“Bir o qalmışdı ki, qayınanam kişiliyimi əlimdən alsın”

bir-o-qalmisdi-ki-qayinanam-kisiliyimi-elimden-alsin
Oxunma sayı: 2349

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını öldürüb, arvadını bıçaqlamaqda təqsirləndirilən 26 yaşlı Cəsarət İsgəndərovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə baxış iclası baş tutub. 

C.İsgəndərov əməlindən peşman olduğunu deyib: “Allahdan bağışlanmağımı istəyirəm. Həyatın necə olacağını bilmək olmur. Səhvimdən çox peşmanam. Allah da məni bağışlamaz demək istəyirəm, amma sonra fikirləşirəm ki, bəlkə də bağışlayar”.

O bildirib ki, ailəsində hər şey qaydasında olub, yoldaşı Leyla ilə münasibətləri normal olub: “Biz çox xoşbəxt idik. Leylaya deyirdim, görəsən bizim kimi mehriban ailə varmı? O da deyirdi, bəlkə də yoxdur. Amma qayınanam həmişə bizim ailədə söz-söhbət yaradırdı. Dolanışığımız da yaxşı idi. Mən Leylaya demişdim ki, hara getsə, mənə xəbər eləsin. Amma qayınanam məndən xəbərsiz onu götürüb harasa aparırdı. Deyirdi, Cəsarət onsuz da işdən gec gəlir, bilməyəcək. Leyla hamilə olanda qayınanam onu aparıb evlərində saxlayırdı, mən də darıxırdım. Deyirdim, gəlin bizdə qalın, qayınanam icazə vermirdi. Artıq bıçaq sümüyə dirənmişdi, qayınanam məni saymırdı. Bir o qalmışdı ki, kişiliyimi də əlimdən alsın. 

Hadisə günü də çoxlu içki qəbul etmişdim, onlara zəng etdim. Qayınanam məni söyüb təhqir etdi, mən də əsəbiləşib evlərinə getdim. Orada nə etdiyimi xatırlamıram”.

Mərhumun qonşusu Abdulla Əliyev şahid qismində ifadə verərək deyib ki, “kömək edin!” qışqırtısını eşidib və hasardan həyətə keçib: “Qadın yerdə qan içində uzanmışdı, Cəsarət isə həmin vaxt yoldaşını bıçaqlayırdı. Mən onu tutub, bıçağı əlindən aldım".

Zərərçəkmiş Leyla İsgəndərova məhkəmədə iştirak etməyib. 

İttihama görə, hadisə Nərimanov rayonu, “Çermet” ərazisində baş verib. 51 yaşlı Fəhminə İsgəndərova əri ilə mübahisə edən qızı Leylanı evinə çağırıb. Bundan qəzəblənən kürəkən Cəsarət İsgəndərov onların evinə hücum edib. Fəhminə evin qapı və pəncərəsini bağladığı üçün Cəsarət damdan həyətə keçib. Onların hər ikisini bıçaqlayıb, Fəhminə hadisə yerində vəfat edib, Leylanın həyatını isə həkimlər xilas edib.

Murad Əhməd