Bir kişinin faciəsi

bir-kisinin-faciesi
Oxunma sayı: 2630



Taleyi gətirmədi. Dözə bilmədi evində meydan sulayan səssizliyə. Yenidən ailə qurdu...

İkinci arvadı özündən xeyli cavan və təmkinli idi. Birincidə görmədiyi, amma görmək istədiyi bütün müsbət keyfiyyətlər ikincidə vardı. Necə deyərlər, doşab almışdı, bal çıxmışdı... Vəzifəsi böyüdükdən sonra birinci arvadından olan iki qızı ona daha çox bağlanmışdı. Qızlar tez-tez atalarını ziyarətə gəlir, birlikdə əvvəlkitək kinoya, teatra, restorana gedirdilər.

Vəzifəsi böyüdükcə ikinci arvadına diqqəti, qayğısı buxarlanıb yoxa çıxırdı sanki. Qızların saxta mehribanlığının dozası bir az da artdı. İkinci arvad bunları görür, hiss edir, amma ərinə bir kəlmə də demirdi. Ona övlad bəxş edə bilməməyin üzüntüsü ilə qol-boyun olmuşdu-içi də özünü yandırırdı, çölü də. Dəfələrlə çıxıb getmək istədiyini bildirsə də kişi imkan verməmişdi. El-obadan, mətbuatdan ayıb etmişdi, düşünmüşdü ki, bu yazıq ona həm arvaddır, həm də qulluqçu...

Yaş keçdikcə kişinin xarakteri çətinləşirdi. Bayramları qızları ilə birlikdə qeyd edirdi, xeyir işlərə onları aparırdı. Bayram axşamları talesiz qadın bəzədiyi süfrənin kənarında tək-tənha oturar, səhərə qədər ərini gözləyərdi. Əri isə qızlarına geninə-boluna pul xərcləməsinə baxmayaraq, ikinci arvadına heç nə almır, dustaq həyatı yaşadırdı.

Bədbəxt qadının taleyində bir də ərinə səhər obaşdan durub pəhriz yeməkləri hazırlamaq vardı.

Bir gün qızları kişinin bir fotosunu böyütdürüb gətirdilər. Asdılar divarın ən gözəgəlimli yerindən. Kişi sevindi. İkinci arvad kədərləndi-bilirdi ki, bu, saxta səmimiyyətdir. Sonra kişinin vəzifəsi bir az da böyüdü. Qızları əvvəlki şəkili çıxarıb bir az da böyüyünü asdılar.

Və başqa bir gün o, ikinci arvadından boşanmağa qərar verdi. Birinci arvadı öz hiyləsini qızlarının vasitəsilə həyata keçirmişdi.

Məhkəmənin qərarı ilə ev bölündü. Ev satılmalı, qadın bu cəhənnəm əzabından canını qurtarmalı idi. Kişi, bədbəxt qadının gətirdiyi cehizi də əlindən aldı. Yığmağa yer tapmadığı pullarını, var-dövlətini isə təbii ki, qızlarına vəsiyyət etmişdi.

Bir gün işdə halı pisləşir. Özünü boşadığı, məhkəmələrdə süründürdüyü ikinci arvadının yanına çatdırır. Qadın əvvəlkitək onun qulluğunda durur. Sonra qəfil kişinin səhhəti ağırlaşır, xəstəxanaya çatdırırlar və elə orda da keçinir. Qızları xəstəxanaya gedib atalarının meyitinə sahib çıxmazdan öncə evinə gəlirlər. Seyfi açırlar, olan-qalan pulunu, qızıllarını götürürlər. Əşyalarını eşələyirlər, pal-paltarını, televizoru, soyuducunu aparırlar. Qızlar çıxandan sonra qadın bomboş otağa baxır. Hər şeyi aparmışdılar. Təkcə

kişinin vəzifəsi böyüdükcə böyüdülən portretləri yerdəydi. Birinin gözünü isə kablukla tapdayıb deşmişdilər...