“Binanın tez təhvil verilməsində şirkət daha çox maraqlıdır” - “Sipark-İnşaat”dan açıqlama

“Binanın tez təhvil verilməsində şirkət daha çox maraqlıdır”
Oxunma sayı: 2476

“Sipark-İnşaat” şirkəti Təbriz layihəsinin gecikdirilməsi və sakinlərə kirayə haqlarının verilməməsi ilə bağlı sosial mediada yer alan şikayətə cavab verib. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə Nurəddinqızı “Qafqazinfo”ya bildirib ki, layihədə baş verən ləngimələr ərazidən qrunt sularının çıxması ilə bağlıdır:

“Bəli, sözügedən Təbriz layihəsinin tikintisində müəyyən qədər ləngimələr olub. Ancaq ləngimələrin səbəbi yerdən qrunt sularının çıxmasıdır. Bu hal heç bir şirkət üçün istisna deyil. Həmin suların qurudulması prosesi zaman tələb edən bir işdir. Ərazi tamam qurudulmalıdır ki, bünövrə möhkəm olsun. Daha sonra sakinlər, xüsusilə də, aşağı mərtəbələrdə məskunlaşacaq ailələr nəmişlik kimi problemlərlə üzləşməsinlər.

Qrunt suları həqiqətən də çox idi və bu da işin sürətlə gedişatına maneə oldu. Ancaq bütün bunlara baxmayaraq iş tamamilə dayandırılmayıb. Bu gün də oraya kimsə getsə, inşaatın davam etdirildiyini görə bilər. Artıq 4 blokda 8-ci mərtəbədə işlər görülür. Sakinlər digər iki blokda tikintinin getməməsindən narazıdır. Ancaq görə bilərlər ki, hələ də orada suların qurudulması prosesi gedir. Su quruyan zaman orada da tikinti işləri davam etdiriləcək”.

Şirkət rəsmisi kirayə haqlarının verilməməsi məsələsinə də toxunaraq qeyd edib ki, videoda şikayətlənən hər bir vətəndaş aybaay kirayə haqqını alıb:

“Əlimizdə bunu təsdiq edən çek sənədləri də var. Nəyə görə almadıqlarını iddia edirlər, onu bilmirəm, ancaq fakt budur ki, kirayə haqları onlara ödənilib. Ola bilər 5 gün- 1 həftə müddətində hansısa gecikmələr baş verə bilər, ancaq bu o demək deyil ki, ödənməyib.

Layihədə hər hansı dəyişiklik olunmayıb. Bütün sakinlər şirkətə dəvət olunub, onlarla əlaqə saxlanılıb. Onların çoxunun heç narazılığı yoxdur. Bir daha media vasitəsilə sakinlərə bildirmək istəyirik ki, narahatlığa hər hansı bir səbəb yoxdur. İstər kirayə haqları, istərsə də layihədə olan ləngimələr işin bitməsi demək deyil.

Sözügedən layihədə mənzillər 2020-ci ilin sonuna kimi sakinlərə təhvil veriləcək və bu səpkidə sürətlə işlər davam etdirilir. Layihənin tez bir zamanda təhvil verilməsində şirkət daha çox maraqlıdır amma keyfiyyətli olmaq şərtilə. Binanın hər tərəfi yol olduğuna görə bərkidilmə işləri də aparılır. Bu da işin ləngiməsinin səbəblərindəndir. Son olaraq onu da qeyd edim ki, şirkətimiz 15 ildir fəaliyyət göstərir və bu müddət ərzində onlarla layihəni bitirib təhvil vermişik. İndiyə kimi də sakinlərlə aramızda hər hansı problem yaşanmayıb”.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi