“Mingəçevirdə 16 saylı körpələr evi-uşaq bağçasında bir aya yaxındır, işıq yanmır”.
Bu şikayətlə “Qafqazinfo”ya bir qrup valideyn müraciət edib.
Onlar bildirib ki, uşaqlar hər gün qaranlıq otaqda oturur: “Uşaqların çay və yemək yeməsi üçün qızdırıcı yoxdur. Belə olan halda uşaqlarımızı bağçaya qoymağa çətinlik çəkirik. Problem artıq 1 aydan çoxdur, davam edir. Biz bununla bağlı aidiyyəti qurumlara müraciətlər də etmişik. Ancaq hələ ki, heç bir nəticə yoxdur”.
Məsələ ilə bağlı Mərkəzi-Aran Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan saytımıza cavab olaraq bildirildi ki, sözügedən bağçada elektrik təchizatı ilə bağlı yaranmış vəziyyətlə bağlı məlumat daxil olan kimi müəssisəyə yerində baxış keçirilib: “Mövcud vəziyyət Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən araşdırılıb. Bildiririk ki, cərəyan blokunda yaranmış nasazlıq elektrik təchizatında fasilələrə səbəb olub.
Məsələ ilə bağlı aidiyyəti quruma məlumat verilib. Hazırda məsələnin həlli istiqamətində müvafiq addımlar atılır, məktəbəqədər təhsil müəssisəsinə mütəxəssislər cəlb edilib. Bərpa işləri sürətləndirilib”.
***
Mərkəzi Aran Regional Təhsil İdarəsindən saytımıza verilən növbəti açıqlamada bildirilib ki, problem artıq aradan qaldırılıb: “Bir neçə gün öncə Mingəçevir şəhəri 16 saylı körpələr evi-uşaq bağçasında yaranmış vəziyyətlə bağlı məlumat daxil olan kimi müəssisəyə yerində baxış keçirilib, problemin operativ həlli məqsədilə bağçaya mütəxəssislər cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində problem aradan qaldırılıb və məktəbəqədər təhsil müəssisəsinin elektriklə təminatı bərpa edilib.
Qeyd etmək istərdik ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin edilməsi, yeni binaların inşası və mövcud binaların təmiri əsas prioritetlərdəndir.
2024-cü ildə 1 nömrəli körpələr evi-uşaq bağçasında təmir işləri həyata keçirilib. 2, 6, 9, 13, 19 və 20 nömrəli körpələr evi-uşaq bağçalarında isə hazırda bu proses davam etdirilir. 4 və 21 nömrəli körpələr evi-uşaq bağçalarında isə 2024-cü ildə əsaslı təmir işlərinin görülməsi nəzərdə tutulub”.
Fidan Etibar