“İran İlham Əliyevi niyə təhdid edir?” - Təhlil, müsahibə

iran-ilham-eliyevi-niye-tehdid-edir-tehlil-musahibe-
Oxunma sayı: 717





Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə “Qafqazinfo”ya müsahibəsində son vaxtlar İranın yüksək vəzifəli şəxsləri və Ayətullahları tərəfindən Azərbaycana və ölkənin prezidenti İlham Əliyevə qarşı açıq təhdidləri şərh edib. Bu təhdidlərin haradan qaynaqlandığını açıqlayıb.

- İrada Azərbaycanla bağlı son dövrlər səslən bəyanatların mahiyyətində nə dayanır?
- İranın Azərbaycanı təhdid etməsinin başlıca səbəbi daxildə Azərbaycan türklərinin son illərdə xüsusilə aktiv mövqeyə çıxması, beynəlxalq aləmdə İran məsələsində Azərbaycanın tərəf kimi tanınmasıdır. Bilirsiniz ki, bundan əvvəl “İraq problemi”ni dünya siyasi masasının üzərinə çıxararkən kürdlər tərəf oldular. Bu gün də Cəlal Tələbani bildiyimiz kimi İraq prezidentidir və kürd muxtariyyəti də ciddi şəkildə, İraqın digər bölgələrindən fərqli olaraq, bu ölkədə əmin-amanlıq içərisində yeni bir düzən qurublar. Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. Həm daxildəki aktivlik, həm də beynəlxalq aləmdə BMT tərəfindən “bölünmüş xalq” statusunun alınması, ABŞ və AB-i tərəfindən azərbaycanlıların haqlarının tanınması, orada 30 milyondan artıq insanın milli haqlarının verilməməsi nəticə etibarı ilə İranla bağlı yeni situasiya yaradıb. Əgər əvvəllər İranda sadəcə rejim məsələsi müzakirə olunurdusa, ideoloji bir dövlətin qonşular, dünya üçün təhlükə yaratması bir problem idisə, indi həm də İranın daxilində vətəndaş azadlıqları və milli haqların verilmədiyi bir dövlət kimi tanınması, bu istiqamətdə azərbaycanlıların böyük çoxluq kimi hüquq və azadlıqları artıq müzakirə olunan məsələlərdəndir. Ona görə də İran daxilindəki problemləri əngəlləmək üçün Azərbaycan dövləti ilə təhdid dilində danışır. Bu həm daxili auditoriyaya ünvanlanmış mesajdır, yəni biz hətta müstəqil olan Azərbaycan dövlətini də təhdid edə bilərik, həm də İranla bağlı layihələrin içərisində gələcəkdə Azərbaycan tərəfinin yer almasının qarşısının alınmasına xidmət edir. Dünya Azərbaycanlılarının üçüncü qurultayı keçirildi. Prezident İlham Əliyev də qurultayda iştirak etdi. Artıq neçənci dəfədir ki, “40 milyondan artıq dünya azərbaycanlıları” adlı bir ifadə ciddi şəkildə bütün strukturlar tərəfindən səsləndirilir. Hər kəsə məlumdur ki, böyük çoxluq bu gün İran deyilən ərazidə yaşayan Azərbaycan türkləridir.

- Deməli bu bəyanatların mahiyyətində prezidentin həmin qurultayda və digər tədbirlərdə 50 milyonluq azərbaycanlıya müraciəti dayanır...
- Həm bayaq sadaladığım beynəlxalq şərtlər, həm də Azərbaycan dövlətinin rəsmi şəkildə İran daxilindəki azərbaycanlı çoxluğunu Azərbaycan türkləri kimi qəbul etməsi və onu “dünya azərbaycanlıları” adı altında ifadə etməsidir. Hər kəs bu gün İranın qonşularla təhdid dilində danışdığını başa düşüb ehtiyatlı mövqe tuta bilər. Lakin heç kəs oradakı Azərbaycan türklərinin nə özündən, nə də haqlarından keçəsi deyil. İran bilir ki, oradan mühacirət edən, siyasi rejimdən qaçan Azərbaycan türklərinin böyük əksəriyyəti diaspora adı altında Azərbaycana, onun problemlərinə bağlı şəkildə birgə fəaliyyət göstərirlər. Bu təbii ki, İranı narahat edir. İranda səslənən bəyanatların mahiyyəti İran ətrafında yeni yaranmış beynəlxalq situasiyalar, Azərbaycan türklərinin siyasi masa üzərinə tələb kimi çıxarılması və Azərbaycan daxilində səslənən bəyanatlardır. Bir məsələni də qeyd edim ki, bəzi dövlətlərdə, xüsusilə İranın mövcud durumunu və fəaliyyətini, təhlükəli mövqeyini qəbul etməyən dövlətlərdə Güney Azərbaycan mühacir hökumətinin rəmzi konsulluqlarının açılması məsələsi bu gün çox ciddi müzakirə mövzusudur və bu istiqamətdə ciddi danışıqlar gedir.

