İlham Əliyev futbol meydançasına getdi - Fotolar

ilham-eliyev-futbol-meydancasina-getdi-fotolar
Oxunma sayı: 663

“Qafqazinfo” AzərTaca istinadən xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə məlumat verdi ki, Azərbaycanda idmanın inkişafına diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edən Azərbaycanda nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Son illərdə ölkədə futbolun inkişafı ilə bağlı görülən işlər də təqdirəlayiqdir. 2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubiley tədbirlərinin ən möhtəşəmi Bakıda Olimpiya Stadionunun təməlinin qoyulması olmuşdur. Bunun ardınca paytaxtda daha bir mühüm futbol kompleksinin - “Bakı” futbol klubunun təlim-məşq bazasının tikilməsi idmanın bu növünün inkişafı istiqamətində atılan vacib addımlardan biridir.

Təlim-məşq bazası ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, 5 hektara yaxın ərazidə inşa olunmuş kompleksə 5 stadion daxildir. Onlardan üçü təbii, ikisi süni örtüklüdür. Süni örtüklü stadionun biri açıq, digəri isə qapalıdır.

Süni örtüklü stadionda yaradılan şəraitlə tanış olan İlham Əliyevə məlumat verildi ki, bu, regionda ən böyük qapalı futbol meydançasıdır. Uzunluğu 75, eni 45 metr olan meydançanın ümumi sahəsi 3375 kvadratmetrdir. Ən son texnologiyalar əsasında qurulan stadionun arakəsmə və üst qatında istifadə olunan materiallar odadavamlıdır. Avro-2 standartına uyğun süni örtük döşənən meydançanın tavanı İtaliyanın dünyada bu sahədə ixtisaslaşan nüfuzlu “Plasteco Milano” şirkəti tərəfindən hazırlanıb. Kompleksdə dünya standartları səviyyəsində yaradılan infrastruktur futbolun inkişafı, futbolçuların peşəkarlığının artırılmasında mühüm rol oynayacaq, yarışların keçirilməsinə imkan verəcək.

Prezident İlham Əliyev kompleksdə gənc futbolçuların yaşayış şəraiti ilə də tanış oldu. Məlumat verildi ki, kompleksdə klubun Futbol Akademiyası da fəaliyyət göstərir. Burada bütün yaş qrupları üzrə məşqlərə cəlb edilən uşaqların yaşayış yerləri, təlim-məşq zalları yaradılmış, onların idmanla məşğul olmaları üçün bütün zəruri avadanlıq quraşdırılmışdır. Gün ərzində həkim-mütəxəssislər gənc futbolçuların mənəvi-psoxoloji hazırlığı ilə məşğul olurlar.

İnzibati mərkəzin də yerləşdiyi akademiya binasında konfrans zalı, yeməkxana, soyunub-geyinmə otaqları, yüksək səviyyəli qonaqlar üçün oyunları müşahidə zalı yaradılmışdır. Bildirildi ki, hazırda akademiyada 400 uşaq və yeniyetmə futbolun sirlərinə yiyələnir. Gələcəkdə bu rəqəmin artırılması nəzərdə tutulur. Ölkədə yeni nəsil futbolçuların yetişməsini qarşıya məqsəd qoyan “Bakı” futbol klubu son 7 ildə iki dəfə Azərbaycan çempionu olmuş, iki dəfə isə ölkə kubokunu qazanmışdır. “Bakı” Avropa Liqasının pley-off mərhələsinə yüksələn iki Azərbaycan klubundan biridir.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev “Bakı” futbol klubunun üzvləri və məşqçilərlə görüşdü. Ona “Bakı” futbol klubunun xatirə hədiyyəsi təqdim olundu.