“Bıçaqla vurduğunu görən olmayıb“ - Qıza sataşdılar, aləm qarışdı

bicaqla-vurdugunu-goren-olmayib
Oxunma sayı: 740

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və xuliqanlıqda təqsirləndirilənlər - 1992-ci il təvəllüdlü İlqar Əhmədovun və 1983-cü il təvəllüdlü Emin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb.

Dövlət ittihamçısı çıxış edərək İ.Əhmədovun 20 il, E.Cəfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

E.Cəfərovun vəkili müdafiə çıxışı edərək əsas şahidlərin məhkəmədə dindirilmədiyini, buna görə də işin hər tərəfli araşdırılmadığını bildiriblər.

İ.Əhmədovun vəkili Rəşid Mirmehdizadə çıxış edərək deyib ki, müvəkkilinin qətlə yetirilən Murad Hüseynovu bıçaqla vurduğunu görən olmayıb. Nə istintaqda, nə də məhkəmədə belə bir şahid olub. Sadəcə İlqar özü istintaqa ifadəsində bunu etiraf edib. Məhkəmədə də dedi ki, bu ifadəsini təzyiq altında verib. Onu qardaşını həbs etməklə qorxudublar. 

İstintaq digər şübhəli şəxsi isə müəyyən edə bilməyib. Cinayət işinin materiallarında qeyd olunub ki, mərhum Murad Hüseynovu vuran qara saqqallı, balaca boy, arıq adam olub. Amma elə müstəntiq özü də qeyd edib ki, bu göstəricilər İlqar Əhmədova uyğun gəlmir.

Murad Hüseynovun ölümünə onun dostları səbəb olub. Əgər onlar Muradı orada atıb qaçmasaydılar, ona tibbi yardım göstərsəydilər, onun həyatını xilas etmək mümkün olardı".

İ.Əhmədov M.Hüseynovu bıçaqlamadığını, özünü təqsirli bilmədiyini bildirib.

Məhkəmə prosesi iyunun 13-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə Binəqədi rayonunda, DSK” yolunun üstündə üzərində kafedə baş verib. Kafedə olan oğlanlardan birinin orada işləyən Aynurəyə sataşması davaya səbəb olub.

2017-ci il yanvarın 1-də "DSK" yolunun üzərində 1997-ci il təvəllüdlü Murad Hüseynovun meyiti küçədə tapılıb.

Hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü İlqar Arif oğlu Əhmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, İ. Əhmədov M. Hüseynovun dostu, 1982-ci il təvəllüdlü Rövşən Ağayevə də bıçaq xəsarətləri yetirib. R. Ağayev xəstəxanaya yerləşdirilib.
 
İ.Əhmədov qəsdən adam öldürməkdə, iki və daha çox adamı öldürməyə cəhddə, E.Cəfərov isə xuliqanlıqda təqsirləndirilir.

Murad Əhməd