Biləsuvarda 10 ədəd partlamamış hərbi sursat tapıldı - Fotolar

bilesuvarda-10-eded-partlamamis-herbi-sursat-tapildi
Oxunma sayı: 1338

Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində 10 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Qafqazinfo”ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 2018-ci il 04 sentyabr tarixində də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 10 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 12 500 kv.m əraziyə yerüstü və 830 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

4 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 665 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, 30 500 kv.m əraziyə yerüstü və 1 660 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.