim də təşəbbüsümlə bir neçə müəllimi Kəlbəcərə yola saldıq ki, həm SSRİ-nin başçısı Mixail Qorbaçova, həm də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə teleqram vurub Qarabağın Ermənistana birləşdirilməsinə etirazımızı bildirək. Həmçinin "Göyçə Azərbaycan torpağıdır və sizinlədir!”, “Öz yurdumuzu tərk etməyəcəyik, bizə dəstək olun!" məzmunlu çox teleqramlar vurduq. Heç birinə cavab gəlmədi, Göyçə köməksiz, tək qaldı.

1988-ci ilin avqustunda Nərimanlı kəndi yaxınlığında, "Göy körpü" deyilən yerdə böyük bir nümayiş keçirdik. Mitinqdə Basarkeçərin bütün kəndlərindən minlərlə azərbaycanlı iştirak etdi. Onu da qeyd edim ki, həmin günlərdə rayonda bir erməni də qalmamış, hamısı qorxudan İrəvana qaçmışdı. 

-O nümayiş nə üçün idi?

-Göyçə dədə-baba yurdumuzdur. Biz torpaqlarımızdan çıxmaq istəmir, Bakıdan dəstək gözləyirdik. Həmin vaxt Azərbaycanda hakimiyyət dəyişikliyi baş vermiş,  Əbdürrəhman Vəzirov vəzifəyə gəlmişdi. Göyçədən çıxmamaq üçün çox mübarizə apardıq, amma imdadımıza çatan olmadı. Bizi köməksiz görən ermənilər çox harınladılar. Evlərə soxulur, yolları kəsir, rayon mərkəzinə gedənləri döyür, daşa basırdılar. "Göy körpü" deyilən yerdə axşamdan  səhərə qədər qarovul çəkirdik. Çox az adamda silah vardı. Yaba, çomaq, kim nə tapırdısa, götürüb kənd camaatını ermənilərdən qorumağa çalışırdıq.  Rayon rəhbərliyi də erməni idi. Kəndlilərə xəbər göndərirdi ki, Göyçədən çıxın, yoxsa hamınız qırılacaqsınız. Ermənilər günü-gündən azğınlaşır, bizim sıralarımız isə seyrəlirdi. Dəstəyimiz olmadığından müqavimətimiz də uzun müddət davam edə bilmədi. Beləcə Göyçədən kütləvi köç başladı. Həmin vaxt Ermənistanın 350-dən çox yaşayış məntəqəsindən 250 min azərbaycanlı, 85 min Azərbaycan kürdü qovuldu. Noyabr ayının sonu dekabrın əvvəli idi. Şaxtalı, boranlı havada minlərlə ailə evini, yurdunu tərk etməli oldu. Nə qədər uşaq yolda şaxtadan dondu. Ermənilər mərkəzi yolu bağladıqlarından Kəlbəcər yolu ilə getməli olduq. Yolda ermənilər maşınlarımızı daşa basır, önümüzü kəsir, təhdid edirdilər. Biz ürəyimizi Göyçədə qoyub, min bir əziyyətlə dədə-baba torpaqlarımızdan çıxmalı olduq.

-Gəncəyə necə yerləşdiniz?

-Göyçə bizim qibləgahımızdır. Yatanda da üzü Göyçəyə doğru yatırıq ki, biz bir gün ora qayıdacağıq. Göyçə qibləgahımızdırsa, Gəncə də pənah yerimizdir. Bu şəhər minlərlə ailəyə qucaq açdı, pənahında saxladı. Gəncəyə gəlib buradan ev almalı idim. 4 övladım var. O vaxt böyük qızım Samirə üçüncü sinifdə oxuyurdu. Cahan 6, İftixar 5, Aqil isə 3 yaşında idi. Qonşumuz Qalibin köhnə bir "Zaparoje”si vardı. Onlar da Gəncəyə gedirdilər. Maşında bir mənə yer vardı. Bir də qucağımda bir uşağı özümlə apara bilərdim, Samirəni götürdüm. Bunu görən digər övladlarım ağlamağa başladı ki, bizi də apar. Onları bir təhər sakitləşdirərək söz verdim ki, mütləq qayıdıb sizi də aparacağam. Bu səhnəni heç unuda bilmirəm...

