Peter Stoyanovun “Qafqazinfo”ya müsahibəsini təqdim edirik:
Cənab Stoyanov, Azərbaycan - Bolqarıstan münasibətlərini necə dəyərləndirirsiniz?
- Əlbəttə, yüksək qiymətləndirirəm. İki ölkə arasında dostluq münasibətləri həmişə mövcud olub və gələcəkdə də böyük uğurla davam edəcək. Xüsusən, Azərbaycan müstəqillik qazanandan sonra bu əlaqələr daha da sıxlaşıb. Odur ki, siyasi, iqtisadi, texniki, elmi və sözsüz ki, mədəni əlaqələlər sürətlə inkişaf edir. Bir faktı qeyd edim ki, III Qlobal Bakı Forumunda Bolqarıstanın indiki Prezidenti cənab Rosen Plevnelievin və iki sabiq prezindentin iştirakı iki ölkə arasındakı əməkdaşlıq münasibətlərinin bariz nümunəsidir.
- Bolqarıstan hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələr sırasındadır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Bəli, Bolqarıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu fikrimi hər zaman səsləndirmişəm, indi də söyləyirəm ki, münaqişəni sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıyam. Təbii ki, biz də öz növbəmizdə səylər göstərməliyik ki, məsələ sülh yolu ilə bitsin.
- Cənab Stoyanov, Siz ölkəmizə dəfələrlə səfər etmisiniz. Azərbaycan Sizdə nə kimi təəssüratlar yaradır?
- Biz anlaşma, ləyaqət, çoxmədəniyyətli və çoxmillətli dialoqun dəyərlərini təbliğ edirik. Multikulturalizm dəyərləri baxımından Azərbaycan yalnız qonşu dövlətlər və Avropa üçün deyil, bütün dünya dövlətləri üçün olduqca əhəmiyyətli ölkədir. Məlumdur ki, Azərbaycan İslam dövlətidir və eyni zamanda Avropa dəyərlərinə olduqca açıqdır. Müxtəlif etnik qruplar, fərqli dinlərə mənsub xalqlar burada davamlı olaraq sülh şəraitində yaşayır və bu Avropa üçün mühüm əhəmiyyət kəsb edir. 15 il əvvəl Avropanın bir hissəsində- keçmiş Yuqoslaviyanın ərazisində etnik münaqişə oldu. Bu baxımdan, Azərbaycan və ölkəyə rəhbərlik edən Prezident İlham Əliyevin rolu mühüm nümunədir. Multikulturalizmin, çoxmillətli dəyərlərin təbliği mühüm əhəmiyyət kəsb edir.
- Bildiyiniz kimi, Bolqarıstanın Qabrovo şəhəri ilə Azərbaycanın Şəki şəhəri qardaşlaşıb. Qavrovonun qardaş şəhərinə baş çəkmisinizmi? Ümumiyyətlə, Azərbaycanın bölgələrində olmusunuzmu?
- Əlbəttə olmuşam. Azərbaycan çox gözəl ölkədir. Dünyanın ən qədim kilsələrindən birinin mövcud olduğu Azərbaycanın Kiş kəndinə səfər etmişəm. Bu kənd məndə böyük təəssürat yaradıb. Eyni zamanda Azərbaycanın Şimal hissinə də baş çəkmişəm. Yalnız Bakı şəhərini deyil, Azərbaycanın digər şəhərlərini görmək istəyi mənim bu ölkə ilə yaxından maraqlanmağımdan irəli gəlir. Azərbaycanın təbiəti gözəl olduğu üçün bir daha həmin yerlərdə olmaq istərdim. Bəli, mən Qabrova və Şəkinin qardaşlaşmış şəhərlər olduğunu bilirəm. Şəkidə səfərdə olmuşam. Bu haqda danışmaq mənim üçün də çox maraqlıdır.
- Siz ölkəmizə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvü kimi Mərkəzin qısa zamandakı fəaliyyətini necə dəyərləndirirsiniz?
- Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilk növbədə dahi filosof və böyük şair Nizaminin mədəni irsinin təbliği, Azərbaycanın multikulturalizm dəyərlərinin və ölkə nailiyyətlərinin dünya ölkələrində tanıdılması baxımından olduqca böyük əhəmiyyətə malikdir. Cünki bu Mərkəz dünyada ən mühüm təşkilatlar sırasındadır.
- Yeri gəlmişkən, Bolqarıstanda dahi şairin yaradıcılığı nə dərəcədə təbliğ olunur?
- Bəli, mənim ölkəmdə Nizami Gəncəvinin ədəbi irsi təbliğ edilir. Bizim kitabxanalarda onun Bolqar dilinə tərcümə edilmiş əsərləri saxlanılır. Məsələn, “Leyli və Məcnun”, “Yeddi gözəl” və eyni zamanda “İskəndərnamə” əsərləri Bolqar dilinə tərcümə edilib.
- Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, Diasporla iş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə üç ildir ki, Bakıda dünya miqyaslı Forum keçirilir. Siz də bu forumlarda fəal iştirak edirsiniz. Bu görüşlərin, toplantılaran əhəmiyyəti haqqında fikirlərinizi bilmək maraqlı olardı.
- Keçmiş dövlət başçılarının, baş nazirlərin, siyasətçi və tədqiqatçıların bir araya gəldiyi bu forum bu gün dünyada gedən prosesləri müzakirə etmək üçün çox əhəmiyyətlidir. Qloballaşan dünyada paradoks mövcud olduqca biz bir-birimizi başa düşə bilmirik. Məsələn, Ukraynada baş verən hadisələr bizi təşvişə salır. Düşünürəm ki, qloballaşan dünyada birgə yaşamaq çox vacibdir. Dünyada proseslər dəyişdikcə biz bir sıra siyasi dillərdə danışmağa, müxtəlif siyasi yanaşmalar irəli sürməyə və fərqli fikirlər yürütməyə davam edirik…
Ülviyyə Heydərova