Bir atanın vəsiyyəti...

bir-atanin-vesiyyeti
Oxunma sayı: 2314


Vaxtilə bir-birinə qənim kəsilən iki adamı qol-qola, mehriban görmək gözəl hissdir. İnanırsan ki, pisliklər ilbiz kimi iz buraxsa da ölüb gedir...

***

Tay-tuşlarım “düşmən” sözünün mahiyyətini real həyatda Qarabağ döyüşləri zamanı bildi. Mən isə onlardan xeyli əvvəl bu sözün nəyi ehtiva etdiyini anlamışdım.

Bir evdə mehriban yaşayan gəlinin, qayınananın, qayınatanın, qayınların və baldızların bir-birinə münasibəti gözümüzün önündə dəyişdi. Mübahisə edərkən səsləri qonşuların hasarını aşıb məhəlləyə yayıldı əvvəlcə. Sonra gedib çıxdı məhkəməyə.

Səlmi adlı gəlin dağ çəkirdi ailəyə. İşi-peşəsi ailə üzvlərini bir-birinə qarşı qoymaqdı. Qayınanadan qayınataya, baldızdan qayına qeybət edir, bir tikə çörəklərini zəhərə döndərirdi binəvaların. Böyük baldızı Səadətə toy oldu həmin ərəfədə. Oğlan evinin gətirdiyi qır-qızılı oğurladı Səlmi. Açıb-ağartmadılar ki, eldən ayıbdı. Sonra Səlmi yol tapıb yaxın rəfiqəsini Səadətin əri ilə tanış elədi gizlicə. Günün birində baldız şələ-şüləsini də yığıb qayıtdı atası evinə ki, bəs ərim üstümə başqa arvad gətirib. Az keçmiş məlum oldu ki, “günü”sü Səlminin yaxın rəfiqəsiymiş.

Çox günah işlər gördü Səlmi sonra. Baldızının başına açmadığı oyun qalmadı. Yazıb oxucunu yormaq istəmirəm. Boşadılar onu. Sonrasından xəbərim olmadı.

***

Səadətgil mənim uzaq qohumumdu. İllər sonra bir ortaq qohumun məclisində rast gəldim onlara. İkisi ilə də görüşdüm. Onları belə mehriban görüm sevindim. İmkan tapıb Səadətlə bayırda bir az söhbət elədik. Özü başladı söhbətə: “Səlmi bizim başımıza çox oyunlar açdı. Məni boşatdırandan sonra iflic oldu atam. Rəhmətə getməmişdən öncə dedi ki, Səlmi nə vaxtsa sənin qapına çörəyə gələcək. Mənim xatirimə onu əliboş qaytarma. Həmin vaxt Səlmi atasının evindəydi. Kefi də sazıydı. Bizdən oğurladığı qızılları sonra qardaşları satıb içkiyə, qumara verdi. Valideynləri öləndən sonra da evi satıb onu saldılar çöllərə. Bir dəfə bizə gəldi Səlmi. Qapıda görəndə tanımadım. Dilənçi günündəydi. Acından ölürdü. Qalmağa yeri də yoxuydu. Heç kim qapısına qoymurdu. Mən onu qəbul elədim. Evimizdə yer verdim. Qucaq açdım ona. İndi bizdə yaşayır. Gördüyün kimi deyil. Xasiyyəti də dəyişib. Başqa adam olub... Atamın vəsiyyətinə əməl elədim, dedim, qoy ruhu şad olsun.”

***

O gün iranlı bir atanın fotosunu gördüm. Oğlunun qatilinin boğazından kəndiri öz əllərilə açdı. Qatil ayağına düşdü atanın...

Ardınca “Qorio ata”nı xatırladım.

Bir də Səadətin atası Məzahir kişini...