-Və Göyçəyə geri döndünüz.

-Gəncədə erməni yarımtikili bir evi mənə çox baha qiymətə satdı. Göyçəyə dönüb ev əşyalarımızdan az bir hissəni götürdüm və ailəmlə birgə yola çıxdıq. Çox çətinliklə Qazaxa çatdıq. Ermənilər daşa basır, yolumuzu kəsirdilər. Hər anımızda ölüm təhlükəsi vardı. Qazaxa çatanda övladlarımı sağ-salamat gətirib çıxardığım üçün maşından düşüb torpağı öpdüm. Beləcə 9 nəfərlik ailə - ata-anam, bacım, mən, yoldaşım və 4 övladım Gəncəyə pənah gətirdik.

- 9 saylı tam orta məktəbə necə işə düzəldiniz?

-O zaman 9 saylı məktəb erməni məktəbi idi, orada ermənilər təhsil alırdı. İlk aylar işsiz qaldım, çox çətin günlər idi. Təhsil idarəsinə müraciət etdim. Dedilər ki, özünüz şagird yığın ki, sizə məktəb açaq. 9 saylı məktəbə getdim. Hələ də direktoru bir erməni qadın idi. Qolundan tutub bayıra çıxardım ki, biz evimizi, məktəbimizi, yurdumuzu qoyub gəlmişik, bir erməninin burada çalışmağa haqqı yoxdur. Sonra bir neçə müəllimlə birgə Ermənistandan gəlmiş ailələrin, onların uşaqlarının siyahısını tutmağa başladıq. 150 şagird toplaya bildik. 9 saylı məktəb fəaliyyətini 150 şagirdlə yenidən bərpa etdi və mən də orada müəllim işləməyə başladım. O vaxtlar müəllimlər çox çətin dolanırdı. Xüsusilə də 1991-1994-cü illərdə müəllimlərin vəziyyəti olduqca acınacaqlı idi. Ailəmi dolandırmaq üçün repetitorluğa başladım. Bu gördüyünüz otaqda yüzlərlə abituriyent hazırlamışam.

- Mən də 9 saylı məktəbdə oxumuşam və siz mənim də müəllimim olubsunuz. Elə zəhminiz vardı ki, həm çəkinir, həm də sizi çox sevirdik. Şagirdlərinin yaddaşında dərin və gözəl iz buraxmış müəllimlərdənsiniz. Savadlı olmaqla yanaşı, həm də çox prinsipial idiniz. Qızınız Cahanla bir sinifdə oxuyurduq. Heç ona güzəşt etməzdiniz.

-(Gülür-red.) Edə bilməzdim. O zaman sizlərə qarşı haqsızlıq etmiş olardım.

- Sizə dəfələrlə məktəb direktorluğu təklif olunduğu halda, bu vəzifədən imtina etdiniz. Amma həmişə məktəbdə bir direktor qədər nüfuzunuz oldu.

-Çoxlarına vəzifə asan gəlsə də, mənə görə ağır məsuliyyətdir. Məktəb iki növbəlidir. Direktor olsaydım, gərək hamıdan əvvəl gəlib, hamıdan sonra məktəbdən çıxaydım. Bu vəzifə bütün vaxtımı alacaqdı. Direktor maaşı az idi, onunla ailəmi dolandıra bilməzdim. Ona görə də vəzifədən imtina edib repetitorluğa üstünlük verdim. Övladlarımı halal zəhmətlə böyütmüşəm.

- Bir direktordan daha çox faydalı işlə məşğul oldunuz.

