Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş 5,5 milyard manat pulu leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin məhkəməsi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə R. Vəliyev və M. Əliyev özlərini təqsirli bilmədiklərini deyiblər.
Rüfət Vəliyev ifadə verərək pulların köçürülməsindən məlumatsız olduğunu, sadəcə sənədlərə qol çəkdiyini deyib: “Mən taksi sürücüsü işləyirdim, bir dəfə də Türkiyə vətəndaşı Əlican adlı şəxs müştəri kimi maşınıma əyləşdi. Onunla beləcə tanış olduq, sonra da şəxsi sürücüsü kimi 700 manat maaşa işləməyə başladım. Əlican karqo işlədirdi, mənə də tapşırmışdı ki, pulları bank hesablarına köçürüm. Elə vaxt olub ki, bir banka nağd şəkildə 6 milyon pul aparıb hesaba qoymuşam. Həmin pullar Əlicanın idi, amma hardan əldə etdiyini bilmirəm. Mən sadəcə sənədlərə qol çəkirdim, pulu hansı yolla xaricə köçürdüklərini bilmirəm. Amma pulu bank hesabına qoymağa Malik Əliyev kömək edirdi”.
Proses fevralın 13-də davam etdiriləcək.
İttihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konversiya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb. Digər təqsirləndirilən Rüfət Vəliyev də oxşar əməllərlə cinayət yolu ilə əldə edilmiş 3 milyard manat pulu leqallaşdırıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər