Bir ovuc torpaq... -

bir-ovuc-torpaq-
Oxunma sayı: 11648


Torpaq haqqında çox danışmışıq, çox oxumuşuq. Bilirik ki, torpaq-vətəndi. Bilirik ki, onun uğrunda candan, qandan keçmək lazımdı. Bilirik ki, biz ondan yaranmışıq, ona da gedəcəyik. Üzərində ilk addımlarımızı atırıq, yetirdiyi məhsullarla qidalanırıq və s.

Əbədi bir mövzudu torpaq. Haqqında nə qədər danışsaq, yenə azdı.

***

İllər öncə qonşumuz Vəli kişi hasar çəkdirəndə həyətmizin torpağından bir metr necə deyərlər, oğurlayıb qatmışdı öz həyətinə. Biz xəbər tutanda geciydi. Atam təkcə bunu demişdi Vəli kişiyə: “Vəli kişi, əsas odur, öləndə bizi dəfn etməyə torpaq tapılsın.”Halallıq da vermişdi.

Vəli kişi dənizdə batdı. Heç meyiti də tapılmadı...

O vaxt torpağın nə demək olduğunu bir daha anladım.

***

“Vətən” deyirik ona. Şəhidlər veririk uğrunda. Şəhid məzarları onun nə qədər müqəddəs olduğunu sübut eləyir.

İşğal olunmuş yerlərin xiffətini çəkirik. Unuda bilmirik o yerləri. “Qarabağ” deyə-deyə dünyasını dəyişən nənə-babalarımız, ata-analarımız var. “Kaş öz torpağıma qayıdardım, bir ovuc külü qalsa belə, orda koma tikərdim, yaşayardım”-deyir didərgin soydaşlarımız... O yerlərə dönəcəklərinə ümid eləyirlər.

Kriminal xəbərlərdə eşidirik ki, torpaq üstə qardaş, qardaşı, qonşu, qonşunu qətlə yetirir. Mat qalırıq. Dəhşətə gəlirik...

***

Bir də dünən dərindən düşündüm torpaq haqda... Jurnalist Rasim Əliyev dəfn olunanda...

Sevgilisini qoynuna alan torpaqdan bir ovuc götürdü mərhumun nişanlısı Gülər xanım. Sıxdı əlində. Kədərli, yaşlı gözləri zilləndi məchulluğa. O məchulluqda xatirələr, ümidlər, xəyallar vardı. Toyları olacaqdı. Birlikdə çəkdirdkləri fotoları övladlarına göstərəcəkdilər. Xoşbəxtlik haqda ən gözəl arzulardı bunlar... Qismət olmadı. Toplumun harınlamış, qolunun zoruna güvənən, insan həyatı ilə top kimi oynayan cahilləri imkan vermədi.

Nələr demirdi o bir ovuc torpaq? Nələr anlatmırdı?

***

Nakam arzular, sevgilər gömülürsə bu qara torpağa... onun üzərində həmin arzuları, sevgiləri öldürən qatillərin gəzməsi günahdı...

“Qafqazinfo”