İddia: “Ədalətsizliyə, ayrı-seçkiliyə və korrupsiya hallarına yol verilib”

iddia-edaletsizliye-ayri-seckiliye-ve-korrupsiya-hallarina-yol-verilib
Oxunma sayı: 714

“2010- cu ilin yazında baş verən daşqınlardan 1 il ötür. Məhz keçən il bu zaman Kür və Araz çaylarının daşması nəticəsində Azərbaycanın 30- a yaxın rayonunda 20 mindən çox yaşayış binasının, 110 min hektar əkin və örüş sahəsinin su altında qalması ilə insanlara, təsərrüfatlara, iaşə və məişət obyektlərinə, tədris - təhsil ocaqlarına, infrastruktura, böyük həcmdə ziyan dəydi. Aparılan araşdırmalar göstərir ki, 2010-cu ilin daşqınları miqyasına və təsir gücünə görə Kür çayının son 100 ildə ən böyük daşqınlarından biridir.

Daşqınların nəticələrinin aradan qaldırılması ilə bağlı 2010-cu ilin may ayında Hökumət Komissiyası yaradılmış, Nazirlər Kabinetinin 197 s saylı sərəncamı qəbul edilərək dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılmışdır.

Daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyət göstərən əsas dövlət qurumlarından olan Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə ötən bir il ərzində 20 aprel 2011-ci il tarixinə cəmi 2714 fərdi yaşayış evinin tikilməsi nəzərdə tutulmuşdur ki, bunlardan 2401 ev artıq tikilərək sakinlərin istifadəsinə verilmişdir.

FHN- nin digər məlumatında qeyd olunur ki, fəlakət nəticəsində evlərinə ziyan dəymiş 8986 ailəyə 8608,7 min manat yardım ödənilmişdir. Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq göstərişi ilə Sabirabad rayonunun Əsgərbəyli, Muradbəyli, Qasımbəyli və Yuxarı Axtaçı kənd sakinlərinin əkin sahələri və əmlaklarına dəymiş ziyana görə 1065 ailəyə 1120,0 min manat məbləğində birdəfəlik maddi yardımlar ödənilmişdir.

Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 mart 2011-ci il tarixli 71 s nömrəli Sərəncamına əsasən Kür və Araz çaylarının daşması nəticəsində əhalinin əkin sahələrinə dəymiş ziyana görə 13177 ailəyə 6004170 manat məbləğində birdəfəlik yardım ödənilmişdir.

Görülən işləri alqışlamaqla yanaşı qeyd etmək lazımdır ki, 2010-cu ilin yazında baş verən Kür və Araz çaylarının daşması nəticəsində infrastruktura, insanlara, bölgənin iqtisadi potensialına, təbiətə vurulan ziyan tam aradan qaldırılmayıb. Eyni zamanda növbəti daşqınların təkrarlanmaması istiqamətində bir sıra işlər görülməyib və ya görülən bəzi işlərdə narahatlıq doğuran məqamlar qalmaqdadır. Bunlara daxildir;

Kür və Araz çayları, ehtiyat su anbarları, Kürün deltası lildən təmizlənməyib;

Bəndvurma və sahil bərkitmə işləri etibarlı aparılmayıb;

Daşqınların təsirinə məruz qalmış bəzi bölgələrdə hələ də müəyyən insanlar yardım və kompensasiyalar almayıb, evləri təmir və bərpa olunmayıb;

Ziyan dəymiş evlərə, təsərrüfatlara obyektiv baxış keçirilməyib;

Bəzi yerlərdə evlərin tikintisi və kompensasiyaların ödənilməsində ədalətsizliyə, ayrı- seçkiliyə və korrupsiya hallarına yol verilib;

Bölgənin iqtisadi inkişafı üçün zəruri tədbirlər həyata keçirilməyib və s.

Bütün bunları nəzərə alaraq hesab edirik ki, daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, xüsusən, Nazirlər Kabinetinin 09 iyul 2010-cu il tarixli 197 s saylı sərəncamının yerinə yetirilməsində şəffaflığın və hesabatlılığın təmin olunması üçün ictimai məlumatlandırmanın artırılmasına, Hökumət Komissiyasının işinə vətəndaş cəmiyyəti institutlarının cəlb olunmasına, şikayətlərin obyektiv araşdırılması üçün onların iştirakı ilə müvafiq komissiyanın yaradılmasına, eləcə də daşqın bölgəsində infrastrukturun bərpa olunması, regionun sosial-iqtisadi inkişafına nail olmaq üçün xüsusi Dövlət Proqramının hazırlanıb həyata keçirilməsinə ehtiyac var”.