Emin Səfərov
Atam Bakıya gələndən 8 il sonra maşın almışdı. Sevincimiz "VAZ 2106"ya "ceyran" deyəcək qədər idi. "Niva" matoru olması ilə öyünər, sürəti 100-ü keçəndə "canavardı e, canavar" deyərdik. Onda nə sürücülük vəsiqəm var idi, nə də maşını idarə etmək bacarığım.
Buna görə də, "ceyran"a həsrətlə baxırdım. Tez-tez atamdan Namiq Qaraçuxurlunun o vaxt dəbdə olan rəvayətinə qulaq asmaq bəhanəsi ilə maşının açarını alardım. İlk dəfə maşını işə salmaq həyəcanını yaşayan biri üçün avtomobilin mühərrikinin səsi adama ana laylası qədər doğma gəlirdi. Ukrayna dairəsinin ətrafında olan təlim maşınlarına hər dəfə 1 şirvan ödəyə-ödəyə axır ki, istəyimə çatdım. 18 yaşım tamam olan kimi də, sürücülük vəsiqəsi aldım.
Bu, bizim uşaqlığımızın romantikası, ən gözəl çağları idi. Xoşumuz gələn qıza yaxınlaşmağa cürət etməyib, ona baxanda yanağımızın qızardığı vaxtlar... Üzərindən 10 il keçib, sürücülük vəsiqəmin etibarlıq müddəti də sona çatıb. Sözsüz ki, ötən 10 ildə dəyişən təkcə Namiqin kasetinin forması deyil. Elə bir fərqli zamanda yaşayırıq ki, artıq bu romantika bəzi gənclərimiz üçün sadəcə, komediyadan ibarətdi. Hər gün müxtəlif baş rollarda gördüyüm bəzi gənclər isə bizim 18 yaşımızın çağları ilə müqayisə olunmaz dərəcəyə çatıb. Dünən canlı şahidi olduğum mənzərə isə hələ də gözümün önündən getməyib.
Nərdi yeni-yeni öyrənən dostum məni şəhərdəki kafelərin birinə dəvət etmişdi. Elə də "xodovoy" yer deyil, sakit məkandı. Oranı işlədən də Qarabağ müharibəsinin iştakçısıdı. Pensiyası ilə ərzaq alır, azsaylı müştərilərinə xidmət göstərir, beləcə dolanışığını çıxarır. Heç ofisiantı da yoxdu. 60 yaşlı ağsaqqala xanımı kömək edir.
Nərdin daşlarını ilə dostumla bir-birimizə qarşı taxta üzərində "müharibə" elan etdiyimiz vaxtda qapıdan 6 cavan uşaq girdi. Tiplərindən, davranışlarından avara olduqlarını anlamaq heç də çətin deyildi. Ağsaqqala "zakaz"larını verib, kabinetə keçdilər. Təxminən bir saatdan sonra gördük ki, kişi ora-bura qaçır.
Sən demə, bizim bu gənclər yeyib-içdikdən sonra hesabı ödəmədən bir-bir kafeni tərk ediblər. Pensiyası ilə ərzaq alıb, onlara xidmət edən ağsaqqalın üzündə sanki Qarabağ müharibəsinin nəticələri əks olunmuşdu. Bu ağır mənzərəyə xanımı da dözməyib, hönkür-hönkür ağladı. Vaxtı ilə müharibədə əlində silah tutan kişinin bu dəfə bir siqaret dənəsini əsəbdən barmaqlarının arasında saxlamağa gücü belə qalmamışdı.
48 manatlıq hesabı vicdanlarına yazdıranların geridə buraxdığı mənzərənin dəhşətindən onların "şot"unu dostum ödəyəndə ayıldım. Ağsaqqal pulu götürməyi özünə heç cür sığışdırmırdı. Ta ki, dostum "heç olmasa, gecə mən rahat yatım" deyənə qədər...
Bu, özlərini "bomba oğlan" hesab edənlərin geridə buraxdığı mənzərə idi. Ağlamaq dərəcəsinə çatan müharibə iştirakçısı və gözündən sel axan ana... Bir rəssamın belə, çəkə bilməyəcəyi porterti "qəhramanlar" bir butulka araq və sifariş etdiklərin kababın şişi ilə çizmişdilər.
Bu, nə yazıq ki, bizim indiki bəzi gənclərimizin üzüdü. Bizdən əvvəlki nəsil isə yoxdan bir bayraq yaratmışdı. "Bir kərə yüksələn bayraq, bir daha enməz" demişdi. Vətəni, torpağı, bizə əmanət etmişdi. Bu gün doğum günü olan cümhuriyyətimizin banisi Məmməd Əmin Rəsulzadə isə Azərbaycan gəncliyini heç belə görmək istəməzdi. Nə yazıq ki, bəzi "qaqaşlar" bir neçə saatlıq kef üçün, kimlərisə üzməyi, geridə gözü yaşlı insanları buraxmağı, "bir kərə yüksələn badə, bir daha enməz" deməyi özlərinə qəhrəmanlıq bilirlər...
Son xəbərlər
Son Xəbərlər