Binədə yol hərəkətinin təşkilində dəyişiklik - Fotolar

binede-yol-hereketinin-teskilinde-deyisiklik
Oxunma sayı: 2446

Bakı Nəqliyyat Agentliyi Binə qəsəbəsində yol hərəkətinin təşkilində dəyişikliklər edib.

Agentlikdən “Qafqazinfo”ya verilən məlumata görə, BNA-nın mütəxəssisləri tərəfindən 100 minə yaxın əhalinin yaşadığı Xəzər rayonu, Binə qəsəbəsində əsaslı araşdırmalar aparılıb, mövcud nəqliyyat problemləri öyrənilib. Aşkar edilmiş problemlərin aradan qaldırılması istiqamətində mərhələli şəkildə müxtəlif tədbirlər həyata keçirilməkdədir.

Bu istiqamətdə görülən işlər çərçivəsində növbəti önəmli addım atılaraq Əli İsazadə və Qəzənfər Musabəyov küçələrinin kəsişməsində svetofor obyektləri quraşdırılıb, yol hərəkətinin təşkilində nəqliyyat axınlarına uyğun dəyişikliklər həyata keçirilib, nizamlanan eyni səviyyəli piyada keçidləri təşkil edilib.

Nəticədə kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb; hərəkətin növbəliliyi təmin olunub; nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə yaşayan sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb.

Məlumat üçün bildirək ki, bundan öncə də Binə qəsəbəsində, Əli İsazadə və Fuad Aynalov küçələrinin kəsişməsində svetofor obyektləri quraşdırılaraq sakinlərin istifadəsinə verilib. Hazırda isə adı çəkilən qəsəbədə, Əli İsazadə küçəsində yerləşən “Ədalət parkı”nın qarşısında da bu istiqamətdə işlər aparılır.

Həmçinin növbəti mərhələlərdə əvvəlcədən hazırlanmış layihə əsasında Binə qəsəbəsində yeni avtobus dayanacaq məntəqələri təşkil ediləcək, müvafiq yol nişanları quraşdırılacaq, nizamlanan və nizamlanmayan eyni səviyyəli piyada keçidlərinin sayı artırılacaq.