Biləsuvarda yanacaqdaşıyan maşın aşdı - Ölən və yaralanan var+ Video

bilesuvarda-yanacaqdasiyan-masin-asdi
Oxunma sayı: 5100

Biləsuvarda yanacaqdaşıyan maşın aşaraq yanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, noyabrın 22-i gecə saat 3:00- 4:00 radələrində Ələt-Astara yolunun Biləsuvar rayon Xırmandalı kəndi ərazisindən keçən hissəsində Naxçıvan Muxtar Respublikasının sakini Kələntərov Yavər idarə etdiyi DAF markalı yanacaqdaşıyan yük avtomobili  ilə Bakıdan Naxçıvana gedərkən idarəetməni itirərək aşıb və avtomobil yanıb.

Hadisə nəticəsində sürücü Y. Kələntərov maşında yanaraq vəfat edib.

Murad Əhməd

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb. Bildirilir ki, noyabrın 22-də saat 03:49-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Biləsuvar rayonu, Ələt-Astara yolunun 102-ci kilometrliyində avtomobil yanması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Saat 04:10 dəqiqədə DYMX-nın ilk yanğın avtomobili hadisə yerinə çatıb. Hadisə yerindən DYMX-nın əməkdaşı verilən ünvanda yanacaqdaşıyan avtomobilin açıq alovla yanması və avtomobildə 1 nəfərin qalması barədə məlumat verib.

Yanğının söndürülməsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən 21 nəfər şəxsi heyət, 6 texnika cəlb olunub.

Bakıdan Naxçıvan Muxtar Respublikası istiqamətində hərəkət edən 1978-ci il təvəllüdlü Kələntərov Yavər Rəşid oğlu tərəfindən idarə olunan "DAF" markalı 99-CZ-868 dövlət qeydiyyat nişanlı yanacaqla dolu avtoçən idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib. Yanğın nəticəsində avtoçənin yanar hissələri, çəndə olan 38 ton “Aİ-93” (benzin) markalı yanacaq yanıb. Hadisə zamanı avtomobilin sürücüsü Kələntərov Yavər Rəşid oğlunun meyiti yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan köməkçi sürücü 1987-ci il təvəllüdlü Məmmədov Emin Sarıbaba oğlu əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə rayon xəstəxanasına aparılıb.

Yanğın saat 05:40 dəqiqədə məhdudlaşdırılıb. Yanğın saat 08:41 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.