Binəqədidə festival keçirilib

bineqedide-festival-kecirilib
Oxunma sayı: 1146

Binəqədi rayon orta ümumtəhsil və incəsənət məktəblərinin şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir - Sənsiz deyil!” 10-cu yaradıcılıq festivalı qaliblərinin 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, rayon təşkilat rəhbələri və millət vəkilləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayədələri iştirak ediblər.

Tədbirdən öncə qonaqlar ulu öndərin rayon icra hakimiyyətinin inzibati binasında ucaldılan büstü önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Festivalda münsiflər heyətinin seçim turları nəticəsində musiqi, ifaçılıq, rəqs, rəssamlıq və bədii qiraət üzrə 280-dən çox məktəbli arasında 145 şagird qalib seçilib. Qalib iştirakçılar müxtəlif nominasiyalar üzrə ifalarını nümayiş etdiriblər.

E. Allahverdiyev çıxışında qeyd edib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun tarixi onu dərindən dərk edənlər, həmin ağrılı günlərin dəhşətlərini yaşayanlar, hadisələri gözləri ilə görən insanlar üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və ona dayaq olan dahi insan – ulu öndər Heydər Əliyevdir.

Ulu Öndər Heydər Əliyev prezident İlham Əliyev haqqında demişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Həyat bu sözlərin nə qədər böyük bir həqiqət olduğunu bütün dünyaya göstərdi. Xalq yalnız inandığı sərkərdələrin ardınca könüllü gedir. 44 günlük Vətən müharibəsində olduğu kimi. Bu, bizim Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun xalqımıza bəxş etdiyi möhtəşəm tarixi Qələbəmiz və Zəfərimiz oldu.