-Əlbəttə! Şagirdlərimə direktor olmaqdan daha çox fayda verə bildim. Uğurlu karyera qurmuş, yüksək mütəxəssis kimi yetişmiş çox şagirdim var.

- Tanınmış cərrah Niyazi Eminov da sizin şagirdlərinizdən biridir.

- Bəli, Niyazi çalışqan və yaxşı oxuyan şagirdlərimizdən idi. Bu gün uğurları bizi çox sevindirir. Müəllim üçün şagirdlərinin uğurlarını görməkdən daha qürurverici bir məqam yoxdur.

- Müəllim peşəsini seçməyinizə peşman olduğunuz anlar varmı?

- Heç vaxt! Mən ömrümü bu peşəyə həsr etdim. 46 ildə bircə dəfə də keçdiyim dərsə qarşı laqeydlik, məsuliyyətsizlik etməmişəm. Çalışmışam ki, dərsin bir dəqiqəsi də boş keçməsin. Vicdanım çox rahatdır.

- Başqa bir peşmançılığınız var?

- Çox olub. Həyat peşmançılıqların, səhvlərin, günahların üzərində qurulub. Səhv etmədən doğru yolu tapa bilməzsən. Düz, hamar yolla inkişaf mümkün deyil.

- Kaş ki dediyiniz nələr var?

- Atam Göyçə deyə-deyə canını tapşırdı. Amma mən ona təskinlik verə, heç nə edə bilmədim. Bir bibim vardı, can verəndə dedi ki, mənə bir ovuc Göyçə qarını gətir, ciyərim yanır. Fikirləşdim ki, axı mən Göyçə qarını hardan tapım? Fevral ayı idi. Dağ kəndlərindən birinə gedib bir banka qar gətirdim. Qarı yeyib canını tapşırdı (kövrəlir-red.). Bibimə Göyçə qarını verə bilmədim, atam Göyçə həsrəti ilə dünyadan köçdü... Bunlar ömrüm boyu unuda bilməyəcəyim nisgillərimdir.

- Bəs ən sevincli anlarınız nələr olub?

- Sevincli anlarım çox olub. Amma iki hadisə məni daha çox sevindirib: bir oğlum İftixarın dünyaya gəlməyi, bir də Aqilin Azərbaycan Tibb Universitetinə daxil olmağı. Həkim olmaq ən böyük arzum idi. Özümə nəsib olmasa da, oğluma qismət oldu.

- Tək qalmaq istədiyiniz vaxtlar olurmu?

- Tək qalmağı çox sevirəm. İnsan iki cür nitqə sahibdir: zahiri və daxili. Biz indi sizinlə zahiri cəhətdən danışırıq. İnsan özü ilə isə daxili nitqi ilə söhbət edir. “Nəyi düz, nəyi səhv etdim?”, - deyə öz-özümlə çox danışıram.

- Heç özünüzü qınayırsınız?

- Əlbəttə olur.

- Məsələn, nəyə görə?

- Onu deyə bilmərəm (gülür-red.). Belə hallar çoxdur. Amma dilə gətirmək istəmirəm. Bəzən öz-özümü çox danlayıram. İnsan özünü ən yaxşı gecə yatdığı vaxt, yorğanı başına çəkib özü ilə baş-başa qalanda dərk edir. Hər gecə ən azı bir saat özümlə danışır, düzlərimi, səhvlərimi düşünürəm. Amma bütün halda nikbin insanam. Ən çətin hallarda da ümidlə yaşamağı bacarıram.

- Qarabağla bağlı da nikbin idiniz?

-Həmişə inanırdım! Bilirdim ki, bir gün Qarabağa mütləq dönəcəyik! Mən Göyçəyə qayıdacağımıza da inanıram. Göyçəyə qayıtmayanadək Əzrayıla can verməyəcəyəm. O torpaqlar bizimdir. Allah mənim Allahımdırsa, məni Göyçəyə aparmadan canımı almayacaq...

Könül Cəfərli