Binə ticarət mərkəzində aksiya keçirilib

bine-ticaret-merkezinde-aksiya-kecirilib
Oxunma sayı: 3629

Bakının ən böyük ticarət mərkəzlərindən biri olan "Binə"də hazırda aksiya keçirilir. "Qafqazinfo" musavat.com-a istinadən xəbər verir ki, aksiya iştirakçıları isə ticarət mərkəzində işləyən ticarətçilərdir.

Onlar bir müddət öncə də dinc aksiya keçirib, tələblərini ortaya qoymuşdular. Hazırda 5/3, 5/4 sıralarda çalışan sahibkarlar dükanları qapadaraq, bu şəkildə dinc aksiya keçirirlər. Onların etirazlarına səbəb isə, icarə haqlarının çox olmasıdır.

Şikayətçi sahibkarların verdiyi məlumata görə, digər sahibkarlar da onlara qatılacaq: "Ölkədə böhran var. Alver yoxdur. Pul qazana bilmirik. Gəlirlərimiz aşağı düşüb. Amma icarə haqqı dəyişməyib. Üstəlik, ay tamam olan kimi pulu tələb edirlər. O pulu necə ödəyək? Bizi başa düşüb, qiyməti aşağı salmalıdırlar. Digər sıralarda olan tacirlər də bizə qatılmağı düşünürlər. Alver heç kimdə yoxdur, problem hamımızın problemidir. Belə getsə, hamımızı dükanları qapadıb, gedəcəyik".

***

Azadlıq radiosunun məlumatına görə, yanvarın 18-də «Binə» Ticarət Mərkəzində bütün mağazalar bağlanıb. Satıcılar bazar rəhbərliyinə etirazlarını bu yolla bildirirlər. Onlar icarə haqlarının aşağı salınmasını tələb edirlər.