Binədəki qəza ilə bağlı məhkəmə başlayır

binedeki-qeza-ile-bagli-mehkeme-baslayir
Oxunma sayı: 1075

Binə qəsəbəsində marşrut avtobusunun qatarla toqquşması nəticəsində baş verən qəzaya görə təqsirləndirilənlər – avtobusun sürücüsü Əlixan Şirəliyev və xətt üzrə daşıyıcı şirkət olan "Ayşən LTD" MMC-nin dispetçeri Mübariz Fərəcovun məhkəməsi başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə baxılır.
Bugünkü hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Ə. Şirəliyevin vəkili səhhətində yaranan problemlərə görə məhkəmədə iştirak etməyib. Bu səbbədən proses martın 29-da davam etdiriləcək.

Hadisə 2018-ci il oktyabrın 1-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun 160 nömrəli marşrut üzrə idarə etdiyi "Ayşən LTD" MMC-yə məxsus "Daewoo" markalı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun toqquşması nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzaya səbəb olan sürücünün hadisə baş verən gün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edildiyindən “Ayşən LTD” MMC-də dispetçer işləyən M.Fərəcov da təqsirləndirilən şəxs qismində cəlb olunub.

Murad Əhməd