“Binanın tam qarşısında tikinti aparılır və buna göz yumulur”

binanin-tam-qarsisinda-tikinti-aparilir-ve-buna-goz-yumulur
Oxunma sayı: 3882

Bakının Nizami rayon sakini Anar Rəsulov yaşadığı ərazidə qanunsuz tikili aparıldığını iddia edir.

“Qafqazinfo”ya müraciət edən vətəndaş tikintinin Elşən Süleymanov küçəsində aparıldığını bildirib.

Onun sözlərinə görə, fərdi evin pəncərələri onun yaşadığı evin içinə baxır və bu ailə üçün diskomfort yaradır: “Yaşayış binamızla üzbəüz ərazidə qonşum ev tikir. Tikinti aparılan ev bizim binanın 4-cü mərtəbəsinə baxır, hətta bir eyvanın içindən digər eyvan görünür. Bu tikinti Nazirlər Kabinetinin 51 saylı qərarına ziddir. 3 sot torpaq sahəsində 3 mərtəbəli, 150 kvadrat metr ev tikilə bilməz. Həmin yerdə mənim də torpaq sahəm var. Evi tikən Ataxan Hüseynov mənim ərazimə də girərək zəbt edib”.

Vətəndaşın sözlərinə görə, bir neçə dəfə aidiyyəti qurumlara öz şikayətini bildirsə də, nəticə olmayıb: “Binanın tam qarşısında tikinti aparılır və buna hər dəfə göz yumulur. Dəfələrlə dövlət orqanlarına müraciət etməyimə baxmayaraq, bu barədə bir tədbir görülmür”.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirildi ki, vətəndaşın müraciəti başqa məsələ ilə əlaqədar olub: “Bildiririk ki, vətəndaş Rəsulov Anar Akif oğlunun İcra Hakimiyyətinə müraciəti E.Süleymanov küçəsində yerləşən torpaq sahəsinin qonşusu Hüseynov Ataxan İbrahim oğlu tərəfindən zəbt olunması ilə bağlı deyil, ərazidə aparılan inşaatla əlaqədar tökülmüş tikinti materiallarının təmizlənməsi, aralıq hasarının tikilməsi ilə əlaqədar olub. Vətəndaşın müraciəti ilə bağlı qonşu Ataxan Hüseynovun da iştirakı ilə bir daha yerində araşdırma aparılıb. Ataxan Hüseynovun mülkiyyətində olan Nizami Rayon İcra Hakimiyyətinin 28.04.2017-ci il tarixli, H-22-159 №-li məktubu ilə təqdim olunmuş 2 mərtəbəli, kürsülü fərdi yaşayış evinin memarlıq-planlaşdırma layihəsi razılaşdırılıb, onun tikinti niyyəti barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə layihə barədə məktubla məlumat verilib və Tikintilərin Dövlət Reyestrində qeydiyyata alınıb. Anar Rəsulovun torpaq sahəsinə tökülmüş tikinti materiallarının təmizlənməsi Ataxan Hüseynova tapşırılıb”.

Şəhanə Paşayeva