2 fevral tarixində bir qrup şəhid ailəsinin xanımları şəhidlərimizin xatirəsini yad etmək üçün bir araya toplanıblar.
“Qafqazinfo” xəbər verir ki, görüşdə ölkəmizdə gedən ictimai-siyasi proseslərdən söhbət açılıb, şəhid ailələri dövlət tərəfindən göstərilən qayğını dilə gətirmiş və parlament seçkilərində fəal olacaqlarını, layiqli namizədlərə səs verəcəkləri qeyd ediblər. Sonda Suraxanı rayon Şəhid Analarının Müdafiə Cəmiyyətinin bir qrup üzvü adından müraciət qəbul edilib:
“9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkilərində 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın Azərbaycanın ictimai-siyasi həyatındakı fəaliyyəti hamımıza məlumdur.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü kimi öz missiyasını ləyaqətlə yerinə yetirən Sevinc Fətəliyeva, nankor qonşularımızın illərdir davam edən təcavüzü nəticəsində Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərin bütün dünyaya çatdırılması və ədalətin bərqərar olunması üçün daima yüksək kürsülərdən çıxış edərək xalqımızın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırıb.
Bununla yanaşı o, bütün fəaliyyəti dövründə müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin, xüsusi diqqət və qayğıya ehtiyacı olan digər vətəndaşların həyat və məişət şəraiti ilə şəxsən maraqlanaraq onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməyib. Sevinc Fətəliyevanın şəhid analarına qarşı göstərdiyi qayğını isə xüsusi qeyd etmək istərdik. O nəinki bir millət vəkili, bir vətəndaş, hətta bir övlad kimi həmişə bizim yanımızda olub. Ona görə də əminliklə deyə bilərik ki, Sevinc Fətəliyeva yenidən Milli Məclisdə təmsil olunacağı halda xalqımızın layiqli nümayəndəsi kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların həyata keçirilməsində, əhalinin həyat səviyyəsinin rifah halının daha da yaxşılaşması istiqamətində qanunların qəbul olunmasında və ölkəmizin AŞPA-da bundan sonra da layiqincə təmsil edilməsində fəal iştirak edəcək.
Hörmətli seçicilər, hamılıqla Sevinc Fətəliyevaya səs verək!”.
Son xəbərlər
Son Xəbərlər