Nərmin Dadaşova
Ölüm-itim xəbərindən pul qazanmaq necə məşəqqətlidir, bir bilsən oxucu dost. Özümə söz vermişəm, sosial durumumu düzəldər -düzəltməz , atacam bu işlərin daşını. Yazmaq üçün elə gözəl sözlər seçəcəm, elə işıqlı cümlələr quracam ki. Oxuduqca sənin də, mənim də içimizdə kəpənəklər uçuşacaq. Bu nə peşədir, Allah eşqinə, bir yerə toplaşan beş-on adam görən kimi, cumursan üstlərinə ki, nə olub? Nə baş verib? Kim ölüb? Kim vurub? Kim qaçıb? Təxminən bir saat öncə şahidi olduğum hadisədən dolayı hələ də ürəyim boğazımda döyünür.
Nahar fasiləsində bir-iki udum hava almaq üçün, iş yerimdən uzaqlaşdım. Bir az qabaqda toplanmış adamlar diqqətimi çəkdisə də, təcili yardım maşınını görüb yolumu dəyişdim. Yəqin kimisə gün vurub, huşunu itirib- deyə düşündüm. Dünyada ən arzulamadığım şey o vəziyyətə düşmüş insanın başının üstündəki qələbəlikdir. Birinin də əlindən bir iş gəlmir. Bacardıqları mikroblu əllərini yerlə yeksan olmuş adamın ağzına salıb dilini çıxarmaqdı ki, bu da düzgün deyil. Hadisə yerindən bir az aralanmışdım ki, təcili tibbi yardım maşınının da yerdə uzanmış adamdan uzaqlaşdığını gördüm. Çatmağı ilə yerindən tərpənməyi bir olan təcili tibbi yardım maşınının və içindəki soyuqqanlı ağxalatlıların hərəkətlərindən, daha doğrusu, hərəkətsizliyindən hadisənin nə yerdə olduğunu təxmin etdim.

50-55 yaşlarında olan kişi artıq keçinmişdi. Ağxalatlılar isə “day bizlik bir iş yoxdur” deyib, meyiti eləcə ortalıqda qoyub bir kənara çəkilmişdilər. Hadisə yerinə toplanmış adamlar isə hamısı eyni sözü deyir, həkimləri günahlandırırdılar. Çağırışa olduqca gec gələn tibb işçiləri isə gah yolun nasazlığından, gah da tıxacdan gileylənirdilər. Şəhərin göbəyində yerdə uzanıb qalmış ölümlə pəncələşən kiminsə atasının, kiminsə ərinin, kiminsə dayısının, kiminsə ən yaxşı dostunun, 40-50 dəqiqəyə yaxın vaxt ərzində təcili yardım maşınını gözləməsinə, daha doğrusu, gözləyə bilməyib ölməsinə nə ad verək, oxucu dost.
“Təcili yardım çatana qədər nəbzi vururdu. Gəlib heç bir müdaxilə etmədilər. Bu yerdəki adam onların ucbatından öldü” ağlaya-ağlaya deyirdi hadisə şahidlərindən biri. And içirdi, “Allaha and olsun, gec gəldilər, yaşayırdı...” Anda nə lüzum var dedim, öz-özümə. Bu tibb işçilərinə, onların vicdanlarına qurban verdiyimiz ilk adam deyil. Sonuncu da olmayacaq. Miqren ağrılarından itin zülmünü çəkən biri kimi, ayda bir neçə dəfə mənim də işim onlardan keçir. Ağrıdan üç- beş dəfə kliniki ölüm keçirirəm, gəlib çıxmırlar ki, çıxmırlar. Hər dəfə də düşünürəm, görəsən indi ağrıyan mənim başım yox, ürəyim olsaydı, necə olardı taleyim? Operatorlarından tutmuş, sürücülərinə qədər hamısına səmimi qəlbdən nifrətim var, oxucu dost, şair demiş "təpədən dırnağa hirs içindəyəm".

Bizim bizdən başqa kimsəmiz yoxdur. Hər işin altına veririk bu əyri-üyrü çiyinlərimizi. Gəlin bunun da öhdəsindən özümüz gələk. Ən azından ilk tibbi yardım zamanı nə etməli olduğumuzu öyrənək. Məsələn, o ölən adamı bəlkə də adi bir ürək massajı ilə, süni nəfəslə qaytara bilərdik həyata. Kimisə atasızlığın astanasından döndərərdik...
Bir qadın ağlaya-ağlaya “Heç olmasa bircə metr parça verin üstünə sərək” deyirdi həkimlərə. Yaxınlıqdakı mağazanı göstərib “gedin ordan alın” dedi təcili yardım maşının pəncərəsindən boylanan başqa bir qadın. Nə deyim, Tanrı vicdanınızı bol, səbrinizi az eləsin.
Ürəyinizdən müğayət olun.
Son xəbərlər
Son Xəbərlər