- Bu bəyanatlar prezident İlham Əliyevin anti-İran siyasəti yürütdüyü haqda fikir yarada bilərmi?
- Mən Azərbaycan prezidentinin xarici siyasət sahəsində hansısa anti-dövlət siyasi yürütdüyünü yox, Azərbaycanın maraqlarını nəzərdə aldığını düşünürəm. Bəzi dövlətlər Azərbaycanın maraqları, mənafeyi mütləq şəkildə müdafiə olunanda bunu öz dövlətlərinə qarşı anti-siyasət kimi qəbul edirlər. Azərbaycan bu gün öz maraqlarından çıxış edir.

- Bu sualı ona görə verdim ki, son bəyanatlarda birbaşa prezident təhdid edilib.
- Azərbaycan dövlətinin prezidentini təhdid edə bilməzlər. Azərbaycan prezidenti yaxşısı, pisi ilə, doğru - yanlış siyasəti ilə Azərbaycan xalqının və dövlətinin prezidentidir. Azərbaycan prezidentinə qarşı yönəlmiş hər hansı bir təhdid Azərbaycan xalqına və dövlətçiliyinə yönəlmişdir.

- Axı fakt odur ki, belə bir təhdid edilir...
- İranın bu gün yeritdiyi siyasət Azərbaycan prezidentinə təhdid deyil, bu dövlətə və xalqa təhdiddir. Xalqımız da İranın bu mövqeyinə qarşıdır.

- Axı İran İlham Əliyevin Amerikaya cavabını unutmamalıdır. Hər halda Azərbaycan prezidenti kifayət qədər rəsmi Tehrana sərf edən mövqe sərgiləmşidi.
- Əgər İran islam təəssübkeşi olsaydı, dini bir qardaşlarının hüquq və azadlıqlarını əllərindən almazdı, dini bir qardaşlarının torpaqları işğal altında olarkən mütəmadi o işğalı həyata keçirən anti-islam mövqeyində duran bir dövlətlə isti münasibətlər qurmazdı. Dinlərarası münasibətlərin tolerant olmasının tərəfdarıyam, lakin İran məhz islam aspektindən çıxış edirsə İranın islama heç bir aidiyyatı yoxdur. İslam təəssüf ki, İran üçün bir vasitədir. İslam kimi müqəddəs və humanist bir dini dünyada nüfuzdan salan İran kimi dövlətlərin ideoloji seçim edərək onu öz niyyətləri üçün istifadə etməsidir.

- Bu təhdidlər artıq davamlı şəkil alıb. Hər hansı bəyanat, nota, yaxud yüksək səviyyəli danışıqlar yolu ilə bunun qarşısını almaq olmaz?
- İran ətrafında ciddi proseslər gedir. İran bunun təhlükəsini hər an duyur və hər hansı bəyanatla bunun qarşısını almaq mümkün deyil. Bu məsələdə İranın mövqeyi Azərbaycan türklərini haqq və hüquqlarından məhrum etmək siyasətinə yönəlib. Hansısa danışıqlarla bunu həll etmək olmaz. Dünyada bu proses gedir. İran ətrafındakı bu prosesin tərəflərindən biri İrandan xaricdə yaşayan farslardırsa, digər tərəfi Azərbaycan türküdür. Mən özüm də bu proseslərdə fəal iştirak edirəm və çalışacağıq ki, digər dövlətlərdə Günay Azərbaycanın rəmzi konsulluqları açılsın.

- Belə çıxır ki, bu reaksiyalar İranın qorxu instinktinin nəticəsidir...
- Bəli, bu İranın tarixi ədalətin bərpa olunacağı günü gördüyündən xəbər verir. 1828-ci il Türkmənçay müqaviləsinin nəticələrinin sona yaxınlaşmasına işarə ola bilər. Bu bir mərhələnin başlanğıcıdır. Bu o demək deyil ki, Güney Azərbaycan dərhal müstəqil olsun, Quzey Azərbaycana birləşsin. Lakin proses başlayıbsa Azərbaycan tərəf kimi ilk dəfə beynəlxalq aləmdə tanınır ki, orada 30 milyon Azərbaycan türkü vardır ki, İran əhalisini yarısını təşkil edir və onların hüquqları pozulur.

Elbrus Ərud