Bir də belə yandım

bir-de-bele-yandim
Oxunma sayı: 6711


Qış ayları olardı. Axşam çay süzmək istəyəndə sağ əlimin üstünü buxarda tamam yandırmışdım. Ağrı o dərəcə böyük idi ki, “əlini kəsim”- desələr, razı olardım. Bütün gecə əlim suda ağladım. Çox insana dedim. Bircə anamdan savayı. O da məndən çox yanacağını bildiyim üçün. Elə də oldu, on gün sonra rayona gedəndə əlimi görüb az qala özündən gedəcəkdi. Amma məni daha çox yandıran anamın o hayqırtısında ağır bir udqum ötürən atamın baxışları oldu. 

İndi də öz balaca dərdimin böyüklüyü yadıma düşdü o binanın qarşısında. Xatırladıqca aylar əvvəl atamın ağır udqumunu öz boğazımda hiss etdim. Gəl, gör ki, illər uzunu bu atalar necə boğulacaq, hər gün hansı udqumları ötürəcək. Nə üçün?! Heç nə üçün. Bax, bu “heç nə”nin özü elə ən ağırı, ən yaralısıdır. Şəhid ailələrinin heç olmayan yerdə quru bir təsəllisi var: balam vətən uğrunda getdi. Bəs bu fağırlar nə deyəcək? 3 yaşlı körpəm nə uğruna getdi? Vətənin gözəlliyi...

“Düz 2 il əvvəl bugünkü gündə həyatımdan bütün buludlar dağıldı, ömrümə günəş doğdu, Fərəhim oldu. Nə yaxşı ki, var oldun, varlığınla məni yaşatdın. Allah yolunu açıq, bəxtini gözəl, şansını bol eləsin. Analı, atalı böyü, gözəl qızım”. Aylar əvvəl bu sözləri deyən anaya ürəkləri söndürmək üçün veriləcək hər bir qəpik onun batan günəşinin ağrısını içində yenidən yandıracaq. İndi bu necə olsun? Bəlkə bir örtük də körpələrin solmuş, məsum gözəlliyinin üstünə çəkək, illər boyu közərtsin, yandırsın içimizi. 

Ailəlikcə yanğının qurbanı olan Ülkərlə eyni yaşlardayam. Hələ nə qədər planlarım, nə qədər arzularım var. Hisslərim qarışıqdır, ancaq onun ölümündə az da olsa sevindiyim an bilirsiz nədir? Heç olan arzuları ilə birlikdə anasını da özü ilə aparıb. Yoxsa, o ana dünənki yanğından daha çox yanardı övladlarının acısına. 

Əvvəllər söz düşəndə filan cür ölmək istəmərəm deyirdim. Amma indi fikirləşirəm ki, necə olur-olsun, bircə nə vaxtsa belə bir heçə qurban getməyim.