İmişlidən Çingiz Qənizadəyə daha bir cavab

imisliden-cingiz-qenizadeye-daha-bir-cavab
Oxunma sayı: 678

“Qafqazinfo” xəbər verir ki, İmişli sakini Azər Əli millət vəkilinin məqalədə qeyd etdiyi fikirlərə öz etirazını bildirib:

“Bayram günləri ərəfəsində İmişlidə, rayonun bir qrup sakini tərəfindən keçirilən aclıq aksiyası yerli və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən daha çox deputat Çingiz Qənizadənin narahatlığına səbəb olub və dərhal hakimiyyətin sözçüsü kimi mətbuatda gedən yazılara reaksiya verib” sözü ilə məktubuna başlayan Azər Əli millət vəkili məqaləsində etik normadan kənara çıxaraq, ictimai fəal şəxsləri “hoqqobaz” adlandırıb: “Sözə bir baxın: “Son günlər mətbuatda 4-5 nəfərin yeni ev tikilməsi tələbi llə guya aclıq aksiyaları keçirməkləri ilə bağlı bəzi maraqlı şəxslər tərəfindən mətbuata ötürülmüş informasiyalar qərəzlidir.” Adam sonradan aclıq aksiyası keçirənlərin ad-soyadlarını və yaşayış yerlərini qeyd edir, deməli, “guya” deməklə şübhə altına alınsa da, bu aksiyaların keçirilməsi danılmır. Etirazçıların konkret tələbi olub: təbii fəlakətin təsirinə məruz qalmış yaşayış evlərinin dövlət hesabına tikilməsi. “Mən onların istəklərinə, yeni evə sahib olmaq arzularına hörmətlə yanaşıram.” Hörmət beləmi olur? Niyə Ç. Qənizadəyə elə gəlir ki, onun kimi bu adamların da müstəqil fikri, mövqeyi, qərarı ola bilməz? Dövlət hesabına yeni ev tikilməsi tələbi ilə İmişli RİH-ə edilən müraciətlərin sayı 5 minədəkdir və onların yazılmağında maraqlı şəxlər də yalnız o müraciət müəllifləri, onların ailələridir. Əgər bu adamlardan başqa məqsədlər üçün istifadə edilsəydi, daha ciddi, geniş rezonans doğuran aksiyalar təşkil oluna bilərdi. Təbii fəlakətin təsirinə məruz qalan Salyan, Sabirabad, Saatlı, Kürdəmir rayonlarında da narazılıq var və dəfələrlə eyni motivlə, amma fərqli formalarda aksiyalar olub, lakin onların təşkilində “bəzi maraqlı şəxslər”in izi müəyyən edilməyib.

Etiraz edənlərin İmişli şəhərinin və Çaxırlı, Gövhərli, Rəsullu, Məzrəli kəndlərinin sakinləri olduğunu qeyd edən Ç. Qənizadə, bildirir ki, bu yaşayış məntəqələrinin heç biri Kür Və Araz çaylarının sahillərində yerləşmir və məlum sərəncamın təsiri altına düşmür. Elə isə məlum sərəncam əsasında və məlum dövlət komissiyasının rəyi ilə həmin yaşayış məntəqələrində digər vətəndaşlara niyə evlər tikilib? Ç. Qənizadəyə xatırladaq ki, təkcə İmişli şəhərində ötən ilin sonunadək tikilən belə evlərin sayı 411 olub. İmişli şəhərinin Əli Məmmədov küçəsindəki 11 saylı evdə yaşayan, I qrup əlil Elman Şahbazov da məhz bərabərlik hüququnun pozulmasından, qanunsuz olaraq dövlət yardımından məhrum edilməsindən, evlərin tikintisi zamanı korrupsiya hallarına yol verilməsindən şikayətçidir.

Mən onların bəzilərinin evlərinin fotoşəkillərinə də baxdım. Təxminən 40-50 il bundan əvvəl çiy kərpicdən tikilmiş bu evlər yağış və qrunt sularından müəyyən zədələrə məruz qalıblar.” Yenə yalan danışır. Başqalarını deyə bilmərəm, E. Şahbazovun evi təxminən 20 il əvvəl tikilib. İkincisi, 40-50 il əvvəl torpaq kərpicdən tikilən evlər, təbii fəlakət qalsın bir yana, istənilən təsirə davamsız, yaşayış üçün daha təhlükəli ola bilər. Sərəncamda istismar müddəti bitməsi səbəbindən yaşayış evinin sökülərək, dövlət hesabına tikilməsinə məhdudiyyət qoyulmayıb. Üçüncüsü, RİH-də həmin evlərin fotoşəkillərinə baxmaqla necə obyektiv rəy bildirmək olar? Ümumiyyətlə, hansı obyektivlikdən danışmaq olar ki, adam bir tərəflə görüşür və onun mövqeyindən çıxış edir, qarşı tərəfi- aksiya keçirənləri dinləmir və onları dövlətə təzyiq etməkdə qınayır? Soruşmaq ayıb olmasın, Ç. Qənizadə kimə vəkillik edir- icra hakimiyyətinə, yoxsa seçicilərə?

İmişli RİH-i təmizə çıxarmaq üçün deyir: “Qeyd edim ki, evlərin tikintisi və kompensasiyaların verilməsi yerli icra orqanları vasitəsi ilə deyil, birbaşa Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən həyata keçirilir.” Əvvala, həmin işləri FHN-in müvafiq komissiyası deyil, Nazirlər Kabineti tərəfindən yaradılmış, İmişli RİH başçısı Əbülfəz Ağayevin də təmsil olunduğu dövlət komissiyası həyata keçirir. İkincisi, qəzalı evlərə ilkin baxışı və onlar barədə məlumatların toplanılıb dövlət komissiyasına ötürülməsini yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bu zaman isə hətta kənd (şəhər, qəsəbə) icra nümayəndələrindən belə çox şey asılı olur. Rayon ictimaiyyətinə yaxşı məlumdur ki, bir çox vətəndaşa dövlət yardımından istifadə, rüşvət qarşılığında mümkün olub. Heç bir tikili olmayan həyətdə belə qəzalı evin qeydə alınması və imkanlı bir şəxsə dövlət hesabına burada ev tikilməsi faktı da dövlət komissiyası tərəfindən göndərilən nümayəndələrlə yerli icra hakimiyyəti işçilərinin saxtarlıqda əlbirliyindən xəbər verir. Evlərin və infrastruktur obyektlərinin tikintisi məqsədilə dövlət büdcəsindən FHN-ə ayrılan 200 milyon manatdan çox vəsaitlə bağlı da şəffaflıq yoxdur. 2 ilə yaxın müddətdə dəfələrlə sorğu edilməyinə baxmayaraq, FHN 2, 3 və 4 otaqlı 1 evin tikintisinə nə qədər vəsait sərf olunduğunu açıqlamır. Bu isə ictimaiyyətdə əsaslı şübhə yaradır ki, tikinti üçün ayrılan vəsaitin bir hissəsi (bəlkə də tən yarısı) “yeyinti” predmetinə çevrilib. Yaxşı olar ki, Ç. Qənizadə deputat statusundan istifadə edərək, bu məsələni araşdırsın.

“Rayonda mənə bildirildi ki...” Eh, Çingiz müəllim, biz də çox şey eşidirik. Hətta İmişli rayonunun Bəcrəvan kəndində sakinlərdən birinə məhz Sizin xahişinizlə ev tikilməyini də eşitmiş və buna təəccüblənməmişik”.