Bu həftəsonu Heydər Əliyev Mərkəzinin həyətində və sərgi zallarında canlılıq hiss olunurdu. Buraya üz tutanlar arasında təkcə Bakı sakinləri deyil, şəhərin qonaqları – müxtəlif ölkələrdən gələn turistlər də var.
“Qafqazinfo” olaraq həftənin istirahət günündə Heydər Əliyev Mərkəzində müxtəlif ölkələrdən gəlmiş ziyarətçilərlə söhbət etdik, onların təəssüratlarını öyrəndik.
Həmkarları ilə birlikdə Hindistandan gələn həkim Subita Mukerci deyir ki, budəfəki səyahət üçün Azərbaycanı seçmək onların ən doğru qərarlarından biri olub: “Biz hər il fərqli ölkələrə gedirik. Bu dəfə isə bizim seçimimiz Azərbaycan oldu. Biz buranı çox bəyəndik. Burada Avropa və Asiyanın harmoniyası var. Burada ən çox sevdiyimiz insanların münasibəti, mehribanlığı oldu. Binaların dizaynı çox gözəldir. Hazırda olduğumuz muzey isə fərqli və izaholunmaz dərəcədə gözoxşayandır. Mənə elə gəlir ki, hər bir kəs heç olmasa, ömründə bir dəfə Azərbaycana gəlməlidir”.
Rəfiqəsi ilə birlikdə ölkəmizi kəşf edən türkiyəli Şule İz isə Azərbaycanın mədəni zənginliyinə vurulduğunu deyir: “Azərbaycana ilk dəfə gəlirəm. Buranın memarlıq üslubuna və mədəniyyətinə heyran qaldım. Heydər Əliyev Mərkəzində də Bakının mədəniyyəti çox gözəl təqdim edilib. Daha öncə Balkanlarda oldum, bura bir qədər Belqrada oxşayır. Amma Azərbaycanı daha çox bəyəndim”.
Mərkəzin daxilində yerləşən sərgi zalları zəngin məzmunu ilə hər zövqə xitab edir. Burada həm müasir incəsənət nümunələri, həm də milli dəyərləri əks etdirən eksponatlar təqdim olunur. Turistlər üçün bu bina təkcə sərgi məkanı deyil, həm də Azərbaycanın mədəniyyətinə açılan bir pəncərədir.
Heydər Əliyev Mərkəzinin təkcə daxili deyil, həyəti də ziyarətçilərin istirahət üçün üstünlük verdiyi məkanlardandır. Uşaqlar mərkəzin ətrafında oynayır, böyüklər isə şəkil çəkdirir. Şəhərin səs-küyündən uzaqlaşmaq istəyən, lakin həm də mərkəzə yaxın olmağı arzulayan yerli sakinlər və turistlər daha çox həftəsonları bura üz tuturlar.
Lamiyə Məmmədova
Foto-Video: Xəyal Vəlizadə



















Son xəbərlər
Son Xəbərlər