Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən uşaqlar üçün hazırlanan “Bizim böyük Qələbəmiz” adlı kitabın Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu gün rayon ərazisində yerləşən şəhid N.Fərəczadə adına 100 nömrəli tam orta məktəbdə təqdimat mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müahribəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, şəhid N.Fərəczadə adina 100 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova, məktəbin məzunları şəhid Samir Paşayevin anası Gültəkin Paşayeva, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov və məktəbin kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edənlər Şanlı Qələbəmizə həsr olunmuş kitablar haqqında məlumat verərək bildirdilər ki, uşaqlar üçün nəzərdə tutulan “Bizim böyük Qələbəmiz” kitabı ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti və rəşadətli ordumuzun şücaəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdən biridir və bu kitabın çap edilməsində əsas məqsəd uşaqlarda doğma vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun və Azərbaycanın tarixi qələbəsini təbliğ etməkdir.
Həmçinin əlavə ediblər ki, “Bizim böyük Qələbəmiz” adlı kitabı nəsillərin görüşü adlandırmaq olar. Gələcək nəsillər, yəni balaca balalarımız bu kitabı vərəqləyərkən Zəfər tariximizi daha yaxından öyrənəcək, özlərində düzgün yanaşma formalaşdıracaqlar.
Tədbir məktəblilərin hazırladığı musiqi, şeir və rəqs kompazisiyaları ilə davam edib.




Son xəbərlər
Son Xəbərlər