Binəqədidə Vətən Müharibəsi şəhidləri yad edildi - Fotolar

bineqedide-veten-muharibesi-sehidleri-yad-edildi
Oxunma sayı: 1659

Binəqədi rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr- Anım Günü münasibətilə II Fəxri Xiyaban və rayon ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin xiyaban kompleksləri ziyarəti edilib.

"Qafqazinfo" xəbər verir ki, ziyarətdə Rayon İcra Hakimiyyəti Başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanları əməkdaşları və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Elxan Allahverdiyev açılış nitqi edərək bildirib: 

“17 il ərzində Azərbaycanın Silahlı Qüvvələrində aparılan islahatlar, Müzəffər Ali Baş Komandan İlham Əliyev ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Şəhidlərimizin ruhu qarşısında baş əyirik”.

Daha sonra çıxış edənlər Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaətindən, Azərbaycanın şanlı qələbəsindən danışıblar. Onlar bildirib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.