Mənə elə gəlir ki, insan sahib olduğu hər şeyin haqqını verməlidir. Həm özünə, həm də başqalarına... Səhv etmirəmsə, dində buna zəkat deyirlər. Belə də ki, nə fərqi var? Dini olsun, dünyəvi olsun, ağlın yolu birdir. Deməyim o ki, bir sıra şeylər var, onları bilmək üçün filosof olmaq lazım deyil.
Bir neçə gün əvvəl keçmiş rəfiqələrimdən biriylə rastlaşdım. Bir zamanlar çox yaxın olsaq da, 5-6 il olar görüşmürdük. Təsadüfən qarşılaşdığımızdan bir- birimizi hazırlıqsız yaxaladıq, nəzakət xətrinə sünilik edə bilmədik. İkimiz də şaşırıb qalmışdıq. Görünür eyni şeyləri düşünmüşdük: “Necə dəyişib, xarab olub, ağıllı-başlı qocalıb!” Bir-birimizin itməkdə olan, bəlkə də artıq itən təravətinə təəssüflənə- təəssüflənə gedib bir kafedə oturduq və xeyli söhbətləşdik. Söhbət boyu bir fikir beynimi rahat buraxmadı. Xatırlamaq istəyirdim, görən, bu qız əvvəlcə də belə mənasızdı, yoxsa üstündən keçən illər həyata baxışını xurd-xəşil eləyib?! Özümü yaxşı tanıdığımdan bilirəm ki, 19-20 yaşımdan həyata baxışımda elə də ciddi dəyişiklik olmayıb. Sadəcə eyni xətt üzrə inkişaf gedib - demək olar. Nə vaxtsa bu qızla rəfiqəymişəmsə deməli, vaxtilə əməlli-başlı tolerant olmuşam. Bu arada özüm üçün bir şeyi də müəyyənləşdirmiş oldum. Ondan təsadüfən uzaqlaşmayıbmışam.
Kafedən çıxanda dilimi dinc durmadı, qızın bir gün evimizə gəlməsini xahiş etdim. Və bir axşamüstü qız bu patavasızlığımı mənə bağışlamayıb bizə gəldi. Xoş beş- on beş, ənənəvi olaraq qeybətlə zamanı məhv edib gecəni gətirdik. Danışmaqdan çıxmaq üzrə olan çənəmizi ovuşdura- ovuşdura yatmağa gedirdik. O, paltarını soyunanda mən güzgünün qarşısında makiyajımı təmizləyirdim. Qeyri-ixtiyari deməyəcəm, çünki, surətpərəst (şorgöz də demək olar –S.Y.) olduğumdan hər qadına diqqətlə baxmaq adətim var. Keçmiş rəfiqəmin büllur kimi əndamını xeyli süzdükdən sonra heyranlıqla (etiraf edim ki, bir az da qibtə hissiylə) gəlib uzandım yerimə. O da artıq yerindəydi. Maraqdan əməlli- başlı yuxum da qaçmışdı. 34 yaşı var. Yaşı üzünə xeyli qırış və solğunluq bağışlasa da, bədəncə sanki daha da gözəlləşmiş, daha da cazibədarlaşmışdı.
Əslində cavabını bilsəm də dözməyib soruşdum: - Sevgilin var? Görüşdüyünün olub-olmadığını nəzərdə tutduğumu anladı. - Yox. Belə də bilirdim. Bilmirəm, dindarlığındanmı (namaz qılandı), mühafizəkarlığındanmı, mentalitetçiliyindənmi həmişə qapalı və əks cinslərdən uzaq olub. Və əminəm ki, onun düşüncəsinə görə yalnız ailə qurduqdan sonra bir kişinin əlini tutmaq olar. Təbii, bunu müzakirə etmək mənə düşməz. Bu, onun şəxsi həyatı, şəxsi düşüncəsidi. Ali təhsilli, savadı, qanacağı yerində, yaxşı işi, özünə görə gözəlliyi, yetəri qədər yaraşığı, bəlli xarakteri olan, ətrafımızdakı subay oğlanların əl-əl gəzdiyi, valideynlərin oğlanları üçün hər yandan sorub-soraqladığı, “yıxılan evin dirəyi” bir qız... Niyə ailə qurmadığını soruşmamaq əldə deyil. Cavabı: “Məni daşıyacaq biri yoxdur. Bilirsən, məni alacaq kişi çox güclü olmalıdı...” Və bu kimi xeyli mənasız cümlələr. Elə ilk iki cümləsindən məni çoxdan yuxu tutmuşdu. Əminəm ki, azı yarım saat evliliklə bağlı fəlsəfə yapıb.
Səhər yeməyində, bir də gözəl əndamını xeyli süzüb dedim: “Bacı, özün də dindar adamsan. Günahdı, bu gözəlliyini qocaldıb məhv edəcəksən, özünə də yazıq olacaq, hansısa bir kişiyə də... Niyə bu gözəlliyindən zövq alıb, birini də özün kimi xoşbəxt etməyəsən?! O xoşbəxt ola biləcək cənab X yalnız həyat yoldaşın ola bilər deyirsənsə, xub, get ərə. Bu axmaq fikirləri də qafandan sil at. Sən kartof-soğan kisəsisən, daşsan, qumsan ki, kimsə daşıya?! Axı yan-yana, çiyin-çiyinə verib bərabər yaşamaq imkanı varkən niyə düşünürsən ki, ailədə güc savaşına çıxmalı, kimsə mütləq kiminsə belinə minməlidi? Özü də “minən” tərəf sən, daşıyan tərəfsə o bədbəxt olmalıdı? Niyə özünü qadın kimi yox, yük kimi görürsən, özünü belə dəyərləndiməklə sabah getdiyin o yazıq kişidən özünə qarşı daha nə sayğı gözləyə bilərsən?” Beləcə bir saatdan çox danışıb ömrünü yarılamış bu qıza anlatmaq istədim ki, çoxları kimi səni də aldadıblar.
Bizdəki bu evlilik mifini hansı gorbagor, nə vaxt, niyə uydurub, bilmirəm. Bildiyim tək şey var. Bu qızlar xəyallarında gələcək həyat yoldaşını supermen kimi yaradıblar. Atalarıyla, qardaşlarıyla, dostlarıyla, iş yoldaşlarıyla, bir sözlə, həyatlarında olan və ola biləcək kişilərlə heç bir münasibəti doğru-düzgün yaşamayıblar. Gözləyiblər ki, bir kişi gələcək, bunları alıb-aparıb yuxarıda sadaladığım bütün adamların bunların həyatındakı boşluğunu dolduracaq. İnana bilmirəm, bir kişini necə belə nağıl qəhrəmanına çevirmək olar. Bu boyda məsuliyyət artıq həqiqətən də yük deməkdi. Kimsə belə qocalmaqda olan xəyalpərəst qızlara başa salmalıdı ki, “evdə qalıb” təbiətin sizə bəxş etdiyi o möcüzəvi, eyni zamanda fani gözəlliyin haqqını vermək üçün zamanında hər kəslə münasibətləri normal qurmalı, evlənəcəyin kişini gözündə o boyda böyütməməlisən. Ki, evləndikdən sonra da xəyal qırıqlığına uğramayasan! Evlilik, sadəcə müəyyən qədər elektrik aldığın, eyni istiqamətə fərqli qafalarla da olsa baxa bildiyin biriylə, qazandığınız, haqq etdiyiniz, daha dəqiqi, yaratdığınız taleyi çiyin-çiyinə verib acısıyla-şiriniylə bölüşmək, yaşamaqdır. Bu qədər sadə...