“Bir neçə deputatdan başqa heç kim ermənilərə diqqət yetirmədi”

bir-nece-deputatdan-basqa-hec-kim-ermenilere-diqqet-yetirmedi
Oxunma sayı: 3159

AŞPA-nın qış sessiyasında iştirak edən Milli Məclisin deputatı Erkin Qədirli sessiya müddətində müzakirə edilən məsələləri qısa şərh edib.

“Qafqazinfo”nun məlumatına görə, deputat qeyd edib ki, Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamənin icrası məsələsi üzv olduğu Hüquq Komitəsində yenidən baxılıb:

“Bu məsələnin gündəliyə salınmasının lehinə səs verdiyimi daha öncə yazmışdım. Komitənin iclasında məruzəçi bu məsələni Büroya göndərməyi təklif etdi. Komitədə buna kimsə etiraz etmədiyinə görə (səsvermə də olmadı), komitənin sədri məsələni Büroya göndərəcək”.

Deputat qeyd edib ki, Rusiya nümayəndə heyətinin səlahiyyətləri sorğulanmışdı və məsələyə plenar iclasda baxıldı:

“Səslərin çoxu Rusiyanın lehinə verildi və nümayəndə heyətinin səlahiyyətləri təsdiq olundu. Daha öncə yazdığım kimi, əvəzedici üzv olduğumdan qış sessiyasında səs vermək hüququm olmayıb, ancaq komitə iclaslarında səs verə bilirdim”.

Onun sözlərinə görə, ermənilərin sessiya müddətində təkliflərinin heç biri keçməyib: “Bir neçə Fransa və Yunanıstan deputatından başqa heç kim ermənilərin dediklərinə diqqət yetirmədi, onları dəstəkləmədi. Bir erməni deputatı hətta iclas otağının qarşısında etiraz aksiyası keçirdi. Ona da önəm verən olmadı. Rusiya-Ukrayna qarşıdurması daha çox müzakirə olundu. Ruslarla ukraynalılar bir-birinə qarşı etik qaydaları aşan sözlər deyirdilər.

Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasına dair məruzə qəbul olundu. Komitədə onun lehinə səs vermişəm. Təəssüf ki, ölkəmiz bu məsələdə ən pis durumda olanların sırasında hələ də qalır.

Ölkəmizin mənfi mənada adının çəkildiyi daha bir məruzə qəbul olundu. Söhbət QHT-lərə qarşı məhdudlaşdırıcı qaydalardan və təcrübələrdən gedir. Komitədə onun da lehinə səs verdim”.