“Binanın ətrafından keçənlər üçün vəziyyət olduqca təhlükəlidir” - Foto

binanin-etrafindan-kecenler-ucun-veziyyet-olduqca-tehlukelidir
Oxunma sayı: 1530

Nəsimi rayonu 1-ci mikrorayon A.Mustafayev küçəsi ev 1 ünvanında yaşayan vətəndaş Lalə Mehdiyeva binada aparılan təmir işlərindən narazıdır. 

“Qafqazinfo”ya müraciət edən sakin bildirir ki, onlara ilk olaraq binanın boyadılacağı deyilsə də, uzun müddətdir, iş bitmir: “Əvvəlcə boya işləri aparırdılar. Sonra isə başladılar binanın üzlüyünü dəyişməyə. Nə kondisionerlərin üstü bağlanır, nə də bir şey... Təhlükə altındayıq. Binanın ətrafından keçən maşınlar, insanlar üçün bu vəziyyət olduqca təhlükəlidir. Eyvana çıxmaq lap mümkünsüz olub. Binanın üzərindən qoparılan daş, qum - hamısı eyvana tökülür. Bazar günü drelin səsi ilə oyanırıq. Sakinlərin üzərinə bu daşlardan biri düşsə, kim cavab verəcək?! Hara müraciət etsək də, məsələ həllini tapmır”. 

Problemlə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab verildi: “Rayonun 1-ci mikrorayon A.Mustafayev küçəsi ev 1 ünvanında yaşayan sakinlərin müraciəti ilə bağlı bildiririk ki, sözügedən hündürmərtəbəli bina “Komfort” MTK-ya məxsus kooperativ binadır. Həmin binada hazırda COP-29-la bağlı təmir işləri aparılır. İşlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulub. Sakinlərin təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi barədə MTK rəhbərliyinə xəbərdarlıq olunub”.

Lamiyə Məmmədova